Düşmənin yenə də həsədlə
baxdığı Ağdam
"Ağdamlılara mənim
daim xüsusi hörmətim və qayğım olubdur. Hələ
70-ci illərdə mənim burada işlədiyim zaman Ağdama
nə qədər çox diqqət göstərilmişdir. Ağdamda
nə qədər böyük işlər
görülmüşdür - həm şəhərin
qurulması, yaradılması, həm qəsəbələrin
abadlaşdırılması, həm Ağdamın
iqtisadiyyatının inkişaf etdirilməsi baxımından. Ağdamın
iqtisadiyyatı o illərdə çox yüksək sürətlə
inkişaf edirdi. Ağdam rayonu o vaxt bizim ən varlı
rayonlarımızdan biri idi. Çünki Ağdamın
çox gözəl torpağı var, çox gözəl təbiəti
var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam
Azərbaycanın inkişafında çox böyük rol
oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini,
mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın
dövlət orqanlarının yaradılmasında, inkişaf
etdirilməsində fəal iştirak etmişlər. Bu da həm
ağdamlıların sərvətidir, həm də
bütün Azərbaycan xalqının sərvətidir."
Heydər ƏLİYEV
Azərbaycanın qədim
yaşayış məskənlərindən biri olan
Ağdamın işğalından 16 il ötür. Ağdamın
işğalı dövlət idaretmə sükanı
arxasında oturan "siyasət dəllal"larının
yarıtmaz fəaliyyəti, onlar arasında gedən çəkişmələr
və ziddiyyətlərin nəticəsində baş
vermişdir. Həmin zaman kəsiyində ölkəni
bürümüş xaos, anarxiya Azərbaycanın bu dilbər
guşəsinin işğalı ilə sonuclandı. Yarıtmaz
idarəçilərin Ağdamın bütün kəndlərində
yerli özünümüdafiə dəstələrini siyasiləşmiş
hərbi batalyonlarla əvəzləmələri və
"Ağdamı yerli camaat yox, dövlət qoruyacaq" -
kimi pafoslu bəyanatları işğala zəmin yaratdı.
1993-cü il iyulun 23-də
Ermənistan hərbi qüvvələrinin Ağdama hücumu
nəticəsində şəhər yerlə yeksan oldu. 122 kənd,
24 min 446 yaşayış binası, 48 sənaye və tikinti
müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə
mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid
və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər
uşaq və böyük, qadın və kişiyə fərq
qoymadan vəhşicəsinə insanları qətlə yetirərək,
bununla da bəşəriyyətə qarşı ən dəhşətli
cinayət törətmişlər. 1996-cı ildə Ağdam
ictimaiyyəti ilə görüşündə ümummilli
lider Heydər Əliyev rayonun işğalına belə
münasibət bildirmişdi: "Ağdam şəhəri
heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistan
tərəfindən Azərbaycana qarşı başlanan təcavüz
- ilk atışmalar, ilk qığılcım, təcavüzün
ilk addımları məhz Ağdama tərəf yönəldilmişdi.
Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən
yolların hamısı Ağdamdan keçir. Eyni zamanda,
Dağlıq Qarabağda yaşayan ermənilər
Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın
tarixini də, keçmişini də, Ağdamın
insanlarının nə qədər dəyanətli, nə qədər
cəsarətli olduqlarını da yaxşı bilirdilər. Strateji
nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün
qarşısının alınması üçün
Ağdam şübhəsiz ki, çox əhəmiyyətli
bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam
saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın
işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında
Abdal-Gülablı kəndinin işğal olunması, ondan
sonra da, rayonun digər kəndlərinə hücumlar,
Ağdama qarşı yönəldilmiş təcavüzkar
planlar, nəhayət, Ağdam şəhərinin
işğalına gətirib çıxardı."
Ümummilli lider Heydər
Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra
ağdamlıların həmdəmi, himayədarı oldu. Ağdamlılarla
keçirdiyi hər bir görüşündə onların dərdinə
şərik olur, dəyərli fikirlərini bölüşərək
gələcəyə inamla baxmağı tövsiyə edirdi.
