ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Ermənistan prezidentlərinin Moskva görüşü ilə əlaqədar bəyanat yaymışlar

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü ilə əlaqədar bəyanat yaymışlar.

Bəyanatda deyilir ki, iyulun 17-də keçirilmiş görüşdə prezidentlər təkbətək müzakirələr aparmışlar. Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), ABŞ dövlət katibi müavininin köməkçisi Mətyu Brayzənin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə aparılmışdır. İyulun 18-də isə danışıqlarda Rusiya Prezidenti Dmitri Medvedev də iştirak etmişdir.

Görüşdə tərəflərə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas prinsiplərin hələ də razılaşdırılmamış bəzi elementlərini müzakirə etməyə şərait yaradılmışdır.

Həmsədrlər hər iki prezidentə bildirmişlər ki, onlar iyul ayının sonunda Polşanın Krakov şəhərində işçi iclası keçirəcəklər. Bu görüşün məqsədi prezidentlər Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozinin "L"aquila bəyannamələrinə" uyğun olaraq Madrid sənədinin yenilənmiş versiyasını hazırlamaqdır.

Sənəddə o da bildirilir ki, sentyabrın sonu və ya oktyabrın əvvəllərində Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü razılaşdırmaq üçün həmsədrlər sentyabr ayında regiona səfər etmək niyyətindədirlər.

 

 

Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.