Qlobal iqtisadi böhran
göstərdi ki, Azərbaycanın seçdiyi yol uğurlu
və düzgün yoldur
Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclası keçirilmişdir
İyulun 22-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş geniş iclası
keçirilmişdir
Azərbaycan Prezidenti
İlham Əliyevin giriş nitqi
İyulun 22-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş geniş iclası keçirilmişdir.
Dövlətimizin
başçısı iclası giriş nitqi ilə
açdı.
Azərbaycan Prezidenti
İlham Əliyevin giriş nitqi
- Bugünkü iclasda
biz ilin altı ayının sosial-iqtisadi yekunlarını
müzakirə edəcəyik. Bildiyiniz kimi, bir ilə
yaxındır ki, dünyanı qlobal maliyyə və iqtisadi
böhran bürüyübdür. Keçən il altı
ayın yekunlarını müzakirə edərkən biz gələn
o böhranın ilkin görüntülərini, demək olar
ki, qeyd etmişdik. Görülən tədbirlər nəticəsində
və ümumiyyətlə, Azərbaycanda son illər
aparılan islahatlar nəticəsində biz nail ola bilmişik
ki, bu böhranın Azərbaycana təsiri minimum dərəcədə
hiss olunur. Azərbaycan iqtisadiyyatı uzun illər uğurla
inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və
bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya
bilmişdir.
Təxminən bir ilə
yaxındır ki, dünyanın əksər ölkələrində
ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə
iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci
yarısında ümumi daxili məhsul 3,6 faiz
artmışdır. Çox sevindiricidir ki, qeyri-neft sektorunda
artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl
göstəricidir və onu göstərir ki, bizim
iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin
gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə,
neft-qaz sektorunun inkişafı və bu sahədə
görülən işlər bizim iqtisadi
imkanlarımızı böyük dərəcədə
genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli
istifadə etdik və iqtisadiyyatımızın digər
sektorlarının inkişafı üçün əməli-praktik
işlər görülmüşdür.
İlin birinci
yarısında sosial məsələlərin həlli də
uğurla davam edir, bütün sosial proqramlar həyata
keçirilir. Məktəb, xəstəxana tikintisi, digər
sosial proqramlar icra edilir. Ünvanlı sosial yardımı alan
insanların sayı 800 minə çatmışdır və
orta hesabla hər bir ailəyə yüz manat yardım göstərilmişdir.
Bu da çox böyük məbləğdir və çətin
vəziyyətdə yaşayan soydaşlarımızın
sosial vəziyyətinin yaxşılaşdırılması
üçün Azərbaycan dövləti tərəfindən
görülən konkret tədbirdir.
Bu il inflyasiyanın səviyyəsi
çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil
etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1
faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya
insanların sosial vəziyyətinə təsir etməmişdir.
Əgər nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri
19 faiz artmışdır, onda görərik ki, real gəlirlər
təxminən 15-16 faiz təşkil edir. Orta əməkhaqqı
bu il təxminən 15 faiz artmışdır. Yəni
bütün bu rəqəmlər onu göstərir ki, Azərbaycan
iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan
iqtisadi islahatlar davam etdirilməlidir. Azərbaycan dövləti
bütün sosial məsələlərin həlli
üçün səmərəli işləyir və
insanların həyat səviyyəsinin
yaxşılaşdırılması, dünyada hökm
sürən böhrandan maksimum dərəcədə
müdafiəsi üçün hər şeyi edir.
Regionların
inkişafında ümidverici meyillər davam edir. Baxmayaraq ki, son beş il ərzində, demək olar,
işsizliyin böyük əksəriyyətini aradan
götürdük, bu məsələ ilə bağlı
konkret tədbirlər yenə də davam edir. Ötən
altı ayda Azərbaycanda 35 min yeni iş yerləri
açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi
başlanmışdır. Bu, böyük
və çox konkret proqramdır. Şübhə
etmirəm ki, proqramın icrası nəticəsində
2013-cü ilə qədər Azərbaycanın regionlarında
mövcud olan bütün problemlər öz həllini tapmalıdır.
Bu il
sahibkarlığın inkişafı üçün daha da
böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən
ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi
olaraq kənd təsərrüfatının inkişafı
üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da
deməliyəm ki, birinci altı ayda həm sənaye
istehsalı, həm də kənd təsərrüfatı sahəsində
artım müşahidə olunur. Yəni Azərbaycanda elə
bir sahə yoxdur ki, orada tənəzzül müşahidə
edilsin. Bir daha demək istəyirəm, bu onu göstərir ki,
Azərbaycan gələcəyə çox böyük
ümidlərlə baxır. İndiki vəziyyət çox
ürəkaçandır və şübhə etmirəm ki,
bizim uğurlu inkişafımız ilin sonuna qədər davam
edəcəkdir.
Biz enerji təhlükəsizliyi
məsələlərinin həlli ilə mütəmadi
qaydada məşğuluq və deyə bilərəm ki, bu sahədə
qarşıda duran bütün vəzifələr icra
edilmişdir. Azərbaycanda görülən tədbirlər nəticəsində
neft-qaz hasilatı ilbəil artır. Azərbaycan nəinki
neft, eyni zamanda, qaz ixracı ilə çox ciddi məşğuldur.
Biz, demək olar ki, bütün qonşu ölkələrə
qaz ixrac edirik və gələn ildən bu proqram tam şəkildə
təmin olunacaqdır. Eyni zamanda, ölkə əhalisini
keyfiyyətli qazla təmin etmək üçün əlavə
tədbirlər görülüb və əlavə
investisiyalar hesabına bu sahədə də çox ciddi irəliləyiş
olacaqdır. Biz, eyni zamanda elektrik enerjisinin ixracı ilə məşğuluq.
Baxmayaraq ki, bir neçə il bundan əvvəl Azərbaycan
elektrik enerjisini xaricdən idxal edirdi.
Bu gün biz yenə də
bütün qonşu ölkələrə elektrik enerjisi ixrac
edirik. Bu il istifadəyə veriləcək Sumqayıt və
Quba elektrik stansiyalarının fəaliyyəti nəticəsində
bu ixrac daha da böyük rəqəmlərlə
ölçüləcəkdir. Bu, həm Azərbaycanın
bölgədə mövqelərini möhkəmləndirir,
iqtisadi potensialını gücləndirir və həm də
onu göstərir ki, biz milli sərvətimiz olan neft və
qazdan səmərəli şəkildə istifadə edirik,
onları emal edirik. Həm bütün dünyaya xam neft, həm
də qonşu ölkələrə neft məhsulları ixrac
edilir. Baxmayaraq ki, Azərbaycan bu bölgədə, demək
olar, ən az neft-qaz hasil edən ölkədir, biz qonşu
ölkələrə emal olunmuş məhsullar ixrac edirik.
Eyni zamanda deyə bilərəm ki, elektrik enerjisinin ixracı
tarixi nailiyyətdir.
Nəqliyyat sektorunda
birinci altı ayda bütün nəzərdə tutulmuş
proqramlar icra edilmişdir. Azərbaycanın nəqliyyat
infrastrukturu - istər avtomobil yolları, istərsə də
hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu
yeniləşir, müasirləşir və bütün
dünya standartlarına cavab verir. Metro tikintisinə
böyük vəsait qoyulur. Bütün bunları biz ona
görə edirik ki, Azərbaycanın imkanlarını daha da
artıraq, insanların rahat yaşaması üçün əlavə
tədbirlər görək.
Bir sözlə, demək
olar ki, birinci altı ayda bütün nəzərdə
tutulmuş vəzifələr öz həllini tapıbdır.
Baxmayaraq ki, bir daha demək istəyirəm, dünyada
yaşanan böhran və eyni zamanda, neftin qiymətinin kəskin
şəkildə aşağı düşməsi nəticəsində
təbii olaraq bizim gəlirlərimiz azalıbdır. 2009-cu
ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində
nəzərdə tutulmuşdu.
Ancaq reallıq onu
göstərir ki, orta hesabla təxminən 40-50 dollar
civarındadır. Buna baxmayaraq, bizim kifayət
imkanlarımız var, resurslarımız var. Biz son illər ərzində
özümüzü böyük dərəcədə
gücləndirə bilmişik və belə olan halda, təbii
ki, Azərbaycan bu böhrandan da üzüağ
çıxacaqdır.
Ordu quruculuğu məsələlərinə
ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan
müharibə şəraitində yaşayır və belə
olan halda, ilk növbədə, bu məsələlərə ən
böyük diqqət göstərilməlidir. Keçən
ay ordu günü ərəfəsində keçirilmiş
genişmiqyaslı hərbi təlimlər bir daha bizim
gücümüzü göstərdi. Keçən il biz hərbi
parad keçirməklə öz hərbi texnikamızı
nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi
nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan
ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən
vəzifəni uğurla icra edə bilər. Bizim bütün
səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın
ərazi bütövlüyü bərpa olunsun,
işğalçı qüvvələr ölkəmizin zəbt
edilmiş torpaqlarından çıxarılsın.
Bildiyiniz kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı danışıqlar davam edir,
danışıqlarda bizim mövqeyimiz birmənalıdır,
dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq
normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş qətnamələr və qərarlar əsasında
qurulubdur və məsələ bu hüquqi müstəvidə
öz həllini tapa bilər. Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir, zəbt
olunmuş bütün torpaqlar işğalçılardan azad
edilməlidir.
Dağlıq
Qarabağdakı insanlar və oraya qayıdacaq azərbaycanlılar
muxtariyyət şəraitində yaşamalıdırlar. Budur
bizim prinsipial mövqeyimiz və bir daha demək istəyirəm
ki, bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır.
Ümid edirəm ki, əgər Ermənistan tərəfi real
vəziyyəti nəzərə alsa və Azərbaycanın
artan imkanlarını, - həm hərbi, həm iqtisadi, həm
siyasi, həm diplomatik uğurlarını, - təhlil edərək
nəzərə alsa, məsələ tezliklə öz həllini
tapa bilər. Biz, əlbəttə, çox istəyirik və
çalışırıq ki, nə qədər
mümkünsə, məsələ tez öz həllini
tapsın ki, bizim vətəndaşlarımız öz
doğma torpaqlarına qayıda bilsinlər. Ancaq bu
razılaşma birinci növbədə ədalətli
olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır
və Azərbaycanın ərazi bütövlüyü tam
şəkildə təmin edilməlidir. Hesab edirəm ki,
danışıqlar masasında mövcud olan təkliflər
bu məsələni dediyim şəkildə həll edə
bilər.
Biz növbəti
altı ayda da səmərəli işimizi davam etdirməliyik.
Azərbaycan həm iqtisadi sahədə, həm də beynəlxalq
müstəvidə öz mövqelərini möhkəmləndirməlidir.
Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş
kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız
uğurludur və qarşılıqlı maraqlar üzərində
qurulubdur. Biz bütün ölkələrlə münasibətlərimizi
qarşılıqlı maraqlar, qarşılıqlı
hörmət, bir-birimizin daxili işlərinə
qarışmamaq prinsipləri əsasında qururuq və əminəm
ki, bu, beynəlxalq əlaqələrdə yeganə
mümkün olan prinsipdir. Azərbaycanın gələcək
inkişaf perspektivləri çox müsbətdir. Bir daha demək
istəyirəm ki, biz öz işimizi sistemli, planlı şəkildə
aparırıq və belə olan halda, əlbəttə ki, istənilən
məsələ öz həllini tapa bilər.