Ulu öndər ağdamlıların dəyanətli,
vüqarlı insanlar olduqlarını bildirərək, torpaq
itkisi ilə yaşayan həmvətənlərimizin doğma
yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı.
Ağdam Rayon İcra
Hakimiyyətinin başçısı Həsən Sarıyev
ümummilli lider Hedər Əliyevin ağdamlı məcburi
köçkünlərin vəziyyəti ilə mütəmadi
maraqlandığını və meydana çıxan problemlərin
aradan qaldırılması üçün dərhal
tapşırıqlar verdiyini xatırlayır: "Bir
müşavirədə bütün dövlət
strukturlarına tapşırmışdı ki, məcburi
köçkünlərin problemi ilə bağlı sizə
müraciət edənlər şəxsən mənim
adımdan müraciət edirlər, ona görə də
onları həmin dəqiqə həll etmək lazımdır.
1995-ci ilin iyul ayının 9-da məni Ağdama icra
başçısı təyin olunmağım münasibətilə
qəbul edən Prezident Heydər Əliyev bildirmişdi:
"Səni elə bir rayona rəhbər təyin edirəm ki,
oranın sakinlərinə xüsusi diqqət və
qayğı göstərilməlidir, onların problemlərinin
həlli üçün fədakarlıqla
çalışmaq gərəkdir. Vaxtilə
özümün qurub-yaratdığım, inkişaf etdirdiyim
Ağdam indi işğal altında olsa da, rayonun zəhmətkeş
adamları məcburi köçkünlük taleyi yaşasa
da, ağdamlılar sınmamalı, yenə də dəyanətli
olmalıdırlar. Dövlət başçısı kimi mənə
ən yaxşı xidmət yerli nümayəndəm kimi sənin
ağdamlıların qeydinə qalmağın, onların
köməyinə çatmağındır. Onu da nəzərə
al ki, Ağdama və ağdamlılara mənim həmişə
qayğım olub, bundan sonra isə bu qayğı daha da
artacaq". Prezidentin bu sözləri mənə necə
böyük bir məsulliyəti üzərimə
götürdüyümü anlatmaqla yanaşı, iş
prosesində Heydər Əliyev kimi əzəmətli şəxsiyyətin
daimi dəstəyini hiss edəcəyimə əminlik
yaratdı."
Ağdamlı məcburi
köçkünlərin sosial durumu, mənzil şəraitinin
yaxşılaşdırılması ulu öndərin daim diqqət
mərkəzində saxladığı məsələ
olmuşdur. Bu məqsədlə təkcə 2001-2002-ci illər
ərzində ölkə Prezidentinin imzaladığı
üç fərmana əsasən, qaçqın və məcburi
köçkünlərin sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması və onların məskunlaşma,
məşğulluq problemlərini həll etmək
üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait
ayrılmış və bunun müqabilində 18 qəsəbə
salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə
zəruri infrastruktur obyektləri inşa edilmiş, beş mindən
artıq ailəyə birdəfəlik yardımlar edilmiş və
onlara müvafiq torpaq sahəsi verilmişdir. Heydər Əliyevin
2001-ci ilin sentyabr ayında imzaladığı fərmandan
ağdamlı məcburi köçkünlərə də
böyük töhfə düşmüş və bu ərazidə
4 yeni qəsəbə salınmışdır. Quzanlı,
Xındırıstan, Ayaq Qərvənd və Erge ərazilərində
inşa edilən 500 mənzillik qəsəbələr
ağdamlılara dövlət tərəfindən göstərilən
qayğının təzahürü idi. Qeyd olunan
yaşayış məntəqələrində hər
cür kommunal xidmətlər təşkil edilmiş, orta məktəblər,
tibb məntəqələri, uşaq bağçaları və
digər zəruri infrastruktur obyektləri tikilmişdir. 500 ailənin
hər birinə həyətyanı əlavə sahə, həmçinin
1 hektar əkin üçün torpaq sahəsi
ayrılmış, kənd təsərrüfatı işlərinə
başlamaları üçün 1 milyon manat məbləğində
əvəzsiz yardım verilmişdir. Bir sözlə, bu ailələrin
problemsiz məskunlaşması və normal
yaşayışı üçün hər cür şərait
yaradılmışdır. Ümummilli lider Heydər Əliyev
həmişə vurğulayardı ki, dövlətin ən
mühüm vəzifəsi öz torpaqlarından didərgin
düşmüş vətəndaşlarının güzəranını
yaxşılaşdırmaq, onların problem və
qayğılarını həll etmək və ən nəhayət,
işğal altında olan torpaqların
azadlığını təmin etməklə hər bir məcburi
köçkünün isti ocağına qayıtmasına
nail olmaqdır.
