XIX əsrin ikinci
yarısında Azərbaycanın iki böyük parlaq şəxsiyyətinin,
Hacı Zeynalabdin Tağıyevlə Həsən bəy Zərdabinin
Təzəpir məscidi yaxınlığında qonşu
yaşaması və yaxın dostluğu sonralar
xalqımızın uğurlu bir qismətinə çevrildi. Tağıyevin
"maarifpərvər milyonçu və böyük
mesenat" olmasında da bu tale qisməti çox böyük
rol oynamışdır. Azərbaycanın siyasi-ictimai və mədəni
həyatında tərəqqi və inkişafa yol açmaq
üçün milyonlarını əsirgəməyən
böyük səxavət sahibi Hacı Zeynalabdin
Tağıyev həm Bakı Dumasının qlasnısı, həm
də demokratik cümhuriyyətin parlament üzvü kimi
bütün imkanlarını buna yönəldirdi.
Haqlı olaraq
"Kaspi" qəzeti ötən əsrin əvvəlindəki
saylarının birində yazırdı ki, "əgər
biz Tağıyevin xalqın maariflənməsi və milli mətbuatın
inkişafına himayədarlığından yazası olsaq,
onda gərək bir ay dərginin bütün nömrələrini
buna həsr edək".
1908-ci il 12 noyabr tarixli
"Tazə həyat" qəzetinə verdiyi müsahibədə
bu parlaq şəxsiyyət məramlarını belə
açıqlayırdı:
"Kasıb
olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən
başqa heç nə verə bilməyiblər, məndə
olan bütün yaxşı cəhətlər
üçün onlara - məhəbbət və nəvazişlərinə
borcluyam. Şübhəsiz, bu da Allah-taalanın iradəsi ilə
olub. Bütün işlərimlə yanaşı, fikrim-zikrim
xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna
görə gecə-gündüz əlləşirəm, məqsədə
çatmaq üçün çoxlu məktəb açmaq
lazımdır. Çoxlu kitab, məcmuə və qəzet
çap etdirib hər yerə - uzaq kəndlərə də
göndərilməlidir".
"Baku" qəzetinin
9 mart 1912-ci il tarixli nömrəsində Hacının
bütün Rusiyadakı şöhrətindən
danışan jurnalist yazırdı:
"Bütün Rusiya
Tağıyevi tanıyır. Yalnız Moskva, ya da Peterburqda
deyil, hər hansı yerə gəldikdə, orada söhbət
Qafqazdan, Bakıdan düşdükdə, sizə mütləq
deyəcəklər:
- "Hə, hə...
Tağıyev yaşayan yer".
Tağıyevin
Rusiyanın hər bucağında belə tanınması onun
milyonları sayəsindədirmi? Qətiyyən yox. Hacı
haqqında rəy söyləyənlər birinci növbədə
onun milyonları barədə deyil, insanpərvərliyi, xalqa əl
tutması haqqında ağızdolusu söhbət
açırlar. Tağıyev bütün Qafqaz müsəlmanlarının
fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə
çəkilir.
Adi bənna, savadsız
azərbaycanlı olan Tağıyev xalqın ən
aşağı təbəqələrindən
çıxaraq ucalmış böyük, parlaq, orijinal bir
şəxsiyyətdir. O, böyük kamal və enerji
sahibidir".
Tağıyev
yaxşı bilirdi ki, millətin tərəqqisi
üçün maarif, mədəniyyət, mətbuat, qəzet,
dərgi, məktəb, təhsil lazımdır. Maarif məşəlini
isə yalnız millətin öz vətəndaşları yandıra
bilər. Deməli, milli kadrlara böyük ehtiyac var idi. Qısa
vaxt ərzində şəxsi vəsaiti ilə Nəriman Nərimanovu,
Məşədi Əzizbəyovu, Əlimərdan bəy
Topçubaşovu, Qara bəy Qarabəylini, Behbud bəy
Cavanşiri, Lütvəli bəy Behbudovu, Mirzə Davud
Hüseynovu, Nəsib bəy Yusifbəylini, Maxac Daxadayevi, Mir Həsən
Vəzirovu, Xudadat bəy Məlikaslanovu, Ruhulla Axundovu, A.Mahmudbəyovu,
Şövkət Məmmədovanı və onlarla azərbaycanlı
gənci dünyanın başqa şəhərlərinə təhsil
almağa göndərir. Bakıda quberniya mərkəzində
texniki, kommersiya və ya peşə məktəblərinin
açılmasına iri məbləğdə pul
ayırıb həmin tədris ocaqlarının kabinet və
laboratoriyalarının yaradılmasını təşkil
edir. Bütün Şərqdə və imperiyada məşhur
olan Qızlar məktəbini tikdirir.
