Yəqin hamı hiss
etmiş olar - insan yaşlaşdıqca sanki zamanın
ömrü qısalır. Bilmirsən problemlərin, qayğıların
çoxluğundandımı, yoxsa nədən,
gözünü açıb-yummamış günlər, həftələr,
aylar, illər başa çatır, qışın soyuğu
canından çıxmamış payız qapını kəsir.
Beləcə, yaşın üstünə yaş gəlir, hərənin
qismətinə yazılmış "ömür evi"ndən
bir daş da düşür.
İş yoldaşımız, həmkarımız Amil Novruzovun da "ömür evi"ndən növbəti - 50-ci "daş düşdü". Deyəsən, bir az kədərli oldu. Amma bu kədər, Allah eləməmiş, o kədərlərdən deyil. Baxmayaraq ki, Amil Novruzov 50 illik ömründə az kədərli günlər yaşamayıb. Doğulub boya-başa çatdığı Ağdamın, jurnalist kimi fəaliyyətə başladığı Kəlbəcərin, bütövlükdə Qarabağın işğalı, doğmalarının, qohum-əqrəbasının, dost-tanışlarının köçkünlük həyatı yaşamalarının şahidi olmaq və bunu içində dərd etmək Amilin həyatında ən kədərli anlardır. Amma nə edəsən, həyatdır. Bu həyatı sürətlə uçan quşa bənzətsək, onun bir qanadı şər, kədərdirsə, digəri xeyir və sevincdir. Və bu mənada iyulun 21-i Amilin həyatında sevincli gündür.
Amil Novruzov
peşəkar jurnalistdir. O, 1982-ci ildə indiki BDU-nun
jurnalistika fakültəsini bitirəndən bugünəcən
sevib-seçdiyi peşəsindən ayrılmayıb. Hətta
Amilin bioqrafiyası ilə
2005-ci ildən əməkdar mədəniyyət işçisi fəxri adını daşıyan Amil Novruzov bu gün müxbir kimi fəaliyyətə başladığı "Azərbaycan" qəzetində Baş redaktorun birinci müavinidir. Redaksiyada işığı ən gec sönən iş otaqlarından biri onunkudur. Çünki o, sözün məsuliyyətini dərk edir, onu vaxta qurban vermir. Bu iki amil onun işdə tutduğu vəzifəyə məsuliyyətini də artırır. Nəticədə A.Novruzovun redaktələri yerli-yerində olur, həm qəzetin siyasi xəttinə uyğun gəlir, həm də müəllifləri razı salır. Redaksiyanın yaradıcı işçiləri yaxşı bilirlər ki, yazıda Amillə "partizanlıq" etmək mümkün deyil. Axı Amil ilk baxışdan sakit təbiətli görünsə də, prinsipialdır. Jurnalistikada isə yerinə düşən prinsipiallıq əsas şərtlərdəndir. Bu cür prinsipiallıq A.Novruzovun qəzetimizdə müxbir və şöbə müdiri işləyərkən qələmə aldığı məqalələrdə də özünü göstərmişdir. Amma bu o demək deyil ki, Amil indi jurnalistliyini redaktə işinə, redaksiyanın digər yaradıcı fəaliyyətinə dəyişib, hərçənd bunun özü də sırf jurnalistikadır və yazı-pozudan daha çətindir. A.Novruzov fürsət düşən, vaxt tapan kimi müxtəlif mövzuları qələmə alır, necə deyərlər, gənc jurnalistlərə nümunə göstərir.
Bu nümunəvilik həm də Amilin ailəsinə aiddir. Köhnə dostlarının mülayim, sadə, təvazökar oğlan kimi tanıdıqları Amil bu gün 3 övlad atasıdır. Hər üçü ağıllı-kamallı, savadlı uşaqlardır. Uşaqdır deyəndə ki, ilkini Rəşid artıq nişanlıdır. Bu gün-sabah toyu olacaq. Deməli, Allah qoysa, Amil növbəti ad gününü baba kimi qarşılayacaq. Deməli, şair demişkən, "yaxşı günlər, xoş günlər hələ qarşımızdadır". Elə doğma Qarabağın işğaldan azad olunacağı gün də.
Azərbaycan.- 2009.- 22 iyul.- S. 6.