Heydər Əliyev siyasi
kursunun davamçısı Prezident İlham Əliyev dövlət
başçısı vəzifəsinə seçilən ilk
gündən bəyan etdi ki, Azərbaycanın bir qarış
torpağı belə, düşmənə verilməyəcək,
nə qədər ki sülh danışıqları davam
edir, çadırlarda, dəmir yol vaqonlarında məskunlaşmış
vətəndaşların ev və işlə təmin
olunması problemi həllini tapacaq. Prezident İlham Əliyev
verdiyi sözü - "Azərbaycanda bir çadır şəhərciyi
belə, qalmayacaq, onların hamısı ləğv ediləcək,
əvəzində isə yeni, müasir standartlara cavab verən
qəsəbələr salınacaqdır. Qaçqın və
məcburi köçkünlərin sosial müdafiəsinin təşkili,
onların bütün problemlərinin həlli fəaliyyətimdə
əsas istiqamət olacaq" - vədini tam həyata
keçirməyə müvəffəq oldu. Bu gün cəbhə
bölgəsinə, təmas xəttinə baş çəkən
hər bir kəs məcburi köçkünlərin normal
yaşayış şəraiti ilə təmin
olunmasının reallaşdığının şahidinə
çevrilə bilər.
Prezident İlham Əliyev
2004-cü ilin fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin
salınması ilə bağlı sərəncam
imzalamışdır. Sərəncama əsasən, Bərdə
və Ağcabədi rayonlarındakı çadır düşərgələrində
və yük vaqonlarında müvəqqəti yerləşdirilmiş
3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi
ərazisində yeni qəsəbələr
salınmış, onlara maliyyə yardımı və torpaq
sahəsi ayrılaraq məşğulluqları təmin
edilmişdir. Ölkə başçısının 1 iyul
2004-cü il tarixində təsdiq etdiyi
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əsasən, bu kateqoriyalı insanların
yeni mənzillərlə təmin olunması istiqamətindəki
işlər mərkəzləşdirildi. Artıq bu qəsəbələrin
tikintisi başa çatmış və minlərlə
ağdamlı ən müasir standartlar səviyyəsində
inşa edilən evlərə köçməklə -
Ağdama daha da yaxınlaşmışlar.
Prezident İlham Əliyevin
təsdiq etdiyi 2009-2013-cü illəri əhatə edən yeni
sosial-iqtisadi inkişaf proqramında da cəbhə bölgəsində
yaşayan əhalinin məşğulluğunun təmin edilməsi,
yeni infrastrukturların yaradılması kimi mühüm məsələlər
öz əksini tapmışdır. Ölkəmizdə
qısa müddətdə çadır şəhərciklərinin
ləğv edilməsi və müasir qəsəbələrin
inşası, soydaşlarımızın işlə təmin
olunması dövlət başçısının verdiyi vədə
sadiq olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyevin
cəbhə bölgəsinə dövlət
qayğısını daha da artırmaq, bölgə sakinlərinin
sosial müdafiəsini gücləndirmək məqsədilə
həyata keçirdiyi genişmiqyaslı tədbirlər
soydaşlarımız tərəfindən hədsiz minnətdarlıqla
qarşılanır. Dövlət
başçısının cəbhə bölgəsinə
vaxtaşırı etdiyi səfərlər döyüş xəttinə
yaxın ərazilərdə yaşayan əhalinin həyatında
diqqətçəkən yeniliklərlə müşayiət
olunur. Bölgələrdə sosial infrastruktur sürətlə
bərpa edilir, yeni qəsəbələr salınır,
körpülər tikilir, asfalt yollar çəkilir. Son
beş ildə Ağdam rayonu ərazisində 35 kilometr yola
asfalt örtük salınmış, 21 subartezian quyusu
qazılmış, Quzanlı, Təzəkənd, İmamqulubəyli
kəndlərində yeni məktəb binaları, Quzanlıda
və Xındırıstanda uşaq bağçaları
tikilib istifadəyə verilmiş, Quzanlı mədəniyyət
evinin dam örtüyü yenidən vurulmuş, müasir