İndi isə keçək
müzakirələrə və söz verilir maliyyə naziri
Samir Şərifova.
Qlobal iqtisadi böhran göstərdi ki,
Azərbaycanın seçdiyi yol uğurlu və düzgün
yoldur
Maliyyə naziri Samir
Şərifovun çıxışı
- Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
2009-cu ilin birinci
yarımilliyində Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafı 2008-ci ildə başlayan qlobal
maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında
yaratdığı mənfi fəsadları, ələlxüsus
qlobal ticarət dövriyyəsinin kəskin şəkildə
aşağı düşməsi, iqtisadiyyatın bank və
qeyri-bank kreditləşməsinin azalması fonunda baş
vermişdir.
Beynəlxalq Valyuta
Fondunun yenicə dərc etdiyi dünya iqtisadiyyatının
proqnozuna görə, 2009-cu ildə inkişaf etmiş ölkələrdə
ümumi daxili məhsul 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində
4,7 faiz, Asiyanın yeni industrial dövlətlərində 6
faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz
azalacaqdır.
Qlobal maliyyə-iqtisadi
böhran Azərbaycan iqtisadiyyatını da sınağa
çəkmişdir. Lakin əlverişsiz şəraitə
baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
göstərişləri əsasında görülən tədbirlər
nəticəsində və əvvəlki illərdə
yaradılmış möhkəm maliyyə-iqtisadi
potensialı hesabına ölkə iqtisadiyyatının
dayanıqlığı qorunub saxlanılmış, onun mənfi
xarici təsirlərə müqavimət qabiliyyəti
sınaqdan uğurla çıxmışdır.
Cari ilin altı ayı ərzində
Azərbaycan iqtisadiyyatının ardıcıl artımı
davam etmişdir və cənab Prezidentin qeyd etdiyi kimi,
ÜDM-in artımı 3,6 faiz təşkil etmişdir.
Beynəlxalq Valyuta
Fondunun 2009-cu ildə dünya iqtisadiyyatının 1,4 faiz
azalacağı proqnozu fonunda bu göstərici xüsusilə
təqdirəlayiqdir.
Burada onu da demək yerinə
düşər ki, son illər ərzində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında əldə edilən rekord inkişaf sürəti
ölkəmizin iqtisadi göstəricilərinin mütləq
ifadədə xeyli artmasına səbəb olmuşdur. Bu
baxımdan cari və gələcək dövrlərdə hər
artım faizinin kəmiyyət tutumunun əvvəlki illərin
göstəricilərinin tutumundan əhəmiyyətli dərəcədə
yüksək olması diqqətdən yayınmamalıdır.
2009-cu ildə
"Moody's Investor Service" və "Fitch Ratings" beynəlxalq
reytinq agentlikləri ölkəmizin növbəti kredit reytinq
qiymətləndirilməsini keçirmişlər və əvvəlki
illərdə təyin etdikləri kredit reytinqlərini
müvafiq olaraq Ba1 və BB+ səviyyələrində bir daha
təsdiqləmişlər.
"Standard&Poors"
reytinq agentliyi isə Azərbaycan Respublikasına digər
reytinq agentlikləri tərəfindən əvvəllər
daha əlverişli iqtisadi şəraitdə verilmiş kredit
reytinqləri səviyyəsində BB+ reytinqi ilk dəfə
qiymətləndirmə nəticəsində təyin
etmişdir ki, bu da ölkə iqtisadiyyatının
böyük imkanlarını və
dayanıqlığını nümayiş etdirir.
Eyni zamanda demək istərdim
ki, Azərbaycandan fərqli olaraq, 2008-ci ilin ortalarından indiyə
kimi həmin reytinq agentlikləri bir sıra MDB dövlətlərinin,
habelə Mərkəzi və Şərqi Avropa ölkələrinin
kredit reytinqlərini yenidən qiymətləndirərək
onları bir və ya iki pillə aşağı
endirmişdir.
Cari ilin altı
ayında dövlət büdcəsinin mədaxili 4 milyard 862
milyon manat və ya 93,4 faiz yerinə yetirilmişdir ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 52
milyon manat və ya 1,1 faiz çoxdur.
Vergilər Nazirliyi mədaxil
proqnozunu 80,8 faiz icra etməklə dövlət büdcəsinə
1 milyard 627 milyon manat vəsait daxil olmasını təmin
etmişdir. Həmin vəsaitin də 1 milyard 165 milyon
manatı qeyri-neft sektorundan daxilolmaların payına
düşür. Qeyri-neft sektoru üzrə 2008-ci ilin
müvafiq dövrünə nisbətən 119 milyon manat və
ya 11,4 faiz çox vəsait daxil olmuşdur.
Dövlət
Gömrük Komitəsi büdcə proqnozuna 100,1 faiz və ya
ötən ilin eyni dövrü ilə müqayisədə 76
milyon manat və yaxud 13,4 faiz çox əməl etmişdir.
Dövlət Neft Fondundan büdcəyə proqnozda nəzərdə
tutulduğundan 75 milyon manat və ya 3,1 faiz çox transfert
edilmişdir.
2009-cu ilin birinci
yarısında icmal büdcənin gəlirləri 5 milyard 865
milyon manat, xərcləri 5 milyard 144 milyon manat icra olunmuş,
icmal büdcədə 901 milyon manat profisit
yaranmışdır.
Hesabat dövründə
bütün əsas investisiya layihələrinin və
proqramların həyata keçirilməsi davam etdirilmiş, bu
məqsədə dövlət büdcəsindən 1 milyard
675 milyon manat vəsait yönəldilmişdir.
Həmin vəsaitlərdən
sosial-mədəni və məişət təyinatlı
obyektlərin tikintisinə və yenidən qurulmasına 124
milyon manat, o cümlədən təhsil müəssisələrinə
29 milyon manat, səhiyyə müəssisələrinə 9,4
milyon manat, mədəniyyət müəssisələrinə
32 milyon manat, idman müəssisələrinə 24 milyon manat,
sosial müdafiə və sosial təminat təyinatlı
müəssisələrə 24 milyon manat vəsait sərf
edilmişdir.
Əsas kommunal və nəqliyyat
infrastrukturlarının tikintisi və yenidən qurulması
üçün 1 milyard 84 milyon manat, o cümlədən
elektrik energetikası infrastrukturlarının tikintisi
üçün 168 milyon manat, regionların içməli su
və suvarma-drenaj infrastrukturlarının bərpası və
yenidən qurulması üçün 69 milyon manat, respublika əhəmiyyətli
avtomobil yollarının və yol infrastrukturunun tikintisi və
yenidən qurulmasına 731 milyon manat, Bakı Metropoliteninin
yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro
üçün avadanlığın alınmasına 47 milyon
manat vəsait yönəldilmişdir.
Cari ilin ötən
dövrü ərzində icmal büdcənin tərkib hissəsi
olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi
köçkünlər üçün yaşayış qəsəbələrinin
tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması,
Oğuz-Qəbələ-Bakı su kəməri,
Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata
keçirilməsi üçün 153 milyon manat vəsait sərf
edilmişdir.
Hesabat dövründə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra
vacib dövlət xərclərinin maliyyələşdirilməsinə
7,6 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən
büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin
maliyyələşdirilməsinə 65,4 milyon manat vəsait
istifadə olunmuşdur.
Möhtərəm cənab
Prezident!
Qlobal maliyyə-iqtisadi
böhranın Azərbaycan sahibkarlığına təsirinin
azaldılması ilə bağlı
tapşırığınıza uyğun olaraq,
sahibkarların rəqabət qabiliyyətinin qorunması,
onların birbaşa vergi yükünün azaldılması
istiqamətində hökumət tərəfindən təsirli
tədbirlər görülür.
Bu məqsədlə bir
neçə gün əvvəl imzaladığınız
qanuna uyğun olaraq, 2010-cu ildən fərdi sahibkarların gəlirinin
vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20
faizə, müəssisələrin mənfəət vergisinin
dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş
vergi ödəyicisi hüququ əldə etmək məqsədləri
üçün vergi tutulan əməliyyatların həcmi 90
min manatdan 150 min manatadək artırılmışdır. Əhalinin
vergi yükünün azaldılması məqsədi ilə
2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan
gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə
endirilmiş, ödənişli məktəbəqədər
müəssisələrin xidmətləri əlavə dəyər
vergisindən azad edilmişdir.
Qeyri-neft sektorunun
inkişafına dövlət qayğısının daha da
artırılması, sahibkarlığın dəstəklənməsi
siyasəti davam etdirilir.
Cari ilin altı
ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq
subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə
45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da
regionlarda 3400-ə yaxın yeni iş yerinin
açılmasına imkan yaradacaqdır.
Hesabat dövründə
dövlət büdcəsindən kənd təsərrüfatı
texnikasının və aqrokimyəvi maddələrin
alınması üçün "Aqrolizinq"
Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına kreditlərin verilməsi
üçün Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait
ayrılmışdır.
Möhtərəm
Prezident!
"Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, cari ilin yanvar ayından 2010-cu il
üçün dövlət və icmal büdcə layihələrinin
tərtibinə başlanılmışdır.
Büdcə layihələri
hazırlanarkən Sizin daim diqqətinizdə olan əhalinin
sosial vəziyyətinin
yaxşılaşdırılmasına, ələlxüsus aztəminatlı
təbəqənin sosial müdafiəsinin gücləndirilməsinə,
Azərbaycan dövlətinin inkişafı üçün
müəyyən etdiyiniz strateji xəttə uyğun olaraq
ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə,
iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin
olunmasına yönəlmiş dövlət
proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə
xüsusi diqqət yetirilir.
Eyni zamanda, 2010-cu ildə
dünya iqtisadiyyatının tənəzzüldən
çıxaraq yenidən artıma qədəm qoyması, beynəlxalq
ticarət dövriyyəsinin əvvəlki həcmdə, əsas
xammallar və enerji daşıyıcıları üzrə
qiymətlərin isə ədalətli qiymətlərə
yaxın səviyyələrdə bərpa olunması, beynəlxalq
maliyyə bazarlarının canlanması və kreditləşmə
imkanlarının artması kimi proqnozlaşdırılan
meyillərin də Azərbaycan iqtisadiyyatının gələnilki
inkişafına müsbət təsir edəcəyi və onun
daha yüksək sürətlə artması üçün
əlverişli zəmin yaradacağı barədə əminliklə
fikir söyləməyə əsas verir.
Çıxışımın
sonunda icazə verin, Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz
tapşırıqlar da nəzərə alınmaqla 2009-cu
büdcə ilinin layiqincə başa
çatdırılması və müəyyən etdiyiniz
inkişaf hədəflərinə nail olmaq üçün
Maliyyə Nazirliyinin kollektivi öz töhfəsini verəcək
və səylərini əsirgəməyəcəkdir.
Diqqətinizə görə
təşəkkür edirəm.
Kənd təsərrüfatı
naziri İsmət Abasovun çıxışı
- Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar
islahatların bu gün onun layiqli davamçısı, cənab
Prezident, Sizin tərəfinizdən uğurla həyata
keçirilməsi ölkənin aqrar sahəsinin
inkişafında və əhalinin ərzaq məhsullarına tələbatının
yerli istehsal hesabına ödənilməsində həlledici
rol oynayır.
