Azərbaycan milli mətbuatının 134 illiyi qeyd olunmuşdur

 

İyulun 22-də Bakı Əyləncə Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Fondun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın 134 il ərzində keçdiyi kəşməkəşli və şərəfli yola nəzər salmış, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda ümummilli lider Heydər Əliyevin medianın inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışmışdır.

O demişdir ki, Azərbaycan milli mətbuatının bünövrəsi 1875-ci il iyulun 22-də, Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş "Əkinçi" qəzetinin nəşrə başlaması ilə qoyulmuşdur. Lakin onun ömrü çox olmamış, ikiillik fəaliyyəti dövründə qəzetin cəmi 56 nömrəsi çıxmışdır. Ancaq bu iki ildə qəzet ictimaiyyət arasında tanınmış və böyük nüfuz qazanmışdır. "Əkinçi" qəzeti maliyyə çətinliyi ucbatından nəşrini dayandırmasına baxmayaraq, onun ideyaları həmişə yaşamış, səpdiyi toxumlar cücərmişdir. Məhz o ideyalarla Azərbaycanda yeni-yeni nəşrlər yaranmağa başlamışdır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda milli mətbuatın inkişafı və formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Ümummilli lider mətbuatın problemlərini yaxından öyrənmək məqsədi ilə müntəzəm olaraq KİV rəhbərləri ilə görüşlər keçirmiş və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər vermişdir. Söz və fikir azadlığını təmin etmək məqsədi ilə 1998-ci ildə ulu öndər tərəfindən mətbuat üzərindən senzura götürülmüşdür. "Azərbaycan" nəşriyyatına olan borclar müəyyən müddətə dondurulmuş və sonralar Prezident İlham Əliyev tərəfindən ləğv edilmişdir.

Milli mətbuatın inkişafına şərait yaratmaq üçün qəzet və jurnalların qeydiyyatının sadələşdirildiyini söyləyən V.Səfərli bunun nəticəsi kimi indi respublikamızda 3 min 600-dən artıq KİV-in qeydiyyatdan keçdiyini xatırlatmışdır. O vurğulamışdır ki, ulu öndərin mətbuata qayğısını və köməyini yüksək qiymətləndirən "RUH" Jurnalistləri Müdafiə Komitəsi 2002-ci ildə Heydər Əliyevi "Jurnalistlərin dostu" mükafatı ilə təltif etmişdir. Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə KİV haqqında qanun təkmilləşdirilmiş və Azərbaycan Mətbuat Şurası yaradılmışdır.

Bu yöndə işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci ildə dövlət başçısı tərəfindən "Əməkdar jurnalist" adı bərpa edilmiş və bir qrup jurnalist bu fəxri ada layiq görülmüşdür. Milli mətbuatın inkişafına yardım məqsədi ilə 2008-ci ilin iyulunda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilmiş və onun əsasında ölkə başçısının 2009-cu il 3 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Bugünkü tədbir fondla Mətbuat Şurasının təşkil etdiyi ilk tədbirdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyədək böyük inkişaf yolu keçmişdir. Mətbuatımız bu yolda öz milli ənənələrini formalaşdırmış, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə məhz öz xalqını maarifləndirmək, formalaşdırmaq, onu dünyada baş verən ictimai, siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və millətini inkişaf yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. "Əkinçi"dən başlanan milli mətbuat öz inkişafını sonrakı dövrdə Azərbaycan maarifçilərinin simasında davam etdirmişdir. Azərbaycanın indiyədək hafizələrdə qalmış, elmdə, təhsildə, mədəniyyətdə, mənəviyyatda tanınmış, adı əbədiləşmiş insanlarının əksəriyyəti, demək olar ki, xalqın qarşısında duran vəzifələrin reallaşması sahəsində mətbuat səhifəsindən istifadə etmişlər.

Əli Həsənov buna misal kimi, Cəlil Məmmədquluzadənin, Nəcəf bəy Vəzirovun, Mirzə Ələkbər Sabirin, Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəylinin, Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin və digər qabaqcıl Azərbaycan ziyalılarının adlarını xatırlatmışdır.

Bildirmişdir ki, onların əksəriyyəti Azərbaycan mətbuatında fəaliyyət göstərmiş və xalqın maariflənməsində, cəmiyyətin inkişafında, mənəvi dünyamızın zənginləşməsində yaxından iştirak etmişdir.

Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatının sosialist realizmi prinsiplərinə qoşulmağa məcbur olduğunu bildirən Əli Həsənov mediamızın bu 70 ildə də inkişaf etdiyini vurğulamışdır. O demişdir ki, Azərbaycanın bütün tanınmış jurnalist nəsli məhz bu illərdə yetişmiş və elmin, mədəniyyətin, ölkə mənəviyyatının formalaşmasında, inkişafında onların böyük xidmətləri olmuşdur. Jurnalistika vasitəsilə Azərbaycan dili, mədəniyyəti inkişaf etdirilmiş, jurnalistika yeni-yeni ənənələrlə, dəyərlərlə zənginləşdirilmişdir və bu gün biz müstəqilliyimiz dövründə həmin dəyərlərdən istifadə edirik.

Hazırda Azərbaycan mediası keçmiş SSRİ məkanında ən qabaqcıllardan biridır. Əlbəttə, problemlər də vardır. Azərbaycan mediasının birinci problemi onun maddi-texniki bazasının zəifliyi, KİV-in müstəqil yaşamaq imkanlarının aşağı olmasıdır. Azərbaycan mediasının ikinci ən böyük problemi peşəkar jurnalistlərin sayının azlığıdır. Mediada peşəkar jurnalistlər qeyri-peşəkarların sayından 10 dəfə azdır. Əgər bir qəzetdə beş peşəkar jurnalist varsa, əlli beş nəfər cibində vəsiqə gəzdirən və təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinin yönəldilməsində, mənəvi dəyərlərinin formalaşdırılmasında iştirak edənlər vardır. Mənəvi potensialı olan insanlardan mətbuat səhifələrində az istifadə edilir və belə olan halda mənəvi potensialı aşağı olanlar isə cəmiyyəti, insanları, ziyalıları yönəltməyə çalışırlar. Bu ziddiyyətlər isə mediamızın bugünkü inkişafına çox ciddi əngəl törədir.

Mətbuatımızın inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan Əli Həsənov demişdir ki, mən Azərbaycan tarixində media ilə, jurnalistlərlə bu qədər yaxından təmasda olan, jurnalistikaya həssas yanaşan və onun imkanlarından siyasətdə, cəmiyyətdə istifadə edən ikinci siyasətçi tanımıram. Heydər Əliyev bu sahədə birinci idi və mən əminəm ki, o, Azərbaycan mediasının yaddaşında, hafizəsində əbədi qalacaqdır. Məhz ulu öndər Heydər Əliyev 1998-ci il avqustun 6-da özünün tarixi fərmanı ilə Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərini götürərək ona azadlıq vermək missiyasını yerinə yetirmişdir.

Heydər Əliyevin dövründə Azərbaycan mediasının bugünkü ənənələrinin çoxunun, müstəqil jurnalistikanın əsası qoyulmuşdur. Müstəqil jurnalistika cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilmişdir. Məhz Heydər Əliyevin səyləri nəticəsində medianın maddi-texniki bazasının inkişafı, möhkəmləndirilməsi ilə bağlı fərmanlar, sərəncamlar imzalanmışdır. Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mediasının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaqdır, Azərbaycan jurnalistləri bu böyük insanı həmişə qədirbilənliklə anacaqlar. Bu gün Prezident İlham Əliyevin Azərbaycan jurnalistikası qarşısında ən böyük xidməti ulu öndərin yolunu davam etdirməsi və Heydər Əliyevdən sonra Azərbaycan mediasının tarixinə düşən müstəqil mətbuatın inkişafı ilə bağlı dövlət konsepsiyasının qəbul olunması və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Həm konsepsiya, həm də fond Azərbaycan mediası üçün əbədi xidmət məqsədi daşıyır. Konsepsiya davam edəcək və jurnalistlərin təşəbbüsü ilə gələn illərdə vəzifələrini, istiqamətlərini, strategiyasını dəyişəcəkdir. Konsepsiya müəyyən müddətə nəzərdə tutulmuş sənəddir. Bu konsepsiya üzərində qurulmuş mətbuatın inkişafı missiyası, xüsusən də bunun əsasında duran fond müstəqil mətbuatın inkişafını daim dəstəkləyəcəkdir və elə bu məqsədlə də yaradılmışdır.

Əli Həsənov çıxışının sonunda demişdir: Azərbaycan dövlətinin bu gün media siyasətinin mahiyyətini bir fəlsəfə təşkil edir - mətbuat inkişaf etsin, getdikcə müstəqilləşsin, siyasətdən, digər öhdəliklərdən xilas olsun, ölkədə real, obyektiv informasiya daşıyıcısı olsun, insanların informasiya almaq ehtiyaclarını ödəsin, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələrlə düzgün, dürüst tanış edə bilsin. Bu yolda mən sizə uğurlar diləyirəm və Milli Mətbuat Günü münasibətilə təbrik edirəm.