Təhsil
ocaqlarını dərs vəsaiti, kitablar, məktəb ləvazimatları
ilə təchiz etdirir. Şeyxülislam Əbdüssəlah
Axundzadənin "Tarizii-müqəddəs", Sultan Məcid
Qənizadənin "Əşşari Seyid Əzim
Şirvani" kitablarını, Nəriman Nərimanovun
"Nadir şah" dramını müxtəlif dillərdə
çap etdirir. Bundan başqa, Mahaçqala, Tiflis, Krım,
Sibir, Moskva, Odessa, Vladiqafqaz, Peterburq, Volqaboyu, Xarkov və
Rusiyanın başqa şəhərlərində ana dilində
məktəb açdırır və ora külli miqdarda vəsait
ödəyir.
Tağıyevin maarif sahəsindəki
xidmətlərinin coğrafiyası genişdir. Harada məktəb
açmaq, mətbəə almaq, qəzet nəşr etmək
lazım gəlirdisə, Tağıyev özünü ora
atır, mətbəə alır, qəzetlərə himayədarlıq
edir, hətta alınmış qəzetlərin abunə
haqqını da bəri başdan ödəyirdi.
Böyük mesenatın
ən çox maraq göstərdiyi istiqamətlərdən
biri də mətbuatın, xüsusən də ana dilində qəzet
və jurnalların nəşri idi. Çünki millətin bəsirət
gözünü açmaq, avamlığın, cəhalətin
bəlasından yaxa qurtarmağın yeganə yolu maarif və
mətbuat idi. Odur ki, hələ 1895-ci ildə o dövrün
pulu ilə çox baha - 57 min rubla "Kaspi" qəzetini
ermənilərdən və ruslardan zorla satın alaraq Azərbaycan
ziyalılarını başına yığır. Parisin
Sorbon Universitetindən yeni qayıdan Əhməd bəy
Ağaoğlu Şuşada "şkola"da dərs deyirdi. Hacı
Zeynalabdin 1897-ci ildə Əhməd bəyə Bakıya
köçməyi və "Kaspi" qəzetində işləməyi
təklif edir. Təklifi qəbul edən Ağaoğlu paytaxta
köçür. Bir müddət o, Əlimərdan bəy
Topçubaşovla birlikdə "Kaspi" qəzetinin
redaktorları və müəllifləri kimi
çıxış edirlər. Çox keçmədən
"Həyat", "İrşad" və "Tərəqqi"
qəzetləri də nəşr olunmağa başlayır. 1906-1907-ci
illərdə Hacının maliyyə dəstəyi ilə nəşr
olunan "Füyuzat" dərgisi Azərbaycanda böyük
bir ziyalı nəslini yetişdirir. Bu dərgi milli-ictimai fikir
tariximizə təkanverici təsir göstərir,
"Füyuzat" ədəbi məktəbini yaradır. "Tazə
həyat", "Tərəqqi", "Yeni füyuzat",
""Bəsirət", "Həqiqət",
"Şəlalə", "İqbal",
"Açıq söz", "Qurtuluş" kimi qəzetlər
bu məktəbin davamçıları olaraq fəaliyyət
göstərir. Tağıyev millətinin bircə addım da
qabağa getməsi üçün son quruşunu da xərcləməyə
hazır idi və bunu edirdi. "Füyuzat"a qədər
maliyyəçisi olduğu bir neçə qəzet və dərginin
naşirlərindən və "Füyuzat" ədəbi məktəbinin
ziyalılarından millətimiz uğrunda sonadək mübarizə
aparmağı təvəqqe edirdi. Arxiv sənədlərində
onun adı "Difai" partiyasının təsisçisi
kimi də çəkilir. Milli münaqişələr zəminində
müsəlman əhalinin xilası yönündə zəruri
tədbirlər görür, 1918-ci ilin mart
qırğını günlərində müsəlman
müdafiə dəstələrinin maddi təminatını və
talan olunmuş kəndlərə İrandan ərzaq gətirilməsini
təşkil edir. Çox təəssüf ki, məşum
mart günlərində "Tağıyev teatrı" və
"Kaspi" redaksiyası tamamilə yandırılır.