Beynəlxalq iqtisadi
münasibətlərə və hüquqi normalara cavab verən
irimiqyaslı, xalqın milli maraqlarına əsaslanan məqsədyönlü
islahatların ardıcıllıqla həyata keçirilməsi
ölkəmizin qüdrətini və imicini daha da
artırmış, perspektiv inkişafa, xalqın maddi
rifahının durmadan yaxşılaşdırılmasına əlverişli
şərait yaratmışdır. Ölkə
başçısının rəhbərliyi ilə həyata
keçirilmiş məqsədyönlü tədbirlər
dünyada baş verən qlobal böhran şəraitində
iqtisadiyyatımızın digər sahələrində
olduğu kimi, kənd təsərrüfatı və ərzaq
məhsulları istehsalının da artımına imkan
vermişdir.
Kənd təsərrüfatı
bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər
baş vermiş, əsasən dənli, dənli-paxlalıların,
xüsusilə də buğdanın istehsalına diqqət
artırılmış, əkilmiş sahələrin
ümumi əkin sahəsinə görə xüsusi çəkisi
artaraq 2000-ci ildəki 51,7 faizdən 2008-ci ildə 81 faizə
çatmışdır. Kənd təsərrüfatı məhsulları
istehsalçılarına verilən yardımların, texnika və
gübrə alınmasına güzəştlərin nəticəsində
2009-cu ildə taxıl əkinlərinin sahəsi daha 215 min 400
hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara
çatdırılmış, o cümlədən
buğdanın əkin sahəsi 206 min 700 hektar
artırılaraq 810 min 700 hektar təşkil etmişdir.
Cari ilin iyul
ayının 20-nə olan vəziyyətə görə, 976
min 474 hektar və ya ümumi sahənin 89 faizi biçilmiş
və 2 milyon 557 min 33 ton məhsul
yığılmışdır. Həmin tarixə buğda əkinlərinin
713 min 532 hektarı və ya 88 faizi biçilmiş və 1
milyon 918 min 673 ton məhsul istehsal edilmişdir.
Möhtərəm cənab
Prezident!
Aqrar sahəyə
göstərdiyiniz gündəlik qayğı və dəstəyə
görə icazə verin, çoxminli fermer və sahibkarlar, kənddə
yaşayan bütün insanlar adından Sizə dərin minnətdarlığımızı
bildirim. Qürur hissi ilə yüksək diqqətinizə
çatdırıram ki, qarğıdalı da daxil olmaqla
2009-cu ildə taxıl istehsalının təxminən 3 milyon
ton, o cümlədən buğda istehsalının təxminən
2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə
tarixində taxılçılıq sahəsində ən
yüksək nəticə olmaqla yanaşı, 2008-ci ilə
nisbətən taxıl istehsalının təxminən 500 min
ton artmasını və əhalinin ərzaq buğdasına
olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini
təmin edəcəkdir.
Cari il iyulun 1-nə olan
məlumata görə, 66 min 200 hektar sahədə kartof, 79 min
900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə
bostan bitkiləri, 1200 hektar sahədə tütün və s. əkilmişdir.
İndiyədək 260 min ton kartof, 271 min 300 ton tərəvəz,
69 min 300 ton meyvə, 12 min ton bostan məhsulları, 24 ton
tütün, 259 ton yaşıl çay yarpağı
yığılmışdır. Məhsul
yığımı davam etdirilir.
Aqrar sahənin
inkişafına yönəldilmiş dövlət
proqramlarının müvəffəqiyyətlə həyata
keçirilməsi üçün ölkə rəhbərliyi
tərəfindən hərtərəfli əlverişli şərait
yaradılmış, torpaq istifadəçilərinə
mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi
və növü genişləndirilmiş, kənd təsərrüfatı
məhsulları istehsalçılarının traktor, kombayn,
digər kənd təsərrüfatı maşın və
avadanlıqları, toxum, gübrə və pestisidlərlə
təminatı yaxşılaşdırılmışdır.
İnsan
sağlamlığının qorunması və onların
bioloji tələbatının fasiləsiz olaraq ödənilməsi
üçün kənd əməkçiləri tərəfindən
istehsal edilmiş məhsulların, əsasən kartof, meyvə,
tərəvəz və bostan məhsullarının
saxlanılması, çeşidlənməsi,
qablaşdırılması, daşınması və ticarət
şəbəkələrinin fasiləsiz olaraq həmin məhsullarla
təchiz edilməsi olduqca böyük iqtisadi və sosial əhəmiyyət
kəsb edir. Aparılmış monitorinqlərin təhlili
göstərir ki, bu məhsullar istehlakçılara
çatanadək normadan xeyli artıq itkiyə məruz
qalır. Respublikada ərzaq məhsullarının, xüsusilə
meyvə-tərəvəz və kartofun istehsal həcminin əhalinin
tələbatından təxminən 2 dəfə artıq
olması bu məhsulların tədarükü, saxlanması və
satışının təşkilinin dövlət tərəfindən
dəstəklənməsinə ehtiyac yaratmışdır.
Bu, əhalinin ilboyu təzə meyvə-tərəvəzlə
təmin olunması ilə yanaşı, qiymətlərin tənzimlənməsini
həll edə bilər.
Dediyim kimi, cari ildə təxminən
3 milyon ton taxıl istehsalı, o cümlədən təxminən
2 milyon 200 min tondan artıq ərzaq buğdası istehsalı
gözlənilir. Yerlərdən verilmiş məlumatlara
görə, məhsul istehsalçılarında keçən
ildən hələ də satılmamış taxıl
qalır və bəzən onlar öz məhsullarını
maya dəyərindən aşağı qiymətə
satmağa məcbur olurlar. Bu il də yüksək məhsul
istehsal olunduğundan taxılın satışında müəyyən
problem yarana bilər ki, bu da taxıl istehsalının
artırılmasına və istehsalçıların
maraqlarına öz mənfi təsirini göstərə bilər.
Bunun üçün istehsal edilmiş taxılın bir hissəsinin
dövlət tərəfindən alınması məqsədəuyğun
olardı.
Möhtərəm cənab
Prezident!
Sizin sərəncamınızla
yaradılmış "Aqrolizinq" Açıq Səhmdar
Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi
və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı
kənd təsərrüfatında dönüş
yaratmışdır.
Torpaq mülkiyyətçilərinə
məxsus maşın-traktor parkında "Aqrolizinq"
ASC-nin 55 aqroservis filialı və 105 mexanikləşdirilmiş
dəstəsi tərəfindən texniki xidmət, təmir və
nizamlama işləri görülür, onlardan səmərəli
istifadə üsulları öyrədilir, tövsiyələr
verilir. Bunun nəticəsində respublikada maşın-traktor
parkından istifadə xeyli yüksəlmişdir.
Fəaliyyətə
başladığı 2005-ci ildən "Aqrolizinq" ASC tərəfindən
745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor,
132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı
kənd təsərrüfatı maşınları və
qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq
yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770
baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı
buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı
məhsulları istehsalçılarının istifadəsinə
verilmişdir.
2007-2009-cu illərdə
Gəncə avtomobil zavodundan 1190 ədəd "Belarus"
markalı traktor alınmışdır. Bu ilin sonunadək
daha 192 ədəd traktor alınacaqdır.
Hörmətli cənab
Prezident!
2009-cu il iyulun 21-də
imzaladığınız sərəncamlar kənd təsərrüfatı
məhsulları istehsalçıları tərəfindən
böyük ruh yüksəkliyi və rəğbətlə
qarşılanmışdır. İcazə verin, məhsul
istehsalçılarına göstərdiyiniz bu qayğı və
diqqətə görə respublikamızın aqrar sahəsində
çalışan bütün insanlar adından Sizə təşəkkürümüzü
və dərin minnətdarlığımızı bildirim.
Respublikada heyvandarlıq
sahəsi də dinamik inkişafdadır. "Damazlıq
haqqında", "Atçılıq haqqında"
qanunların qəbul edilməsi heyvandarlıq sahəsinin
inkişafının hüquqi bazasını
yaratmışdır.
Heyvandarlıq məhsullarının
artırılması və sahənin davamlı
inkişafının təmin edilməsi məqsədi ilə
ölkə Prezidentinin sərəncamına uyğun olaraq, 3
milyon manat dəyərində 770 baş simmental, şvis və
holştin-friz cinslərindən olan damazlıq heyvan
alınaraq 31 rayonda heyvandarlıqla məşğul olan şəxslərə
güzəştli şərtlərlə
satılmışdır. Hazırda respublikada maldarlıq,
qoyunçuluq və arıçılıq üzrə 142
özəl damazlıq təsərrüfatı fəaliyyət
göstərir.
Möhtərəm cənab
Prezident!
İqtisadiyyatın bu
vacib sahəsinin inkişafına göstərdiyiniz
qayğıya, xalqımızın ərzaq təhlükəsizliyinin
etibarlı təminatına, onların maddi-rifah halının
yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinizə
görə Sizə respublikanın aqrar-sənaye kompleksində
çalışan çoxminli fermer və sahibkarlar ordusu,
alim və mütəxəssislər adından bir daha dərin
minnətdarlığımızı bildiririk.
Sizi əmin edirik ki,
aqrar sahənin işçiləri bundan sonra da
respublikamızda ərzaq bolluğunun yaradılması
üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Diqqətinizə görə
təşəkkür edirəm.
Ekologiya və təbii
sərvətlər naziri Hüseynqulu Bağırovun
çıxışı
- Möhtərəm
Prezident!
Hörmətli iclas
iştirakçıları!
Ulu öndərimizin
öz xalqına əmanəti olan müstəqil Azərbaycan
möhkəm özül üzərində qurulmuşdur. Cənab
Prezident, Sizin mükəmməl strategiyanız, bu
strategiyanı həyata keçirmək üçün
apardığınız mücadilə, Sizə xas olan iradə,
qətiyyət və tələbkarlıq bu gün öz bəhrələrini
verməkdədir. Proseslərin Sizin nümayiş etdirdiyiniz dəqiq
təhlili və bu əsasda apardığınız dinamik
siyasət ölkəmizi başqalarının öhdəsindən
gələ bilmədiyi təhdidlərdən qoruyur.
Bunun nəticəsidir
ki, Azərbaycan bütün dünyanı lərzəyə
salan maliyyə böhranının öhdəsindən gəlir
və inkişafını davam etdirir. Məhz bu siyasətin nəticəsidir
ki, Azərbaycan getdikcə müasir, güclü, dinamik
dövlətə çevrilir. Bu baxımdan ekoloji sahəyə
ayırdığınız diqqət hətta beynəlxalq
miqyasda xüsusi maraq doğurur.
Sizin qarşımıza
qoyduğunuz tapşırıqların yerinə yetirilməsinə
gündəlik qayğı və diqqətiniz Azərbaycan
üçün tamamilə yeni layihələrin həyata
keçirilməsinə şərait yaradır.
