İstirahət yeri, yoxsa soyğunçuluq məkanı
Yayın qızmar
günlərində paytaxt sakinlərinin bir qismi xarici ölkələrdə,
respublikamızın səfalı guşələrində, bir
qismi də bakıətrafı kəndlərdə, dənizkənarı
bağ evlərində dincəlməyə üstünlük
verir. Şəhərdə qalanlar isə asudə
vaxtlarını səmərəli keçirmək məqsədilə
ya həyətdəki yaşıl ağac kölgəsinə,
ya da paytaxtın park və istirahət guşələrinə
üz tuturlar.
Əlverişli məkanın əlverişsiz şərtləri
Zəngin mədəniyyətimizin
əsrarəngiz nümunəsi, qədim, tarixi Bakının
müasir simasının ən qiymətli təbii komplekslərindən
olan Dənizkənarı Milli Park paytaxt sakinləri, şəhərimizin
qonaqları üçün əlverişli istirahət məkanıdır.
Dənizkənarı bulvar ulu öndər Heydər Əliyevin
1998-ci il dekabrın 29-da imzaladığı sərəncamla
Milli Park statusu alaraq özünün yeniləşmə mərhələsinə
qədəm qoydu. Paytaxtın istirahət və turizm
infrastrukturu, ekoloji təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyətə malik olan bu məkanın təbii
kompleksinin qorunub saxlanılması və bərpa edilməsi,
onun müasir memarlıq tələblərinə uyğun yenidən
qurulması istiqamətində həyata keçirilən tədbirlər
davam etdirilir.
Prezident İlham Əliyev
Dənizkənarı bulvarın xalqımızın tarixi, mədəniyyəti
və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini
nəzərə alaraq, 2008-ci il yanvarın 10-da Nazirlər
Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin
yaradılması haqqında fərman imzalayıb. Dənizkənarı
bulvarın idarəetmə sisteminin təkmilləşdirilməsi
məqsədilə imzalanan fərmana və Prezidentin Bakı
şəhərində parkların və xiyabanların yenidən
qurulması ilə bağlı tapşırıqlarına
uyğun olaraq Milli Parkda geniş abadlıq-quruculuq işləri
görülür. Üç min yeddi yüz metrlik park ərazi
zolağı yeni tədbirlər planından sonra iyirmi beş
kilometrə qədər genişləndiriləcək.
Payızda 100 yaşı qeyd ediləcək park simasını tamam dəyişib. Təmir və yenidənqurmadan sonra burada əhalinin istirahəti üçün şərait - konsert zalı, rəqs meydançası, uşaqlar üçün əyləncə-istirahət kompleksləri yaradılıb, işıq dirəkləri, ictimai iaşə obyektləri təmir edilib, oturacaqlar yeniləri ilə əvəzlənib. Park boyu sahilbərkitmə işləri aparılır, yeni fəvvarələr inşa edilir. Abadlıq işləri ilə əlaqədar parkın yaşıllıq zolağı da genişləndirilib, burada ağaclara qulluq edilir, asfalt örtüyü yenilənir, təmizlik, səliqə-sahman saxlanılır. İtaliya, Türkiyə, Hollandiya, İran, Fransa, Belçika, Almaniya və digər ölkələrdən gətirilmiş şam ağacları, habelə müxtəlif nadir ağaclar, dekorativ kollar göz oxşayır. Vətəndaşların təhlükəsizliyinin təminatı, ictimai asayişin mühafizəsi, cinayət hallarının qarşısının alınması məqsədilə parkda nəzarət kameraları quraşdırılıb. İstirahət-əyləncə məkanının ərazisinin hüdudları da dəqiqləşdirilib, ərazidəki tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısı müəyyən edilib. Sadaladıqlarımızdan göründüyü kimi, Dənizkənarı Milli Park vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli məkandır. Amma...
Həm ziyarət, həm qarət
"Əmma"sı
çox qəlizdir, vətəndaşlar paytaxtın bu təbii
kompleksində onlar üçün yaradılmış xidmətdən
və şəraitdən lazımınca istifadə edə
bilmirlər. Bunun səbəbi Milli Park ərazisindəki kafe və
çayxanalar, satış köşkləri, habelə əyləncə-istirahət
komplekslərindəki qiymət bahalığındadır. Həmin
obyektlərin vətəndaşların ciblərini
soymasını, süni bahalıq yaratmasını
sözün əsl mənasında "həm ziyarət, həm
qarət" adlandırmaq olar. Ərazidə obyektlərdə
süni qiymət bahalığı və xidmət
haqlarının qanunsuz artırılması sakinlərin
hüquqlarını pozur. Bakının Nərimanov rayonunda
yaşayan şəhid ailəsi Seyran Həsənova
redaksiyamıza açdığı telefon zəngində
bildirdi: "Uşaqlara görə bulvara gedirdim. Şəhərin
digər əyləncə mərkəzlərində qiymətlər
bu qədər baha deyil. Niyə, səbəb nədir?! Özümə söz vermişəm,
bir də uşaqları bulvara gəzintiyə aparmayacam!"