istilik sistemi quraşdırılmışdır
Ərazisinin dörddə
üç hissəsi işğal altında olan Ağdam real
çətinliklərə baxmayaraq sosial-iqtisadi
inkişafın sürətinə və miqyasına görə
digər rayonlardan heç də geri qalmır. Dövlət
başçısının təşəbbüsü ilə
Ağdam rayonunun Quzanlı qəsəbəsində Avropa
standartlarına cavab verən Olimpiya İdman Kompleksi tikilib
istifadəyə verilmişdir. 2008-ci il yanvarın 17-də
Prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin
açılış mərasimində bildirimişdi: "Bu,
çox əlamətdar bir hadisədir. Bu onu göstərir
ki, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında,
özü də böyük peşəkarlıqla, yüksək
səviyyədə yerinə yetirilir. Bu Olimpiya İdman
Kompleksi beynəlxalq standartlara cavab verən bir idman
qurğusudur. Azərbaycanda son illər ərzində müxtəlif
bölgələrdə olimipiya idman kompleksləri
tikilmişdir. Lakin ilk dəfədir ki, rayonlarda kənddə,-
əslində, indi qəsəbədir, amma biz kompleksin təməlini
qoyanda Quzanlı kənd hesab olunurdu, - belə möhtəşəm
Olimpiya İdman Kompleksi tikilmişdir. Bu onu göstərir ki,
bölgələrin inkişafı, Azərbaycanın müxtəlif
yerlərində, ən ucqar yerlərində yaşayan
insanların şəraitinin
yaxşılaşdırılması üçün,
müasir infrastrukturun yaradılması üçün
bütün tədbirlər görülür. Biz ölkəmizi
hərtərəfli inkişaf etdiririk. İstəyirik ki,
bütün bölgələr inkişaf etsin və hər bir
yerdə, hər bir rayonda, hər bir qəsəbədə
btün lazımi şərait olsun".
Quzanlı qəsəbəsi
düşmənlə təmas xəttində olsa da, burada
mötəbər yarışlar keçirilir və hər bir
yarışa insanların böyük ruh yüksəkliyi ilə
qatılması bir daha ağdamlıların gələcəyə
nikbin baxdıqlarını göstərir. Ağdamın
"Qarabağ" futbol komandası da artıq xeyli vaxtdır
ki, yeni məkanda, doğma divarlar arasında oynayır,
çoxsaylı azarkeşlərinə ruh yüksəkliyi
verir, qələbə sevinci yaşadır.
Ağdam rayonunun
Quzanlı qəsəbəsinə təbii qazın verilməsi
də əlamətdar hadisələrdən sayıla bilər.
Vaxtilə Ağdam-Quzanlı qaz kəməri vasitəsilə
qazdan istifadə edən qəsəbə sakinləri
Qarabağ müharibəsi nəticəsində uzun illər təbii
yanacaqdan məhrum olmuşdu. Ölkə
başçısının tapşırığı ilə
Bərdə-Ağcabədi magistral qaz xəttindən çəkilən
kəmər Quzanlı qəsəbəsində 450 abonentin
qazla təminatına imkan vermişdir. 2008-ci il oktyabrın 4-də
Prezident İlham Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsinə
təbii qazın verilməsi ilə əlaqədar keçirilən
mərasimdə bildirmişdi: "Mən çox istəyirəm
ki, Ağdam rayonunun inkişafı daha da sürətlə
getsin. Bildiyiniz kimi, bu məqsədlə müxtəlif tədbirlər
görülür, əlavə vəsaitlər
ayrılıbdır. Burada abadlıq işləri
aparılır, yeni müəssisələrin
yaradılması prosesi gedir, sosial obyektlərin, məktəblərin,
tibb məntəqələrinin tikintisi davam etdirilir. Bütün
bunlar insanlar üçündür. Azərbaycanın hər
bir yerinə və xüsusilə, işğaldan əziyyət
çəkən bölgələrə daha da böyük
diqqət göstərilməlidir. Bütün sosial problemlər
öz həllini tapmalıdır, bütün infrastruktur layihələri
uğurla icra edilməlidir. Buraya qaz xəttinin çəkilişi
çox əlamətdardır".