Bilavasitə Sizin təşəbbüsünüzlə
başlanmış və getdikcə vüsət alan və
uğurlu proqrama çevrilən əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması layihəsi o qədər
səmərəli oldu ki, bununla bağlı
Bolqarıstanın paytaxtı Sofiya şəhərində BMT
baş katibinin su və sanitariya məsələləri
üzrə Məşvərətçi Şurasının
12-ci toplantısı çərçivəsində Nazirlər
Konfransında Azərbaycan əsas məruzə ilə
çıxış etməyə dəvət olundu. Azərbaycanın
bu sahədəki təcrübəsi
iştirakçıların marağına və müzakirələrinə
səbəb olmuşdur.
Möhtərəm
Prezident!
Sizin əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar sərəncamınıza
əsasən, Naxçıvan Muxtar Respublikası da daxil
olmaqla 12 rayonun 122 kəndində modul tipli sutəmizləyici
qurğular quraşdırılmış, nəticədə
224 min nəfər əhali Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən içməli su ilə təmin
olunmuşdur. Bu qurğulardan 36-sı 2009-cu ilin birinci
yarısında istifadəyə verilmişdir. Bu istiqamətdə
işlər davam edir. 2009-cu il üçün Sizin xüsusi
sərəncamınızla ayrılmış 12 milyon manat vəsait
hesabına hazırda 17 rayonun 63 kəndində modul tipli sutəmizləyici
qurğuların quraşdırılması işləri gedir.
Sizin bu sahədəki sərəncamlarınız
hazırda ümumilikdə 537 min nəfər əhalini əhatə
edir. Lakin bütövlükdə Kür və Araz
çaylarının sularından, habelə digər su mənbələrindən,
çaylardan istifadə edən və su ilə bağlı
problemləri olan hər bir kəsin keyfiyyətli içməli
su ilə təmin edilməsi barədə tapşırıq
vermisiniz ki, bu da 1 milyon adamı əhatə edəcəkdir.
Sizin
tapşırığınızla Xəzər sahilində
yerləşən və müvafiq su mənbəyi olmayan
yaşayış məntəqələrində əhalinin dəniz
suyunun şirinləşdirilməsi hesabına təmiz su ilə
təmin edilməsi, o cümlədən təsərrüfat məqsədləri
üçün istifadə olunması üzrə pilot layihə
də hazırlanır. Bu, bizə Xəzər dənizinin
imkanlarından istifadə edərək ölkəmizi gələcəkdə
su qıtlığı ilə bağlı təhlükələrdən
səmərəli surətdə mühafizə etmək
imkanları verəcəkdir.
Sizin təşəbbüsünüzlə
və tapşırığınızla həyata keçirilən
Xəzər dənizinin çirklənmədən
qorunması ilə bağlı uğurlu proqram çərçivəsində
2009-cu il ərzində Abşeron yarımadasında "Xəzər
dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nin
daha 6 stansiyası istifadəyə verilmiş, bununla da Mərdəkan,
Buzovna, Bilgəh, Nardaran, Pirşağı və Novxanıya qədər
sahilboyu ərazilərdə modul tipli təmizləyici
qurğular quraşdırılmış stansiyaların
sayı 16-ya çatdırılmışdır. Bu da gün ərzində
6140 kubmetr çirkab suyu təmizləməyə imkan verir. Həmin
yaşayış məntəqələrində kanalizasiya
şəbəkəsi yoxdur və çirkab sular istər-istəməz
həyətlərdəki quyulardan dəniz suyuna
qarışırdı. İndi isə həmin ərazilərdə
ekoloji mühit əhəmiyyətli dərəcədə
yaxşılaşmışdır.
Məhz bunun nəticəsidir
ki, müşahidələrimizə əsasən, sahillərdə
dəniz suyunun keyfiyyəti ilə bağlı baş
ağrısına çevrilmiş problem də bu ərazilərdə
həll olunmuşdur. Səhiyyə Nazirliyinin orqanları tərəfindən
aparılmış araşdırmalar da göstərir ki,
Pirallahıdan Novxanıyadək 86 km məsafədə dənizin
suyu son 20-25 ildə ilk dəfədir ki, tamamilə təmizdir.
Hörmətli cənab
Prezident!
Siz ətraf mühitlə
bağlı tədbirləri ardıcıl dəstəkləyərək
nəhəng yaşıllaşdırma təşəbbüsləri
ilə də çıxış etmisiniz. Sizin
tapşırığınızla artıq bir neçə
istiqamətdə bu işlər başlanmışdır və
uğurla davam etdirilir.
Ələt-Hacıqabul
magistral avtomobil yolu ətrafında 172 min ədəd ağac və
kol əkilmiş, müasir damcı suvarma sistemi
yaradılmış və nəticədə 90 faiz bitişə
nail olunmuşdur. Hətta bədbinlərin həmin ərazidə
ağac bitməyəcəyi barədə fikirlərinin əksinə
olaraq, indi cəmi bir il əvvəl əkilmiş bəzi
ağacların kölgəsində daldalanmaq
mümkündür. 2009-cu ilin altı ayında burada daha 2
hektar ərazidə yaşıllaşdırma işləri
aparılmış, bütün əkinlərə aqrotexniki
qulluq göstərilmişdir.
Eyni prinsiplərlə
Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava
Limanı yolu boyu 196 hektar ərazidə 230 min ədəd
ağac və kol əkilmişdir. Onların bir qismi xaricdən
gətirilən və bizim zeytun sahələrinin növ
çeşidini genişləndirmək üçün
istifadə olunan zeytun ağaclarıdır. Mürəkkəb
şəraitdə, neft məhsulları, yod və bromla
çirklənmiş torpaqlarda əkilmiş ağaclara
lazımi qulluq göstərilməsi sayəsində onların
80 faizdən çoxunun bitməsi müşahidə olunur.
Eyni zamanda, Əzizbəyov
dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava
Limanı yolu boyunca 22 hektar sahədə
yaşıllaşdırma işləri
aparılmışdır. Burada 10 hektarda dekorativ ağaclar əkilmiş,
32 hektar sahədə isə böyük
tikinti-quraşdırma işləri zamanı zədələnmiş
yaşıllıqda bərpa işləri
aparılmışdır.
Hər iki ərazidə
suvarma sistemləri yaradılmışdır. Bu məqsədlə
qazılmış 25 artezian quyusu ilə bərabər,
Bülbülə gölünün suyundan da istifadə
olunması suvarma suyu ilə bağlı problemi həll etməyə,
eyni zamanda gölün səviyyəsini də tənzimləməyə
imkan verir.
Ulu öndərimiz Heydər
Əliyevin qoyduğu gözəl ənənə - Bakı və
Abşeron yarımadasının başdan-başa
yaşıllaşdırılması bu gün də Sizin rəhbərliyiniz
altında davam etdirilir. Sizin qısa müddət ərzində
Bakıda və onun ətrafında 3 milyon ağacın əkilməsi
barədə təşəbbüsünüz də beynəlxalq
ekoloji ictimaiyyətdə ciddi marağa səbəb
olmuşdur. Bir sıra beynəlxalq ekoloji təşkilatlar da
bizim nazirliyə bu təşəbbüsə qoşulmaq
arzusunda olduqlarını bildirmişlər. Əslində, bu təşəbbüs
100 ildən çox müddətdə formalaşmış
Abşeron yaşıllıqlarının çox qısa
zamanda, demək olar ki, ikiqat artırılması deməkdir.
Bu məqsədlə Abşeron yarımadasının 11 ərazisində
yer seçilmiş, Zığ gölü ətrafının,
habelə keçmiş "Sədərək" və
"Binə" ticarət mərkəzlərinin yerinin
yaşıllaşdırılması layihələri
hazırlanmışdır.
Eyni zamanda,
Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava
Limanı yolu boyunca yaşıllığın genişləndirilməsi,
Binə-Zirə yolunun, Kürdəxanı və Səngəçal
qəsəbələrinin ətrafının
yaşıllaşdırılması layihələri də
hazırlanır və qısa zamanda başa
çatdırılacaqdır.
Meşələrin
mühafizəsi, bərpası, yeni meşəliklərin
salınması sahəsində də ciddi tədbirlər
görülməkdədir. Toxum tədarükü, əkin
materiallarının yetişdirilməsi, meşələrin bərpası,
yeni meşə massivlərinin yaradılması sahəsindəki
göstəricilər durmadan artır. Ümumilikdə,
2003-cü ildən bəri 58 min 964 hektar sahədə yeni
meşələr salınmışdır. Təkcə 2009-cu
ilin altı ayı ərzində, yəni yaz
mövsümündə 1383 hektar sahədə meşəbərpa
işləri aparılmış, 29 min hektar əraziyə
aqrotexniki qulluq göstərilmişdir.
Hörmətli cənab
Prezident!
Həyata keçirilməsi
çətin olan, texniki cəhətdən mürəkkəb,
lakin onilliklərlə gələcəyə yönəlmiş
və tapşırığınızla
reallaşdırılan layihələrdən biri də "Azərbaycan
Respublikasının yüksək dağlıq ərazisində
Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin
yaradılması" layihəsidir. Ümumiyyətlə, bu,
Azərbaycanda çağırış kimi, dövrün
qoyduğu çətinliklərə sinə gərmək kimi
səslənən bir çox layihələrin içində
kiçik görünsə də, maraqlı bir layihədir.
Bu layihənin icrası üçün
Şahdağ-Tufandağ ərazilərində, dəniz səviyyəsindən
3000 metr yüksəklikdə meteoroloji şəraitin və
buzlaqların dəqiq müşahidəsi, flora və
faunanın dərindən öyrənilməsi üzrə mərkəz
artıq inşa edilir. Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat
Elm Mərkəzinin tərkib hissəsi kimi, Tufandağın ən
uca nöqtəsində - 4192 metr yüksəklikdə və
Şahdağ zirvəsində - 4250 metr hündürlükdə
Avropada ən yüksək sayılacaq 2 kompleks avtomatik
meteoroloji stansiyanın quraşdırılmasına
hazırlıq işləri gedir. Eyni zamanda, ərazinin
müxtəlif nöqtələrində
quraşdırılacaq veb-kameralar sayəsində qiymətli məlumatlar
əldə etməklə bərabər, hər bir Azərbaycan
vətəndaşı internet vasitəsilə həmin əraziləri
canlı rejimdə görə biləcəkdir. Bütün
kompleksin avtonom rejimdə fasiləsiz fəaliyyətinin təmin
edilməsi üçün burada günəş və
külək generatorlarından istifadə olunacaqdır.
Cənab Prezident!
Apardığınız
siyasət nəticəsində təmin olunmuş yüksək
iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək
üçün nazirliyin tərkibində olan geologiya xidməti
axtarış-kəşfiyyat işlərində ciddi nəticələr
əldə etmişdir. Baş Qafqazın cənub yamacında,
Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikası ərazisində
aparılmış axtarış işləri nəticəsində
əlvan və nəcib metallar yataqları ilə bağlı
bir sıra perspektivli sahələr aşkar edilmişdir. Bu
yaxınlarda Sizin iştirakınızla istifadəyə
verilmiş Gədəbəy qızıl-mis emalı zavodunda
artıq 1000 unsiya qızıl saflaşdırılmaq
üçün hazırdır.
Bir neçə gün
bundan əvvəl isə son 5 ildə aparılmış
geoloji axtarış işləri nəticəsində yüksək
perspektivliyi ilə fərqlənən Göygöl filiz sahəsində
qızıl və gümüşün proqnoz
ehtiyatlarının hesablanması başa çatmış və
bu sahənin ölkəmizdə ən iri yataqlardan biri
olduğu aşkarlanmışdır.
