"Azərbaycan Nabukko üzrə mühüm tərəfdaşdır"
Avropa
Komissiyasının Rusiyadakı nümayəndəliyinin rəhbəri
Mark Franko "Kommersant" qəzetinə müsahibəsində
bildirmişdir ki, Nabukko layihəsinin
reallaşdırılması Avropa İttifaqının qaz nəqli
mənbələrinin şaxələndirilməsi arzusundan irəli
gəlir. Əlbəttə, Rusiya əsas qaz nəql edən
ölkələrdən biridir, lakin Mərkəzi Asiya, Azərbaycan,
İraq kimi ölkələri də Avropa bazarına birbaşa
qoşmaq istərdik.
Nabukko sırf iqtisadi məntiqə
əsaslanır. Məqsəd təbii qaz mənbələrinin
şaxələndirilməsi üçün maksimum təchizatçılara
malik olmaqdır. Yəqin ki, Ukrayna və Rusiya arasında
baş vermiş yanvar hadisələri Nabukko üzrə
hökumətlərarası sazişin imzalanması prosesini bir
qədər sürətləndirmişdir. Böhran bu layihənin
vacibliyini göstərdi: təchizat mənbələri
azaldıqca, qaz təchizatında hər hansı fasilələr
daha kəskin hiss olunur.
Azərbaycanın bu
layihədə iştirakına toxunan M.Franko demişdir ki, Azərbaycan
Nabukko üzrə mühüm tərəfdaşdır. Gələcək
Transxəzər qaz kəməri, gözlənildiyi kimi, Nabukko
layihəsinin bir hissəsi olacaqdır. Xəzərin statusuna gəldikdə
isə, həmin məsələ vaxtı çatanda həll
ediləcəkdir.
Mərkəzi Asiya
ölkələri öz qazını Avropaya satmağa maraq
göstərir. Buna görə də biz bütün bu səyləri
birləşdirməliyik. Bundan başqa, Rusiya-Azərbaycan qaz
sazişi layihənin həyata keçirilməsinə əngəl
törətməyəcəkdir. Çünki "Qazprom"
Azərbaycanın bütün qazını deyil, bir hissəsini
almaq barədə razılıq əldə etmişdir. Yeri gəlmişkən,
əgər Bakı həm Rusiya və həm də
"Nabukko" ilə qarşılıqlı fəaliyyət
göstərərsə, bunda heç bir problem görmürəm.
AzərTAc
Azərbaycan.- 2009.- 22 iyul.- S. 5.