1906-1907-ci illərdə
"Dəbistan" uşaq jurnalı redaksiyasında işləmiş
Əliabbas Rzayev adlı bir təqaüdçü öz xatirələrində
yazır ki, bir dəfə Hacı "Dəbistan" jurnalının
redaksiyasına gələrək redaksiyanın vəziyyəti
ilə maraqlandı. Uşaqlar üçün jurnal nəşr
etməyin xeyrindən danışdı,
açdığı Qız məktəbi üçün
12 nüsxə, Bakının başqa məktəbləri
üçün də, hərəsinə bir neçə
nüsxə, cəmi 50 nüsxə abunə yazdırdı və
pulunu ödəmək üçün onun kontoruna getməyimi
tapşırdı. O, redaksiyanın maddi ehtiyac içində
olduğunu biləndən sonra maddi kömək göstərəcəyinə
söz verdi və sözünü yerinə yetirdi.
Tağıyevin mətbuata
himayədarlığı və sevgisi barədə Nəriman
Nərimanov 1900-cü ildə yazdığı
monoqrafiyasında maarifpərvər milyonçunu belə təsvir
edirdi:
"Cənab Hacı
hazırda 63 sinnində varsa da, ancaq çox diribaş
görünür, özü ortaboy, tökmə şəxsdir.
Hər bir əzası dürüst, üzündən əqlü
kəmalı məlum olunur. Səhər saat 10-dan ta 2-dək
qeyrətli Hacı kontorunda olub və arada məişət
işlərinə diqqət edir. Hər gün rus mirzəsi
rus lisanında məşhur qəzetləri oxuyur və arada
sual-cavab da olur. Sonra müsəlman mirzəsi İrandan,
Osmanlıdan, Hindistandan və Misirdən gələn türk,
fars və ərəb qəzetlərini oxuyur. Hacı çox
diqqət ilə qulaq asıb öz təsəvvürünü
söyləyir. Hacı politikaya, yəni siyasi məsələlərə
artıq diqqət edir. Hörmətli Hacının bu sinnində
qüvveyi hafizəsinin itiliyinə məəttəl
qalmalıdır. Gündə on qəzetəyə qədər
oxunur, sabahı hamısından xəbər verməyə
hazırdır. Hansı əhvalatın hansı qəzetdə
olmağını səhvsiz söylər. Bu səbəbə
görə cənab Hacı zəmani-hazırda siyasətdən,
mədəniyyətdən və mərifətdən söhbət
etməyə qadirdir. Mədəniyyətli şəxslər
Hacının elmlərdən və tarixdən xəbərdar
olmağına təəccüb edirlər. Xülqü-xasiyyəti
çox mülayim, özündən kiçiklərə həmişə
hörmət edən, dediyi bir sözü iki olmayan, verdiyi vədəyə
əməl edən, haqq sözdən qaçmayan,
günahkarın təqsirindən keçən, öz səhvini
gizlətməyən, qeybətdən ictinab edən, ürəyi
saf hissli bir zatdır. Hörmətli Hacı teatrı nəhayətdə
sevir; hər axşam öz lojasında əyləşib
artistlərin oyunlarına çox diqqətlə baxır.
Böyük hünərdir,
əzizim, insan öz sağlığında cəmiyyəti-xeyriyyəyə
bu qədər xərc etmək.