Sonuncu iclasda
ağacların qırılması hallarının
qarşısının alınması ilə bağlı
tapşırığınıza ciddi reaksiya verilmiş,
yaşıllıqların mühafizəsində
dönüş yaradılmışdır. Təkcə son bir
neçə ayda bununla bağlı 390 akt və protokol tərtib
edilmiş, 30 icrası məcburi olan göstəriş
verilmış, 54 min manat cərimə tətbiq edilmişdir.
Bu müddətdə 31 min manat məbləğində iddia
qaldırılmış, 27 iş hüquq-mühafizə
orqanlarına göndərilmiş, 43 min manat məbləğində
90 iş məhkəmədə baxılmaq üçün
göndərilmişdir.
Möhtərəm cənab
Prezident, ətraf mühitin mühafizəsi sahəsində ulu
öndərimizin əsasını qoyduğu siyasətin bu
gün Sizin bilavasitə rəhbərliyinizlə uğurla davam
etdirilməsi, bu sahədə görülmüş
mühüm işlər, həyata keçirilən
ardıcıl tədbirlər ekologiya və ətraf mühitin
mühafizəsi sahəsində də yeni nailiyyətlərin əldə
edilməsi üçün şərait
yaratmışdır.
Cənab Prezident!
Çıxışımı
yekunlaşdıraraq, Sizi əmin etmək istərdim ki, ölkəmizin,
xalqımızın inkişafına yönəlmiş
bütün tapşırıqlarınız çoxminli
kollektivimiz tərəfindən bundan sonra da təxirə
salınmadan icra ediləcəkdir.
Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyevin
çıxışı
- Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
Dünyada baş verən
qlobal maliyyə-iqtisadi böhran şəraitində yola
saldığımız 2009-cu ilin birinci yarımilliyi ölkəmizdə
sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərlə
müşayiət olunmuşdur. Ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf
strategiyasının zati-alinizin bilavasitə rəhbərliyi ilə
müasir dövrün tələblərinə uyğun, məzmun
və keyfiyyətcə yeni mərhələdə uğurla
davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi
artım sürətinə görə layiqli mövqeyini
qoruyub saxlamaqdadır.
İnamla deyə bilərəm
ki, respublikamızın iqtisadi qüdrətinin
artırılmasında, dünya iqtisadiyyatına sürətlə
inteqrasiyasında gömrük siyasətinin də xüsusi
rolu vardır. Büdcə gəlirlərinin
formalaşmasında öz fəallığını daim
artıran gömrük orqanları əvvəlki illərdə
olduğu kimi, 2009-cu ilin birinci yarımilliyini də uğurla
başa vurmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq,
idxalda tətbiq edilən vergi və rüsumlar toplanaraq
dövlət büdcəsinə köçürülməsi
təmin olunmuşdur. 2009-cu ilin dövlət büdcəsi
haqqında Azərbaycan Respublikasının qanunu ilə cari
ilin ilk altı ayı üçün müəyyənləşdirilmiş
639 milyon manat büdcə proqnozuna qarşı 639,7 milyon manat
vəsait toplanaraq dövlət büdcəsinə
köçürülmüş, proqnoza 100,1 faiz əməl
olunmuşdur. Bu, 2008-ci ilin müvafiq dövrü ilə
müqayisədə 75,7 milyon manat və yaxud 13,4 faiz
çoxdur. Hesabat dövründəki uğurlar görülən
qabaqlayıcı tədbirlərin nəticəsində
mümkün olmuşdur.
Ötən dövr ərzində gömrük işi sahəsində
hüquqpozmalara qarşı mübarizə gücləndirilmiş,
1380-dən artıq hüquqpozma faktı aşkar edilərək
təqsirkar şəxslər barəsində müvafiq tədbirlər
görülmüşdür.
Ölkəmizin
gömrük sərhədindən bəşəri problem olan
narkotiklərin qanunsuz keçirilməsinin
qarşısını almaq, xüsusən Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli fərmanı ilə
təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqramın (2007-2012-ci illər
üçün)" icrasını təmin etmək məqsədi
ilə bu sahədə çalışan kadrların peşəkarlıq
səviyyəsi xeyli artırılmış, beynəlxalq əməkdaşlıq
və məlumat mübadiləsi genişləndirilmişdir.
Cari ilin ilk altı ayı ərzində gömrük
orqanları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə əlaqədar 29 fakt (ötən
ilin müvafiq dövrü ilə müqayisədə 4 fakt
çox) aşkar olunmuşdur. 178 kiloqram narkotik vasitə, o
cümlədən 47 kiloqram heroin aşkar edilmişdir.
Bütövlükdə isə ötən ilin müvafiq
dövrü ilə müqayisədə 8 kiloqram çox
narkotik və psixotrop maddə tutulmuşdur. Məlumat
üçün bildirmək istərdim ki, 2008-ci ildə
gömrük orqanları tərəfindən 356 kiloqram narkotik
və psixotrop maddə tutulmuşdur.
Həyata
keçirilmiş kompleks əməliyyat-axtarış və
istintaq tədbirləri nəticəsində Pakistan-İran-Azərbaycan
marşrutu ilə Çin və İtaliyaya daşınma
üzrə böyük bir narkokanal aşkar edilərək, 15
nəfərdən ibarət transmilli mütəşəkkil
cinayətkar qrup zərərsizləşdirilmişdir.
Hesabat dövründə
gömrük qaydaları əleyhinə inzibati xəta
faktları üzrə başlanmış 1305 işə
görə 346 hüquqi şəxs, o cümlədən 90
xarici hüquqi şəxs və 916 fiziki şəxs, o
cümlədən 417 xarici fiziki şəxs inzibati məsuliyyətə
cəlb olunmuş, 242 min manat cərimə sanksiyası tətbiq
edilmiş, 166 min manat dəyərində mallar müsadirə
olunmuşdur.
Zati-aliləri, ölkəmizdə
sahibkarlığın inkişafı, bu sahədə əsassız
müdaxilə hallarının qarşısının
alınması barədə verdiyiniz sərəncam və
göstərişlərin davamı olaraq Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqinə
dair ötən ilin noyabrında imzaladığınız fərman
xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır. Bu fərman dövlət sərhədindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılması zamanı süni maneələrin aradan
qaldırılmasında, idxal-ixrac əməliyyatlarının
müasir tələblərə uyğun aparılması
üçün əlverişli şəraitin
yaradılmasında mühüm rol oynayır. 2009-cu il yanvar
ayının 1-dən tətbiqinə başlanmış
"bir pəncərə" prinsipi üzrə vahid dövlət
orqanı səlahiyyətlərinin Dövlət Gömrük
Komitəsinə həvalə edilməsi zati-alinizin
gömrük orqanlarına göstərdiyi yüksək
etimadın bariz nümunəsidir.
Məlumat
üçün bildirmək istərdim ki, fərman dərc
edildikdən dərhal sonra Dövlət Gömrük Komitəsi
tərəfindən müvafiq dövlət qurumları ilə
birgə mövcud qanunvericilik və digər normativ hüquqi
aktlar işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim
edilmiş və müvafiq təsdiqini tapmışdır.
Hesabat dövründə sərhəd-keçid gömrük
orqanları "bir pəncərə" prinsipi əsasında
işlərini qurmaqla xüsusi proqram təminatı ilə fəaliyyət
göstərirlər.
Dövlət
Gömrük Komitəsi hesabat dövründə beynəlxalq
gömrük əməkdaşlığının genişləndirilməsi,
beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi
istiqamətində fəaliyyətini davam etdirmişdir.
Dünyanın bir çox qabaqcıl ölkələrinin
gömrük təşkilatları ilə əməkdaşlığa
və qarşılıqlı yardıma dair sənədlər
imzalanmış, böyük əhəmiyyət kəsb edən
beynəlxalq tədbirlərdə iştirak etmişik. Hesabat
dövründə Azərbaycanda iki beynəlxalq tədbir -
Bakıda MDB ölkələri Gömrük Xidməti Rəhbərləri
Şurasının hüquq-mühafizə bölmələri
başçıları komitəsinin ikinci iclası, Qəbələ
şəhərində gömrük xidməti rəhbərlərinin
iştirakı ilə 49-cu iclas keçirilmişdir.
2008-ci ildə ölkəmizin
Belçika Krallığındakı səfirliyi ilə birgə
Brüssel şəhərində "Azərbaycan
gömrüyünün tarixi təsviri sənətdə"
və "Azərbaycan gömrüyü: tarixi ənənələr
və müasirlik" adlı kitabların təqdimatı,
BMT-nin Cenevrə şəhərindəki bölməsinin qərargahında
isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə "Mədəni irsin keşiyində" mövzusunda
sərgi keçirilmişdir. Bunun davamı olaraq, 2009-cu ilin
aprel ayında Vatikan Dövlətində də həmin
kitabların təqdimatı və sərginin
açılışı keçirilmişdir.
Bu tədbirlərin
başlıca məqsədi Azərbaycanın tarixi və mədəniyyəti
ilə yanaşı, xalqımızın
tolerantlığı, ulu öndərimiz Heydər Əliyevin
qədim İpək yolunun bərpası istiqamətindəki
müstəsna xidmətləri, eyni zamanda ermənilərin XIX
əsrdə İrandan Azərbaycana köçürülməsinə
dair Rusiya arxivlərində saxlanılan gömrük sənədləri
barədə dünya ictimaiyyətinə müfəssəl məlumatların
çatdırılması idi.
Cari ilin may ayında
Norveç Krallığının Bergen şəhərində
keçirilən və 51 ölkənin təmsil olunduğu
Dünya Gömrük Təşkilatı Avropa regionu
gömrük xidmətləri rəhbərlərinin iştirak
etdiyi konfransda Avropa üzrə regional ofisin Azərbaycanda
açılması məsələsi
qaldırılmışdı. İyun ayında isə
Brüssel şəhərində - Dünya Gömrük Təşkilatının
baş qərargahında 174 ölkənin iştirakı ilə
Gömrük Əməkdaşlığı
Şurasının növbəti sessiyasında Dünya
Gömrük Təşkilatının Avropa üzrə yeganə
regional ofisinin Azərbaycanda açılması təklifi dəstəklənmiş
və ofisin Bakı şəhərində təsis edilməsi
barədə qərar qəbul olunmuşdur.
Hesabat dövründə
Gömrük Komitəsinin və yerli orqanlarının
maddi-texniki bazasının müasirləşdirilməsi
istiqamətində xeyli iş görülmüşdür.
Zati-alinizin göstərişi ilə əsaslı tikintisinə
başlanmış və beynəlxalq standartlara tam cavab verə
biləcək Biləsuvar, Astara, Samur, Mazımçay,
Sınıxkörpü sərhəd-keçid məntəqələrində
tikinti-quraşdırma işləri başa çatmaqdadır
və 2009-cu ildə onların istifadəyə verilməsi
üçün bütün zəruri tədbirlər
görülür.
Möhtərəm cənab
Prezident!
Hörmətli iclas
iştirakçıları!
2009-cu ilin birinci
yarısını uğurla başa vuran respublikanın
gömrük xidməti orqanları ilin sonuna qədər bu
meyli qoruyub saxlayacaqdır.
