Beynəlxalq konfransda əməkdaşlığın
perspektivləri müzakirə
edilmişdir
İyulun 21-də
Bakıda Azərbaycan və Böyük Britaniyanın
işgüzar dairələrinin iştirakı ilə beynəlxalq
konfrans keçirilmişdir.
Konfransda hər iki
ölkənin bank və maliyyə sektorunun nümayəndələri
iştirak etmişlər. Azərbaycan Beynəlxalq Bankı
(ABB) idarə heyətinin sədri Cahangir Hacıyev konfransı
açaraq Böyük Britaniya şirkətlərinin Azərbaycanda
həyata keçirdiyi irimiqyaslı investisiya layihələrinin
ölkəmizin iqtisadi həyatındakı əhəmiyyətindən
danışmış, bu ölkənin bank sistemindəki təcrübənin
öyrənilməsinin mühümlüyünü
vurğulamışdır.
London şəhərinin
meri Alderman Yan Luder bu konfransın keçirilməsinin gələcəkdə
maliyyə sahəsindəki əməkdaşlığın
inkişafı üçün vacibliyini söyləmişdir:
"Bu konfrans nəinki bizim dünənimiz və
bugünümüz, həm də gələcəyimiz
haqqındadır. Görülmüş və görüləcək
işlər çoxdur". O bildirmişdir ki, Azərbaycan əsasən
neft-qaz ölkəsi olmasına baxmayaraq, başqa sahələr
də sərmayə yatırılması baxımından
çox cəlbedicidir. Hazırda Azərbaycanda 150-yə
yaxın Böyük Britaniya şirkəti fəaliyyət
göstərir. Enerji sektorunda Azərbaycanın xüsusi rolunu
xatırladan London meri başqa sahələrdə də eyni uğurun
əldə olunacağına əminliyini bildirmişdir.
Daha sonra London Fond
Birjasının Rusiya və MDB ölkələri üzrə
baş meneceri Con Edvards, ABB idarə heyəti sədrinin
müşaviri Faiq Məmmədov, Avropa Yenidənqurma və
İnkişaf Bankının nümayəndəsi Fransis Deley,
ölkəmizdə fəaliyyət göstərən müəssisə
və biznes qurumlarının rəhbərləri Azərbaycanın
bank və maliyyə sektoruna dair təqdimatlarla
çıxış etmişlər.
Konfransda Böyük
Britaniyanın ölkəmizdəki səfiri Karolin Braun,
İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin
nümayəndələri, yerli və xarici iş adamları
iştirak edirdilər.
Azərbaycan.- 2009.- 22 iyul.- S. 4.