Əhli qələm
qardaşlarımız bunların millətə olan xidmətlərini
nəzərdən keçirib millət tarixinin səhifələrinə
yazarlar, tainki istiqbalda balalarımız oxuyub qəlbləri
şad olsun və gözləri açılsın. Bilsinlər
ki, bizdə millət qeyrətini çəkənlər
varmış. Düşünsünlər ki, hərçənd
bu şəxslər qəbri-bədayə köçüblər,
onunla belə, isimləri millətin dilində hörmətlə
zikr olunur".
Tağıyev insan şəxsiyyətinə
və insan ləyaqətinə həmişə ehtiramla
yanaşmışdır. İnsan qüruru, insan mənliyi
ondan ötrü nəcib və vacib bir keyfiyyət idi. "Baku"
qəzetinin 9 mart 1912-ci il nömrəsinə müsahibəsində
Paris şəhərindən yenicə qayıtmış
Hacı müxbirə qəribə bir əhvalat
danışmışdı:
"- Mən bir
faytonçudan danışacağam. Küçədə
faytonla keçirdim, qabaqda mənə sağa burulmaq
lazımdı. Faytonçu isə sola buruldu. Mən çətirin
ucu ilə onun kürəyinə toxunub dedim: sağa dön.
Nə olsa
yaxşıdır? Faytonçu qəzəblənmiş halda
yerə atılıb qollarını ölçə-ölçə
çığırmağa başladı.
- Ona nə oldu? - deyə
mən tərcüməçidən soruşdum.
- O qəzəblənib,
deyir ki, nə cəsarətlə siz çətirlə onun
kürəyinə toxunmusunuz, bununla onu təhqir etmisiniz.
Mən oradakı camaata
təəccüb qaldım və hər şeyi başa
düşdüm... Bizdə adamın lap boynunu da vursan, sənə
səcdə edəcək. Bizdə də belə camaat olandan
sonra başqa həyat olacaq".
Müxbir sonra əlavə
edərək yazırdı:
"Mən
ömrümdə bircə kitab da oxumayan, güc-bəla rusca
danışan dünənki fəhləyə, cizgilərlə
imza edən bu qocaya heyrətlə baxdım.
O mənə
Avropadakı kafe-şantanlar, teatrlar, şəhərlərin
gözəlliyi barədə deyil, məhz insan haqqında
danışırdı. O, azad və məğrur insanı
görmüş və duymuşdu. O dərindən nəfəs
alaraq təəssüflə bildirdi ki, bizdə belə məğrur
və azad adamlar yoxdur".
Azərbaycan XX
yüzilin sonunda müstəqilliyini ikinci dəfə bərpa
edəndən sonra 70 il Sovet imperiyası tərəfindən
Tağıyev xeyirxahlığının üstündən
çəkilmiş qara qələmin siyah qadağaları da
aradan qalxdı.
Hacının bir zamanlar
Avropada müşahidə etdiyi insan hüquq və
azadlıqlarına hörmət, haqların qorunması kimi ali
dəyərlər bu gün dövlətimizin və cəmiyyətimizin
əsas prioritet istiqamətlərindəndir.
İndi dövlətimizin rəhbəri də, mətbuat nümayəndələri, sadə xalq nümayəndələri də bu böyük və nurlu insanın xatirəsini böyük hörmət və ehtiramla anırlar. Şübhəsiz ki, Tağıyev adının əbədiləşməsində bütün fəaliyyəti boyu onları dəstəkləyən və himayə edən mətbuat nümayəndələrinin də rolu misilsizdir. Milli mətbuatımızın ilk yaradıcısı Həsən bəy Zərdabinin adı çəkilərkən şəxsi vəsaitinin böyük hissəsini xalqının savadlanmasına həsr etmiş milyonçu Hacı Zeynalabdin Tağıyevin xatirəsini anmamaq mümkün deyil. Çünki milli mətbuatımızı yaradan, onun inkişafına təkan verən tarixi şəxsiyyətlər hər bir media mənsubu üçün əzizdir. Ən azı ona görə ki, bu, mətbuatımızın tarixidir.
Mirvari RƏHİMZADƏ
Azərbaycan.- 2009.- 22
iyul.- S. 6.