Sizi əmin etmək istərdim
ki, Dövlət Gömrük Komitəsi və onun yerli
orqanları öz işini Azərbaycan Respublikasının
gömrük qanunvericiliyinə uyğun quraraq ölkəmizin
iqtisadi müstəqilliyinin qorunması, gömrük xidmətinin
beynəlxalq standartlara uyğunlaşdırılması və
dünya gömrük xidməti sisteminə inteqrasiya
olunması istiqamətində görüləcək işlərlə
yanaşı, dövlət büdcəsi haqqında qanunla
müəyyən edilmiş yüksək büdcə
proqnozunun (1 milyard 300 milyon manat) ötən illərdə
olduğu kimi, bu il də yerinə yetirilməsini təmin edəcəkdir.
Diqqətinizə görə
sağ olun.
* * *
Prezident İlham Əliyev
iclasda yekun nitqi söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Bu ilin altı ayının
yekunları onu göstərir ki, Azərbaycanın əldə
edilmiş uğurları bizə istənilən çətin
vəziyyətdən şərəflə çıxmağa
imkan yaradır. Burada deyildi ki, son bir il ərzində
- keçən ilin ortalarından başlayaraq bugünə qədər
dünyada ciddi maliyyə və iqtisadi böhran hökm
sürür və ola bilsin ki, bundan sonra da hələ müəyyən
müddət davam etsin. Heç kim
heç bir proqnoz verə bilmir.
Bu böhran nəyi
göstərdi? Birincisi, qlobal maliyyə bazarlarında gedən
əməliyyatlar və dünyanın inkişafı ilə əlaqədar
səslənən müxtəlif fikirlər, tədbirlər
göstərir ki, dünyada iqtisadi vəziyyət nə qədər
həssasdır. Bir də onu göstərir
ki, dünyanın bütün ölkələri bir-birinə
bağlıdır. Baxmayaraq ki, inkişaf
etmiş ölkələrin maliyyə əməliyyatları nəticəsində,
demək olar, böhran bütün dünyanı
bürüyüb, hətta böhranın yaranmasında,
mövcudluğunda heç bir təsiri, iştirakı olmayan
ölkələr də bu böhrandan əziyyət çəkir.
Belə olan halda, hər bir ölkə öz
iqtisadi təhlükəsizliyi haqqında fikirləşməlidir.
Bizim üstünlüyümüz ondan ibarət
olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə
inteqrasiya etməklə yanaşı, eyni zamanda öz milli maraqlarımızı
heç vaxt unutmamışıq. Biz ancaq
o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi
sabitliyimizə problemlər yaratmasın. Hər
halda son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın
seçdiyi yol uğurlu və düzgün yoldur.
Bəzi hallarda Azərbaycanda
maliyyə sektorundakı müəyyən konservativ meyillər
beynəlxalq maliyyə qurumları tərəfindən tənqid
edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya
meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq
ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz
bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan
iqtisadiyyatı özünü təmin edən
iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz
xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin
neft-qaz yataqlarımız, əlverişli coğrafi
mövqeyimiz var. Artıq çox müasir və möhkəm
enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən
səmərəli istifadə etməklə
iqtisadiyyatımızı böyük dərəcədə
şaxələndirə bilmişik və Azərbaycanda
iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona
görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə
həmişə öz mövqeyimizdən
yanaşmışıq. Yenə də deyirəm, böhran onu
göstərdi ki, bu, düzgün seçimdir, düzgün
yoldur və əminəm ki, biz növbəti illərdə də
bu yolla gedəcəyik.
Eyni zamanda böhran onu
göstərdi ki, elə ölkələr var, onlar öz
hesabına yaşaya bilmir, başqa ölkələrin
yardımına möhtacdır və bu yardımları
alırlar. Bəzi hallarda beynəlxalq maliyyə
qurumlarından kreditlər şəklində yardımlar
alırlar. Ancaq o da həqiqətdir ki, bu kreditlər gec-tez
qaytarılmalıdır və bu yardımı edənlər də
müəyyən şərtlər irəli sürür. Azərbaycan
o nadir ölkələrdəndir ki, nəinki heç kimə
yardım üçün müraciət etməyib, eyni zamanda
bizə dəfələrlə başqa yerlərdən kreditlərin
verilməsi ilə əlaqədar müraciətlər daxil
olmuşdur.
Bizim iqtisadi vəziyyətimiz
sabitdir, sosial vəziyyət yaxşıdır. Baxmayaraq ki, təbii
olaraq gəlirlərimiz azalıb və neftin qiymətinin
aşağı düşməsi ilə bağlı müəyyən
investisiya layihələri bir az yubadılıb, ancaq biz
bütün sosial proqramları icra edirik. Çünki ən əsası
insanların sosial vəziyyətinin
yaxşılaşmasıdır. İlk növbədə,
bütün sosial proqramlar - pensiyalar, əməkhaqları,
ünvanlı sosial yardım proqramları icra edilməlidir.
Azərbaycanda
makroiqtisadi vəziyyət çox yaxşıdır. Qeyd
etdiyim kimi, inflyasiya cəmi 3,7 faiz təşkil edir. Manat
sabitdir. Başqa ölkələrdən fərqli olaraq, bizim
milli valyutamız devalvasiyaya uğramayıbdır. Bu da
çox önəmli iqtisadi və sosial göstəricidir.
Çünki bəzi ölkələrdə süni şəkildə
devalvasiya etməklə yerli istehsalçıların
imkanlarını təşviq etmək məqsədləri
güdülürdü. Biz də buna gedə bilərdik. Ancaq
nəzərə alsaq ki, ilk növbədə, insanların həyat
səviyyəsi haqqında düşünməliyik, biz buna
getmədik. Azərbaycan iqtisadiyyatı və milli valyutamız
sabit qalmaq üçün kifayət qədər
güclüdür və əminəm ki, gələcək
aylarda bu sahədə heç bir dəyişiklik
olmayacaqdır.
İqtisadi vəziyyət,
əlbəttə ki, təkcə makroiqtisadi göstəricilərlə
ölçülmür. Halbuki bu, ən önəmli göstəricidir.
Yenə demək istəyirəm ki, əhalinin pul gəlirləri,
orta əməkhaqqı 15-19 faiz artmaqla yanaşı,
inflyasiyanın 3,7 faiz səviyyəsində olması çox
gözəl göstəricidir. Əvvəlki illərdə
inflyasiya daha böyük rəqəmlərlə
ölçülürdü. Keçən il 20 faiz təşkil
edirdi. Düzdür, keçən il iqtisadi artım da daha
yüksək idi. Ancaq əminəm ki, növbəti illərdə,
uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı
daha da yüksək sürətlə artacaqdır.
Çünki bizim kifayət qədər maliyyə
resurslarımız var. Bu il və növbəti illər ərzində
infrastruktur layihələrinə sərmayələr qoyulur və
qoyulacaqdır, kreditləşmə siyasəti aparılır.
Eyni zamanda, Azərbaycan
Dövlət İnvestisiya Şirkətinin gələcək fəaliyyəti
nəticəsində ölkəmizə böyük həcmdə
xarici sərmayələr, daxili sərmayələr
qoyulacaqdır. Bu yaxınlarda imzalanmış yeni neft-qaz layihələri
üzrə əməli-praktik işlər gələn ildən
başlanacaqdır. "Şahdəniz" layihəsinin ikinci
mərhələsinin başlanması ilə bağlı
konkret tədbirlər görülür. Dünya miqyasında
bu böyük, nəhəng layihənin icrası nəticəsində
təkcə "Şahdəniz" qaz yatağına 20
milyard dollara yaxın vəsait qoyulacaqdır. Yəni
bütün bunlar real proqramlardır, real işlərdir. Biz
gündəlik fəaliyyətlə bu nəticələri təmin
edirik.
Əlbəttə ki,
neft-qaz sektorunda əldə edilən uğurlar çox
müsbətdir, bu barədə mən öz fikirlərimi
kifayət qədər bildirdim. Ancaq biz gələcəyə
baxmalıyıq. Biz öz enerji potensialımızı maksimum
səviyyədə realizə etməliyik. Xarici
investisiyaların cəlb edilməsi üçün Azərbaycanın
çox gözəl imkanları var. Biz özümüzü
etibarlı tərəfdaş kimi göstərdik və Azərbaycan
xarici investisiyalar üçün çox cəlbedici ölkədir.
Böhranla bağlı bir
daha demək istəyirəm ki, əlbəttə ki, o,
heç kimi sevindirə bilməz. Amma digər tərəfdən,
bu böhran bir həqiqət anı idi. Kimin nəyə qadir
olduğunu çox açıq şəkildə göstərdi.
İlk növbədə onu göstərdi ki, Azərbaycan
dövləti istənilən iqtisadi sınaqlardan şərəflə
çıxa bilər və bu iqtisadi sınaqlar Azərbaycan əhalisinə
heç bir təsir göstərməmişdir. Belə olan
halda, sosial proqramların davam etdirilməsi ilə bağlı
bütün lazımi tədbirlər görüləcəkdir.
Yoxsulluğun azaldılmasına dair bu vaxta qədər
görülən tədbirlər davam etdirilməlidir. Hələ
ki demək tezdir, ancaq mən hesab edirəm ki, Azərbaycanda
yoxsulluğun azaldılması meyilləri davam etdirilməlidir.
Sosial infrastrukturun yeniləşdirilməsi və tikintisi, xəstəxanaların,
məktəblərin tikintisi və s. ilə bağlı proqramlar,
büdcədə nəzərdə tutulmuş investisiya layihələri
icra olunmalıdır.
Bu gün kənd təsərrüfatı
naziri bildirdi ki, Azərbaycanın tarixində ilk dəfə
olaraq, biz özümüzü taxılla təmin edəcəyik.
Bu il
3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük
göstəricidir. Təkcə bir il ərzində
Azərbaycanda 500 min ton əlavə taxıl istehsal
olunacaqdır. 2,2 milyon ton buğda
istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin
əsas hissəsinin təmin edilməsinə xidmət göstərir.
Nəyin hesabına biz buna nail ola
bilmişik? Mütəmadi qaydada görülən
işlər, konkret proqramlar, regional inkişaf
proqramının, infrastruktur layihələrinin icrası,
"Aqrolizinq"in yaradılması hesabına. Bu gün deyildi ki, "Aqrolizinq" xətti ilə
nə qədər texnika, kombayn, traktorlar alınıb, digər
lazımi məsələlər həll olunubdur. Əgər biz "Aqrolizinq"i yaratmasaydıq,
fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər?
Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin
açılmasına, yeni sənaye sahəsinin yaranmasına
xidmət göstərir. Beləliklə, Azərbaycan
sənayesi üçün yeni sahə yaradılır.
"Aqrolizinq"in
yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının
inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə
tədbirlərin görülməsi nəticəsində,
subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini
böyük dərəcədə genişləndirə
bilmişik. Gübrənin alınması,
yanacağın, toxumların alınması - bütün
bunlar Azərbaycan dövləti tərəfindən həll
olunan məsələlərdir. Bundan sonra
biz çalışmalıyıq ki, kənd təsərrüfatımız
daha çox intensiv inkişaf etsin. Əkin
sahələrinin genişlənməsi prosesi, əlbəttə
ki, çox müsbət haldır və bunu etmək
üçün ciddi meliorasiya tədbirləri
görülür və görüləcəkdir. Bu barədə mən öz fikirlərimi deyəcəyəm.
