Konstitusiya Məhkəməsi plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Səyalı Möhüb qızı Teymurovanın məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Ə.Sultanovun məruzəsini, ərizəçi S.Teymurovanın və onun nümayəndəsi A.Əliyevin, cavab verən orqanın nümayəndəsi - Ali Məhkəmənin əməkdaşı R.Əkbərovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Səyalı Teymurovanın mənzildən çıxarılmasına dair mülki iş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 28 noyabr tarixli qətnaməsindən yeni açılmış hallar üzrə verilmiş ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 433, 437 və 438-ci maddələrinə uyğun olaraq baxılıb müvafiq qərarın qəbul edilməməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət hüququnun pozulması kimi qiymətləndirilsin. Səyalı Teymurovanın yuxarıda göstərilən qətnamədən yeni açılmış hallarla bağlı ərizəsinə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 6.