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev və veteran jurnalist, uzun müddət "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru olmuş Yusif Kərimov çıxış etmişlər. Natiqlər Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyətdən danışmış, ümummilli lider Heydər Əliyevin respublikada yenidən hakimiyyətə qayıdışından sonra mətbuat üzərindən senzuranın götürüldüyünü, KİV-lərə fəaliyyət sərbəstliyi verildiyini, zəruri qanunvericilik bazasının yaradıldığını, hazırda Azərbaycanda demokratik cəmiyyətdə lazım olan bütün prinsiplər əsasında azad söz yazmaq, demək üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını bildirmişlər. Zəngin tarixi və mütərəqqi ənənəsi olan Azərbaycan mətbuatının ölkəmizdə gedən demokratik proseslərdə, vətəndaş cəmiyyəti quruculuğunda aparıcı rola malik olduğu bildirilmiş, mətbuat-dövlət, mətbuat-vətəndaş münasibətlərinin sivil dəyərlər əsasında tənzimləndiyi diqqətə çatdırılmış, əldə edilmiş uğurlar, habelə qarşıda duran vəzifələr vurğulanmışdır.

Sonda fondun icraçı direktoru Vüqar Səfərli qurumun Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin mükafatlandırılması haqqında qərarını oxumuşdur.

Qərarda deyilir: "Azərbaycan Respublikasında söz və məlumat azadlığının inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə jurnalistlər mükafatlandırılmış, redaksiyalara birdəfəlik maliyyə yardımları ayrılmış və digər tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası təsdiq olunmuş, 2009-cu il aprelin 3-də isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilmiş, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin həyata keçirilməsinə başlanmışdır".

İcraçı direktor fondun nizamnaməsinin 3.1.5 və 6.23.7 bəndlərinə uyğun olaraq Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi barədə fondun Müşahidə Şurasına təklif vermişdir. Müşahidə Şurası təklifə baxmış və müəyyən etmişdir ki, KİV-lərə birdəfəlik maliyyə yardımının göstərilməsi Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının və fondun nizamnaməsinin tələblərinə uyğundur.

Müşahidə Şurası əvvəlki illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə kütləvi informasiya vasitələrinə maliyyə yardımının ayrıldığını, bu humanist ənənənin davam etdirilməsi zəruriliyini, habelə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu nəzərə alaraq, Milli Mətbuat Günü münasibətilə gündəlik nəşr olunan, ictimaiyyət arasında tanınan qəzet redaksiyalarına və müntəzəm xəbər istehsalı həyata keçirən informasiya agentliklərinə maliyyə yardımının göstərilməsini dəstəkləmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu aşağıdakı qəzetlərə və informasiya agentliklərinin hər birinə 10 000 manat məbləğində birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul etmişdir: "ASSA-İRADƏ" informasiya agentliyi, "Ayna" - "Zerkalo" qəzeti, "Azad Azərbaycan" qəzeti, "Azadinform" informasiya agentliyi, "Azadlıq" qəzeti, "Azərbaycan" qəzeti, "Azəri-Press" informasiya agentliyi (APA), "Azər-Press" informasiya agentliyi, "Azerbaydjanskiye izvestiya" qəzeti, "Bakinski raboçi" qəzeti, "Bakı-Xəbər" qəzeti, "525-ci qəzet", "Bizim yol" qəzeti, "Exo" qəzeti, "Ekspress" qəzeti, "Ədalət" qəzeti, "Həftə içi" qəzeti, "Xalq cəbhəsi" qəzeti, "Xalq qəzeti", "İki sahil" qəzeti, "Kaspi" qəzeti, "Kaspiy" qəzeti, "Mərkəz" qəzeti, "Mövqe" qəzeti, "Novoye vremya" qəzeti, "Olaylar" qəzeti, "Olaylar" informasiya agentliyi, "Palitra" qəzeti, "Paritet" qəzeti, "Paralel" qəzeti, "Respublika" qəzeti, "Səs" qəzeti, "Səs" informasiya agentliyi, "Şərq" qəzeti, "Trend" informasiya agentliyi, "Turan" informasiya agentliyi, "Üç nöqtə" qəzeti, "Yeni Azərbaycan" qəzeti, "Yeni Müsavat" qəzeti.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.