Ancaq çalışmalıyıq ki, kənd təsərrüfatımızın
intensiv xarakter alan inkişafı bundan sonra
da uğurla getsin.
Biz
özümüzü bütün ərzaq məhsulları ilə
tam şəkildə təmin etməliyik. Buna çatmaq
üçün artıq az vaxt qalıb və
öz ixrac potensialımızı daha da böyük dərəcədə
realizə etməliyik. Nəzərə
almalıyıq ki, bizim ətrafımızda kifayət qədər
böyük istehlak bazarları var və qonşu ölkələrlə
Azərbaycanın çox gözəl, işgüzar
münasibətləri var, bütün qonşu bazarlar bizim
üçün açıqdır, məhsulumuz həmin
bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri
yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının
ixracı da bir o qədər çox artacaqdır. Yəni
bütün bunlar kompleks tədbirlər nəticəsində
- ciddi düşünülmüş siyasət, maliyyə
resursları, sahibkarlığın inkişafı,
"Aqrolizinq"in yaradılması, subsidiyaların, kreditlərin
verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin
gücləndirilməsi nəticəsində qısa müddət
ərzində mümkün olmuşdur.
Sovet
dövründə Azərbaycan heç vaxt özünü ərzaq
məhsulları ilə təmin etmirdi. Biz ərzaq təhlükəsizliyi
məsələlərini, demək olar ki, bu il
həll etmişik. Növbəti illərdə,
sadəcə, əldə edilmiş uğurlar əsasında
daha da geniş işlər aparılmalıdır. Bu məqsədlə əlavə tədbirlər
görüləcəkdir. Bölgələrdə
böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə
tutulur. Bu, həm sahibkarların öz vəsaiti
hesabına olmalıdır, eyni zamanda, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən ayrılmış
kreditlər hesabına bunu etməliyik.
Eyni zamanda, biz
bu sahədə Azərbaycan Dövlət İnvestisiya Şirkətindən
fəaliyyət gözləyirik. Düzdür, Azərbaycan
Dövlət İnvestisiya Şirkəti daha çox xarici
investisiyaların cəlb edilməsi üçün
yaradılmışdır. Ancaq, eyni zamanda
bu şirkət Azərbaycan iqtisadiyyatında daha çox
prioritet xarakter daşıyan sahələrdə yerli
investorlarla da uğurlu əməkdaşlıq edə bilər.
Hesab edirəm ki, növbəti ildə dövlət
büdcəsində Azərbaycan Dövlət İnvestisiya
Şirkətinin nizamnamə kapitalının
artırılması məsələləri də öz həllini
tapmalıdır. Çünki bu vaxta qədər
ayrılmış vəsaitin, demək olar ki, böyük hissəsi
xərclənib, bir hissəsi də xərclənəcəkdir.
Azərbaycan Dövlət İnvestisiya Şirkətinin hər
il əlavə maliyyə resursları
olmalıdır ki, biz bu vəsaiti lazımi sahələrə
yönəldək.
Xüsusilə
qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycanda
dövlət tərəfindən ayrılmış vəsait
hesabına Xəzər Dəniz Gəmiçiliyi bir neçə
böyük tanker almışdır. Bu tankerlər bütün müasir
standartlara cavab verir və Xəzərdə
yükdaşımalarının artırılması
üçün də çox böyük əhəmiyyəti
var. Nəzərə alsaq ki, bir neçə ildən sonra Xəzərin
şərq sahilindən böyük həcmdə neft və
neft məhsullarının daşınması gözlənilir,
əlbəttə ki, bu tankerlərin alınması vaxtında
görülmüş tədbirlər idi. Növbəti
illər ərzində həm Xəzər Dəniz Gəmiçiliyi
üçün, həm də Dövlət Neft Şirkətinin
donanması üçün çoxsaylı gəmilər -
yük gəmiləri, tankerlər alınmalıdır. Məhz bu məqsədlə artıq bir neçə
ildir xarici şirkətlərlə danışıqlar
aparılır ki, Azərbaycanda, Bakıda ən müasir
standartlara cavab verən gəmiqayırma zavodu tikilsin.
Artıq xarici
investorlar da seçilib və onlarla bərabər Azərbaycan
Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət
İnvestisiya Şirkəti də bu işlərdə
iştirak etməlidir. Elə etmək lazımdır ki, gələn
ildən biz gəmiqayırma zavodunun tikintisinin
başlanmasına nail olaq, qısa müddət ərzində
bunu yaradaq. Bu, elə zavod olmalıdır
ki, istənilən gəmiləri inşa edə bilsin. O
cümlədən, zavodda hərbi təyinatlı gəmilər
də inşa edilməlidir.
Azərbaycan
Dövlət İnvestisiya Şirkətinin digər layihələri
də nəzərdən keçirilir. Təqdim ediləndən
sonra biz onları təsdiqləyərək tezliklə işə
başlamalıyıq.
Sahibkarlığa
Kömək Milli Fondundan ayrılan kreditlərin verilməsi
davam edir. Bildiyimə görə, nəzərdə tutulmuş
məbləğin təxminən 40 faizi artıq xərclənibdir.
Çalışın ki, tezliklə qalan hissə
də xərclənsin, çünki kreditlər nə qədər
tez verilərsə, sahibkarlar da bir o qədər tez işə
başlaya bilərlər. Bu il 130
milyon manat vəsait nəzərdə tutulur.
Ekoloji tədbirlərin
gücləndirilməsi üçün nə
lazımdırsa, biz onu edirik. Bildiyiniz kimi, mən bu
sahəyə xüsusi diqqət göstərirəm. Çünki xüsusilə Abşeron
yarımadasında ekoloji vəziyyətin ciddi şəkildə
sağlamlaşdırılmasına böyük ehtiyac var. Biz
hamımız bunu bilirik və elə etməliyik ki, Bakı,
onun ətrafı, bütün Abşeron yarımadası
ekoloji cəhətdən ən təmiz bölgəyə
çevrilsin.
Nə
üçün məhz bu əraziyə diqqət göstərilir? Çünki
Azərbaycanın digər bölgələrində ekoloji vəziyyət
çox yaxşıdır, təbiətimiz çox gözəldir.
Ancaq Bakıda və Abşeronda neft-qaz
hasilatı nəticəsində yaranmış ciddi ekoloji
problemlər təxirəsalınmaz tədbirləri gözləyir.
Bu məqsədlə
müvafiq proqramlar başlanmışdır. Milyonlarla yeni ağacın əkilməsi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər
Dövlət Neft Şirkətinin iştirakı ilə neftlə
çirklənmiş bütün yerlərin təmizlənməsi,
onların yerində parkların salınması, Xəzər dənizinin
Bakı buxtasının təmizlənməsi - bütün
bunlar təxirəsalınmaz tədbirləri nəzərdə
tutur.
Beləliklə, biz
bütövlükdə ekoloji vəziyyətin
yaxşılaşdırılmasına nail ola
bilərik. Keçən müşavirədə
ciddi xəbərdarlıqdan sonra Bakıda ağacların kəsilməsi,
demək olar ki, dayanıbdır, tək-tük hallar var. Onlar
da dərhal nəzərə alınır və bu qanunsuz
işlərlə məşğul olan insanlar cəzalandırılır.
Bu nəzarət yerli icra orqanları tərəfindən,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
və bütün ictimaiyyət tərəfindən daim
olmalıdır.
Mən
çox şadam ki, ictimaiyyət də bu məsələlərə
çox müsbət yanaşır və nəinki
yanaşır, ictimaiyyət tərəfindən verilmiş
siqnallar dərhal tədbirlərin görülməsinə səbəb
olur. Bir daha
demək istəyirəm ki, Bakı şəhərində
ağacların qanunsuz kəsilməsi
dayandırılmalıdır və şadam ki, qısa
müddət ərzində biz bu sahədə ciddi dönüşə
nail ola bildik.
Yol tikintisi ilə
əlaqədar məcburi qaydada yolların genişləndirilməsi
ilə bağlı bəzi ağacların kəsilməsi
labüddür, amma onların yerinə əlavə ağaclar əkilməlidir. Bu istiqamətdə
işlər gedir.
Bakıda
tezliklə məişət tullantıları zavodunun tikintisi
başlanmalıdır. Biz bu məsələ ilə bağlı
uzun illərdir ki, məşğuluq. Müxtəlif
şirkətlərin təklifləri daxil olubdur. Bildiyimə görə, artıq bütün tədbirlər
görülüb və biz tezliklə zavodun tikintisinə
başlamalıyıq. Çünki bu
zavodun olmaması şəhərin havasının çirklənməsinə
çox böyük mənfi təsir göstərir. Balaxanıda yandırılan məişət
tullantılarının tüstüsü bütün şəhəri
bürüyür. Ona görə işə
nə qədər tez başlasaq, bir o qədər
yaxşıdır.
İçməli
su təchizatı ilə əlaqədar görülən tədbirlər
gözəl nəticəsini verir. Ekologiya və təbii
sərvətlər naziri qeyd etdi ki, 200 mindən artıq əhali
içməli su ilə təmin edilibdir. Görüləcək
tədbirlər nəticəsində Kür-Araz
çayları boyu və digər çaylar ətrafında
yerləşən kəndlərdə yaşayan insanların
hamısı təmiz içməli su ilə təmin ediləcəkdir.
O insanların sayı bir milyona yaxındır. Yəni
biz böyük bir sosial və səhiyyə məsələsini
həll etmiş oluruq.
Bununla bərabər,
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi
gedir və inşaat daha da sürətlə getməlidir. Bununla bərabər,
Bakıda müxtəlif yerlərdə su anbarları tikilməlidir.
Bu proses də başlanmışdır. Gələn
ilin büdcəsi hesabına daha da böyük su
anbarlarının tikintisi nəzərdə tutulubdur. Çünki əgər su anbarları tikilməsə,
o zaman Oğuz-Qəbələ kəməri ilə gələn
suyu saxlamaq mümkün olmayacaq və onun səmərəsi
aşağı düşəcəkdir.
Bir müddət
bundan əvvəl Azərbaycanda çox böyük Şəmkirçay
su anbarının təməli qoyuldu. Bu, böyük,
ölkə miqyaslı layihədir. Layihənin
icrası nəticəsində on minlərlə hektar torpaq
suvarılacaq və kənd təsərrüfatı
istehsalına böyük təkan veriləcəkdir. Eyni zamanda, Qərb bölgəsində içməli
su probleminin böyük hissəsini həll edəcəkdir.
Hesab edirəm ki, bu layihəyə çox ciddi
fikir verilməlidir. Gələn ilin
büdcəsində də vəsait nəzərdə
tutulacaqdır. Çalışmalıyıq ki, maksimum
3 il ərzində Şəmkirçay su
anbarı istifadəyə verilsin.
Bu yaxınlarda
mən alternativ enerji mənbələri ilə əlaqədar
agentliyin yaradılması haqqında müvafiq sərəncam
imzaladım. Biz bu sahəyə çox ciddi fikir verməliyik.
