Ermənistan hökuməti
ölkə ərazisində yerli istifadəçilərə
"Xocalıya ədalət" kampaniyasının rəsmi
saytına (http://www.justiceforkhojaly.org) girişi qadağan
etmişdir. Yerevandan olan gənc internet istifadəçilərindən
biri kampaniyanın Facebook səhifəsində yazır:
http://www.facebook.com/pages/Khojaly-town/Justice-for-Khojaly-Campaign/101823787520?ref=mf)
"mənim yüksək keyfiyyətli internetim var, lakin sayta
girəndə "qadağandır" sözü
yazılır. Mən müxtəlif yerlərdən sayta girməyə
cəhd etsəm də, eyni nəticə ilə üzləşirəm".
"Xocalıya ədalət"
kampaniyasının yaydığı məlumatda Ermənistan əhalisinin,
xüsusilə gənclərin internet saytlara daxil olmaqda üzləşdikləri
problem bu ölkədə informasiya azadlığının və
insan hüquqları üzrə beynəlxalq öhdəliklərin
Ermənistan hakimiyyəti tərəfindən kobud şəkildə
pozulması kimi qiymətləndirilir.
"Xocalıya ədalət"
kampaniyasının Facebook səhifəsinin administratoru Elməddin
Mehdiyev bildirmişdir ki, bu problem araşdırılır, həqiqətən
Ermənistanda www.justiceforkhojaly.org saytına girişə
qadağa goyulmuşdur. Hətta Ermənistanın internet məkanında
sayta bizim tərəfdən qadağa qoyulduğu haqda şayiə
yayılır. Bunun Ermənistan hakimiyyətinin növbəti
yalan təbliğat aksiyası olduğunu
aşağıdakı faktlar sübut edir.
Məlum olduğu kimi,
sayt kampaniyanın ABŞ-dakı fəalları tərəfindən
yaradılmışdır və bu ilin fevral ayından
dünyanın 101 ölkəsindən 15 min nəfər
saytın materialları ilə tanış olmuşdur.
Sayta girişə Azərbaycan
ərazisindən məhdudiyyət qoyulması texniki
baxımdan qeyri-mümkündür.
Bundan başqa, erməni
təbliğatçıları kampaniyanın məqsədlərindən
birinin Xocalı faciəsi haqqında düzgün məlumatın
məhz Ermənistan ictimaiyyətinə
çatdırılması olduğunu nəzərə
almayıblar. Çünki yaradıcılar tərəfindən
sayta Ermənistanda girişə qadağa goyulması məntiqə
uyğun deyildir. Bu faktlara və İKT üzrə mütəxəssislərin
rəylərinə əsaslanaraq, əminliklə demək olar
ki, Xocalı qırğınını törədən
indiki Ermənistan hakimiyyəti bu faciə barədə
düzgün məlumatın Ermənistanda
yayılmasının qarşısını almaq
üçün ölkədə sayta girişə qadağa
qoymuşdur.
"Xocalıya ədalət"
kampaniyası hüquq müdafiəsi təşkilatlarını
və öz tərəfdarlarını Ermənistan hökumətinə
faktla bağlı etirazlarını bildirməyə və beynəlxalq
təşkilatların diqqətini cəlb etməyə
çağırmışdır.
"Xocalıya ədalət"
kampaniyası erməni ictimaiyyətinin sayta daxil olmasını
təmin etmək üçün hazırda müvafiq yollar
axtarır.
Qeyd edək ki,
"Xocalıya ədalət" kampaniyası İslam
Konfransı Təşkilatının Əməkdaşlıq
və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə
Xocalı faciəsi haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması məqsədi
ilə yaradılmışdır. Kampaniyanın rəsmi
saytında (http://www.justiceforkhojaly.org/?p=signup) xüsusi bəyannamə
və digər məlumatları əldə etmək olar. Bəyannamə
dünya ictimaiyyətini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll olunmasına dair səyləri gücləndirməyə,
habelə Xocalı faciəsini törədənlərin ədalət
məhkəməsinə cəlb olunması üçün zəruri
tədbirlər görməyə çağırır.
AzərTAc
Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.