Neft Fondunda görüş

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov iyulun 21-də London Sitinin meri Alderman Yan Luderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fondun aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə qonaqlara ətraflı məlumat vermişdir.

Alderman Yan Luder Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri, suveren fondlar, ölkəmizdəki iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 4.