Lerikdə bu il bol taxıl var

 

Üç-dörd il əvvələdək Lerikdə indiki qədər buğda olmurdu. Torpaq mülkiyyətçiləri pay torpağını əkib-becərməyə o qədər səy göstərmirdilər. Onları qınamaq da olmazdı. Yaxşı toxum tapmaq, torpağı şumlamaq, yetişdirilmiş məhsulu biçmək müşkül idi. Xüsusən dağlıq ərazidə şum biçin işləri mexanizatordan xüsusi qabiliyyət, cəsarət tələb edir. Elə buna görə burada torpağın şumlanması, zəmilərin biçilməsi aran rayonlarına nisbətən xeyli baha başa gəlir. Toxum səpini isə 100 faiz əl ilə aparılır. Odur ki, Lerik camaatı taxıl əkməkdənsə, bazar-dükandan hazır un almağı sərfəli bilirdi. Bakıdan, Sumqayıtdan, Lənkərandan rayona gələn mikroavtobusların yük yeri həmişə un tayları ilə dolu olardı.

Prezident İlham Əliyevin 2007-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına, buğda əkən fermer torpaq mülkiyyətçilərinə yanacaq motor yağları, güzəştli qaydada mineral gübrələr almaq üçün subsidiyaların verilməsi barədəki sərəncamları taxılçılığa marağı artırdı.

Kənddə yaşayanlar yenidən torpağa üz tutdular. Görülən tədbirlər, çəkilən zəhmət öz bəhrəsini verməyə başladı. 2008-ci ildə bütün növlər üzrə kənd təsərrüfatı məhsulları istehsalında artım yarandı. Keçən il yetişdirilən məhsulu satıb yaxşı gəlir əldə etdilər. Bu, onları ötən ilin payızında daha çox taxıl əkməyə ruhlandırdı. Payızda bu ilin yazında havaların əlverişli keçməsi, yağan yağışlar Lerikdə bol məhsulun ərsəyə gəlməsinə səbəb oldu. İndi rayondakı taxıl zəmilərində qızğın gedir. Hamı məhsulu optimal müddətdə yığmağa çalışır. Zəmilərin 10 faizində biçin başa çatdırılmışdır. Taxıl biçimində 10 kombayn işləyir. 3-ü "Aqrolizinq" ASC-nin rayon filialının, qalan 7-si isə özlərinindir.

Cəngəmiran kəndində taxıl biçininin gedişi ilə maraqlandıq. Hər ailəyə düşən torpaq sahəsi orta hesabla 70-80 sotluq təşkil etdiyindən bir ərazidə bir neçə nəfərin taxıl zəmisi yerləşir. Kombayn növbəlilik əsasında bir ailənin sahəsini biçəndən sonra qonşu sahəyə keçir. Hər kəs sahəsinin üstündə biçinə nəzarət edir. Zahid Qafarov 0,92 ha pay torpağına buğda əkib.

Məhsulun bu il bol olduğunu, gün-güzəranlarının yaxşılaşdığını bildirdi. Onun qonşuluğundakı Fədail Səmədov isə biçilmiş taxıl sahəsinin üstündəki küləşi bağlatdırırdı. Oğlanları Nurlan, Ruslan xalası oğlu Təyyar Qafarovla birlikdə bağlanan küləşi maşına yükləyirdilər. Fədail yığdıqları küləşin qışda, qarlı-şaxtalı havalarda kara gələcəyini, onu mal-qaraya verəcəklərini dedi. Digər torpaq mülkiyyətçisi Xanış Sultanov isə nadir hallarda sahələrin belə yüksək məhsul verdiyini söylədi. Bildirdi ki, il yağmurlu keçəndə məhsul da bol olur.

2008-ci ildə Lerikdə 2 min 155 hektar taxıl zəmisindən 4 min tondan çox buğda götürülmüş, hər hektarın məhsuldarlığı 18,7 sentner olmuşdur. Keçən il torpaq mülkiyyətçilərinə hektar hesabı ilə bütövlükdə 168 min 892 manat sybsidiya verilmişdir. Bundan ruhlanan əkinçilər 2008-ci ilin payızında 3 min 59 hektara buğda toxumu səpmişlər. Bu da əvvəlki ildəkindən 900 hektar çoxdur.

Cari ildə indiyə kimi kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılçılara 112 min 627 manat yardım verilmişdir. Bu il ikinci mərhələdə daha 136 min manatdan artıq dövlət vəsaitinin veriləcəyi nəzərdə tutulmuşdur. Həmin vəsaitlər yaxın günlərdə plastik kartlar vasitəsilə məhsul istehsalçılarına ödəniləcəkdir.

Daha yüksək məhsul əldə etmək məqsədilə torpaq mülkiyyətçiləri "Aqrolizinq" ASC-dən 70 faiz güzəştlə 10 ton superfosfat gübrəsi alaraq əkinaltı sahələrə vermişlər. Bundan əlavə, 2 nəfər fiziki-hüquqi şəxs 50 faiz güzəştli şərtlərlə 8 baş damazlıq qaramal almışdır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 22 iyul.- S. 7.