Düzdür,
bu vaxta qədər biz bu işlərlə ciddi məşğul
olmurduq. Bu da təbiidir, çünki bizim üçün
ilk prioritet ondan ibarət idi ki, öz enerji təhlükəsizliyimizi
təmin edək. Azərbaycanda son illər
ərzində tikilən yeni elektrik stansiyaları bu məsələni
həll edibdir. Biz bu gün artıq nəinki
xarici enerji mənbələrindən asılı deyilik, eyni
zamanda ilk dəfədir ki, qonşu ölkələrə -
Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə
elektrik enerjisi ixrac edirik. Naxçıvandan
Türkiyəyə 20 meqavata yaxın elektrik enerjisi ixrac edilir.
Bu da çox sevindirici haldır.
Beləliklə,
bu gün bizim elektrik enerjisi resurslarımız ölkə tələbatından
təxminən min meqavat çoxdur. Bu yaxınlarda istifadəyə
veriləcək yeni stansiyaların fəaliyyəti nəticəsində
bu rəqəm daha da artacaqdır. Belə
olan halda, biz bundan sonra mütləq alternativ enerji mənbələrinin
yaranmasına çalışmalıyıq. İlk növbədə, kiçik çaylarda mini
su elektrik stansiyaları tikilməlidir. Mənə
verilən məlumata görə, Tovuzçay su elektrik
stansiyasının tikintisi ilə bağlı müəyyən
işlər görülür. Hesab edirəm
ki, yaxın aylarda biz bu məsələni ciddi müzakirə
etməliyik və lazım gələrsə, gələn ilin
büdcəsindən Tovuzçay su anbarının və
elektrik stansiyasının tikintisi ilə bağlı müəyyən
vəsait nəzərdə tutmalıyıq.
Çünki bu tikinti 3-4 il davam edə bilər.
Tovuzçay elektrik stansiyasının enerji potensialı 400
meqavata yaxın ola bilər. Bu,
həm çox böyük qənaət olacaq, həm də
ki, alternativ enerji mənbələrinin yaranmasına xidmət
göstərəcəkdir.
Bununla bərabər,
külək və günəş enerjisindən səmərəli
şəkildə istifadə etməliyik. Bizdə həm
külək kifayət qədərdir, həm də günəş.
Belə gözəl təbii imkanlardan biz səmərəli
şəkildə istifadə etməliyik. Bu
sahəyə yerli və xarici özəl şirkətləri
də cəlb etmək olar. Əgər belə
bir maraq olarsa, - bildiyimə görə, həm xarici, həm də
yerli şirkətlər belə maraq göstərir, - bu sahədə
özəl qurumlar da fəaliyyət göstərə bilərlər.
Bununla bərabər, hesab edirəm ki, Azərbaycan dövləti
gələn ildən başlayaraq dövlət büdcəsi
hesabına pilot layihələr kimi həm külək, həm
də günəş elektrik enerjisinin istehsalı üçün
əməli-praktik işlər görməlidir.
Enerji təhlükəsizliyi
məsələlərinə gəldikdə bir daha demək
istəyirəm ki, Azərbaycan tam şəkildə
özünü təmin edib və bizim digər layihələrdə
iştirakımız, sadəcə olaraq,
imkanlarımızı daha da genişləndirə bilər. Biz enerji təhlükəsizliyi
məsələlərində beynəlxalq təşkilatlarla
və dost ölkələrlə əməkdaşlıq
edirik. Bu əməkdaşlıq
qarşılıqlı maraq əsasında qurulur. Enerji sahəsində gələcək əməkdaşlıqda,
ilk növbədə, bazar iqtisadiyyatı prinsipləri
üstün olmalı, azad rəqabət prinsipləri tam şəkildə
təmin edilməli və dünyada mövcud olan presedentlər
və praktika bütün gələcək layihələrə
də şamil edilməlidir. Bir sözlə,
Azərbaycanın neft-qaz ehtiyatları çox
böyükdür. Qaz ehtiyatlarımız bizə ən
azı 100 il kifayət edəcəkdir. Belə olan halda, əlbəttə ki, biz bu işləri
maksimum səmərə ilə görməliyik.
Eyni zamanda, Azərbaycanda
mövcud olan qaz anbarlarının genişləndirilməsi
üçün əlavə tədbirlər görülməlidir. Son illər ərzində
müəyyən işlər görülüb, bu gün
bizim yeraltı qaz anbarlarımızın tutumu bir milyard, bir
milyard yarım kubmetr həcmindədir. Bu,
bizə imkan verir ki, yay aylarında kifayət qədər
ehtiyat yaradaq. Ancaq məqsədimiz ondan ibarətdir
ki, qaz anbarlarımızın tutumunu 3-5 milyard kubmetrə
çatdırmalıyıq. Belə olan
halda, qaz ixrac edən ölkə kimi Azərbaycan öz əhəmiyyətini
birə on artırmış olacaqdır. Çünki
qaz anbarlarının həcmi çox böyük iqtisadi və
digər məsələlərin həllinə xidmət
göstərəcəkdir. Bütün
müvafiq göstərişlər verilib və Dövlət
Neft Şirkəti bu işlərlə məşğuldur.
Hesab edirəm ki, yaxın zamanlarda bu işlər
başlanacaq və tezliklə başa çatacaqdır.
Əhalinin
keyfiyyətli qazla təmin edilməsi üçün əlavə
tədbirlər görülməlidir. Bütün ölkədə
smartkart tipli sayğaclar quraşdırılmalıdır.
Artıq Gəncə şəhərində
gözəl təcrübə var. Gəncədə
yaradılmış zavod həmin sayğacları istehsal edir.
Əhali də bunu çox alqışlayır.
Çünki burada nəzarətçi ilə
istehlakçı arasında lazım olmayan ünsiyyət kəsilir.
Hamımız yaxşı bilirik ki, bəzən
xoşagəlməz halların yaranmasına məhz bu
ünsiyyət səbəb olur. Ona görə
smartkart çox sadə bir üsuldur, müasir bir
yanaşmadır. Hər vətəndaş müəyyən
pul ödəyib kart alır, kartı sayğaca salır, ondan
sonra qazdan istifadə edir, limit bitəndən sonra yenidən
pul köçürür. Çox gözəl
sistemdir. Çalışmalıyıq ki,
ölkəmizin bütün hər bir yerində bu tipli
sayğaclar quraşdırılsın.
Növbəti
aylarda bütün digər sosial məsələlər, mədəniyyət,
idman obyektlərinin tikintisi davam etməlidir. Yeni olimpiya
komplekslərinin tikintisi nəzərdə tutulur. Muzeylər, teatrlar təmir edilir, bu sahə də həmişə
diqqət mərkəzindədir.
Yolların
tikintisi uğurla gedir. Həm magistral yollar, həm şəhərlərarası
yollar. Bakının nəqliyyat problemlərinin
həlli üçün Dövlət Proqramında nəzərdə
tutulmuş məsələlər öz həllini tapır və
görülən tədbirlər nəticəsində, demək
olar, tıxac probleminin həllində də uğurlar qazana
bilmişik. Yeni alınmış çox
gözəl avtobuslar artıq işləyir. Bütün bunlar insanların rahat yaşaması
üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda,
Bakıda tikilən yollar həm rahatlığı ilə fərqlənir,
həm də gözəlliyi ilə. Bu iki komponent birləşəndə
həm insanların normal yaşaması üçün, hərəkət
etməsi üçün yaxşı şərait
yaradılır, həm də ki, zövqlə tikilmiş
gözəl körpülər, yol qovşaqları
gözoxşayır.
Bakı şəhərinin
və digər şəhər və rayonların abadlıq
işlərinə bundan sonra da diqqət göstəriləcəkdir. Bakı bu
gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Bu, birmənalı belədir və
hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə
bunu deyə bilər. Bakının tarixi
simasını saxlamaq, bərpa etmək şərtilə yeni
müasir infrastrukturun yaradılması, əlbəttə ki,
şəhərimizə əlavə gözəllik verir.
Bizim tarixi yerlərimiz - İçərişəhər
bu gün öz tarixi simasını özünə
qaytarır. Görülən tədbirlər
nəticəsində İçərişəhər
YUNESKO-nun, demək olar ki, qara siyahısından
çıxarılıbdır. İçərişəhər
öz tarixi simasını qorumalıdır. Eyni zamanda, orada təmir-bərpa işləri ancaq o
tarixi irsimizi nəzərə almaqla aparılmalıdır.
İçərişəhər, eyni zamanda
turistlər üçün də rahat yer olmalıdır və
turizmi inkişaf etdirmək üçün orada əlavə
infrastrukturun yaradılması da nəzərdə tutulur.
Ancaq orada yaradılan, inşa edilən hər
bir obyekt ümumi tarixi irsimizə uyğun şəkildə
olmalıdır.
Bulvarda
geniş abadlıq-quruculuq işləri aparılır. Bir neçə il bundan əvvəl bulvarı zülmət,
qaranlıq bürümüşdü, heç kim oraya
getmirdi, dağılmış infrastruktur, yararsız vəziyyətə
salınmış əyləncə yerləri. İndi
görün, bulvar nə qədər gözəlləşibdir.
On minlərlə Bakı sakini hər gün
orada dincəlir, istirahət edir. Bulvarın
genişləndirilməsi və abadlaşdırılması
yenə də tarixi əlamətləri nəzərə almaqla
həll olunur. Bu il bulvarın 100 illik
yubileyi qeyd edilir. Əminəm ki, bulvarın
yeni, gözəl, müasir siması bu yubileyə ən
gözəl hədiyyədir. Onu da bilirsiniz ki, bizim
planlarımızda bulvarın uzadılması məsələsi
də dayanır: həm İdman Sarayından Dövlət
Bayrağı meydanına qədər, həm də Dəniz
vağzalından Nobel prospektinə qədər. Orada lazım olmayan, yararsız vəziyyətə
düşmüş köhnə tikililər sökülməlidir.
Əlbəttə ki, kompensasiya ödənilməlidir.
Bütün o sahə təmizlənməlidir.
Bizim planlarımızda yeni gözəl bulvarların
salınması da var və yaxın zamanlarda Azərbaycan vətəndaşları
bunu da görəcəklər.
Yenə demək
istəyirəm, bu ilin altı ayı bir daha onu göstərdi
ki, Azərbaycan düzgün yolla inkişaf edir. Bizim
bütün addımlarımız özünü doğrultdu
- həm iqtisadi sahədə, həm də siyasi sahədə,
beynəlxalq məsələlərdə. Bu yaxınlarda
gələn ilin büdcəsi üzərində ciddi iş
başlanacaqdır. Artıq ilkin təkliflər
irəli sürülübdür. Gələn
ilin büdcəsi, əlbəttə ki, reallığı nəzərdə
tutmalıdır.
Həm
sosialyönümlü, həm də investisiyayönümlü
olmalıdır. Bizim siyasətimiz məhz bu iki amilin
sintezindən ibarətdir. Güclü
iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə
tətbiq edilməsi, bununla bərabər, sosial məsələlərin
uğurla həlli bizim sosial-iqtisadi siyasətimizin əsas
istiqamətidir.
Növbəti
aylarda bütün hökumət üzvlərinə uğurlar
arzulayıram.
Ciddi işləmək və ölkəmizi
bundan sonra da irəliyə aparmaq lazımdır.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 23 iyul.- S. 1, 2, 3, 4.