Sosial-iqtisadi
inkişafın sürətinə görə regionun lider
dövlətinə çevrilmiş Azərbaycanın
bütün bölgələri tarazlı inkişaf edir və
buna adekvat olaraq əhalinin sosial rifah halı da gündən-günə
yüksəlir. Erməni işğalçıları ilə
təmas xəttində yerləşən Ağdam
bütün sahələrdə inkişaf sürətinə
görə irəlidə olan rayonlar sırasındadır. Prezident
İlham Əliyevin Ağdama ötən il iki dəfə səfəri
olmuş və o, mühüm sosial obyektlərin
açılışında iştirak etmişdir.
Əhaliyə göstərilən
səhiyyə xidmətini müasir tələblər səviyyəsinə
qaldırmaq üçün Quzanlı qəsəbəsində
50 çarpayılıq yeni xəstəxana binası inşa
edilmişdir. Əhalinin sosial müdafiəsi mərkəzinin
rayon şöbəsi və Fövqəladə Hallar
Nazirliyinin zona idarəsi üçün inzibati binaların
inşası başa çatdırılmışdır. Vətən
uğrunda döyüşlərdə həlak olanların
xatirəsinə inşa edilən abidə kompleksində, Heydər
Əliyev adına parkda inşaat və yenidənqurma işləri
aparılıb. Quzanlını yaşıllıqlar
diyarına çevirmək üçün məqsədyönlü
tədbirlər həyata keçirilir. Qəsəbədə
"Kapital bank"ın Ağdam filialı üçün
müasir tipli bina da tikilib istifadəyə verilmişdir.
Ağdamın torpaqları çox münbitdir və kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar vardır. Cəbhənin ön xəttində yerləşməsinə baxmayaraq ağdamlılar əkin sahələrini ildən-ilə genişləndirir və bol məhsul əldə edirlər. Torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün daha çox sahədə taxıl, kartof, bostan, tərəvəz, yem bitkiləri əkmişlər. Bu ilin birinci rübündə 625 ton ət, 6212 ton süd, 1 milyon 342 min yumurta istehsal olunmuşdur. Bunlar keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Taxıl zəmilərindən də bol məhsul gözlənilir. Rayonda taxıl əkinlərinin sahəsi keçən ilə nisbətən 2,5 dəfə artırılaraq 18 min hektara çatdırılmışdır.
Atəşkəsin tez-tez pozulduğu bölgədə yaşamaq, sözün həqiqi mənasında, çətindir. Buna baxmayaraq Qarabağ savaşında minlərlə şəhid verən Ağdamda torpaq sevgisi, vətən məhəbbəti çox güclüdür. Doğma elə, yurda bağlı bu sevgini nə iləsə əvəzləmək qeyri-mümkündür. Düz 16 ildir ki, ağdamlılar gecələri səksəkəli yatır, sabahları nigaran açırlar. Amma hər könüldə bir ümid çırağı yanır. Aylar, illər ötdükcə bu çırağın işığı daha çox getdikcə şölə saçır.
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparılması və əldə olunan böyük nailiyyətlər bütün məcburi köçkünlər kimi ağdamlılarda da gələcəyə nikbin əhval-ruhiyyə yaradır. Ağdamlılıar ulu öndərin siyasi davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı siyasəti tam dəstəkləyirlər və tezliklə doğma yurdlarına qayıdacaqlarına əmindirlər.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 23 iyul.- S. 5.