Şəhər sakini
Gürzalı Nəbiyev (Nəsimi rayonu) və Yeganə Rəhimovadan
(Yasamal rayonu) eyni məzmunlu məktub aldıq. Narazılıqlar
buradakı xidmət obyektlərinin dilbir olaraq insanları
soymasıdır! Deyilənlər öz başımıza da gəldiyindən
reallığı təfsilatı ilə yazmağı məqsədəuyğun
bildik. İyulun ilk şənbəsi, axşamtərəfi
Hökumət evinin qarşısından Milli Parka daxil olduq.
"Park ərazisində attraksion, iaşə obyektlərində
və köşklərdə nömrəni göstərməklə
qiymət və xidmətlə bağlı şikayət və
təkliflərinizi Milli Park rəhbərliyinin "qaynar xətt"inə
zəng etməklə bildirməyiniz xahiş olunur" - Dənizkənarı
Bulvar İdarəsi köşklərdən, kafe və
çayxanalardan bu məzmunlu elan və bildirişlər asıb
(düzdür, elanların asıldığı yerlər, adətən,
ilk baxışdan diqqəti cəlb etmir). Bildirişlər
idarənin ictimai iaşə obyektləri və ticarət
köşklərinə qiymət bahalığına yol verməmək,
xidmət haqlarını qanunsuz artırmamaq barədə
qadağalardan xəbər versə də, bu məkanda qaydalara
məhəl qoymurlar! Ticarət köşklərində
çalışanların əksəriyyəti müvafiq
göstərişlərə tabe olmur, uniforma geymir,
sanitar-gigiyenik qaydalara riayət etmir!
Bu hələ
harasıdır? Köşklər dondurma məhsullarının,
sərinləşdirici içkilərin və meyvə şirələrinin
qiymətini azı 2-3 dəfə artırıblar. 30 qəpiklik
dondurmalar burada 1 manatadır. Bu rəqəm bəzi yerlərdə
2-4 və hətta 5 manata qədər dəyişir. Parkdakı
ən böyük qanunsuzluqlardan biri də keyfiyyətsiz qida məhsullarının
satışıdır. Köşklərdə istifadə
müddətini başa vurmuş və insan
sağlamlığı üçün təhlükəli
dondurmalara addımbaşı rast gəlinir. Özü də
bu məhsullar baha qiymətə - 2-3 manata satılır. Fəvvarəli
hovuzun yanındakı köşkdən dondurma aldıq. Köşkün
soyuducusunun ön tərəfinə dondurmanın qiymətinin
1 manat olduğu yazılmışdı. Amma satıcı
dondurmaya görə bizdən 1 yox, 4 manat tələb etdi. Onun
qiyməti 40 qəpik olan məhsula 4 manat tələb etməsiylə
razılaşmayıb dondurmanı geri qaytarmaq istədik. Satıcı
tələbimizdən narazı qaldı, səsini
qaldırıb kobudluq etdi, nə qiyməti endirdi, nə
dondurmanı geri aldı(?!).
Qiymət bahalığı tələbatın daha çox olduğu sərinləşdirici içkilərin satışında da geniş miqyas alıb. Köşklər meyvə şirələri və sərinləşdirici içkilərin də qiymətlərini 2-3 dəfə artırıblar. Satış qiyməti 20 qəpik olan "Bonaqua" mineral sulari 50 qəpik, "Aqua mineralle" 1 manatdır. 30 qəpiklik "Coca cola", "Fanta", "Pepsy", "Sprite" 60 qəpiyədir. Parkın uşaq əyləncə-istirahət komplekslərindəki xidmət haqları valideynlərin ciblərini soymaq üçün ən "ideal" yerdir. Belə ki bir uşağın avtodromda cəmi 3 dəqiqə maşın sürməsi valideynlərə nə az, nə çox, düz 2 manata başa gəlir. Müşahidələr apararkən bu xidmətə görə vətəndaşlara çek verilmədiyini gördük. Uşaq avtodromunda toplanan külli miqdarda vəsait qanunsuz yolla mənimsənilir.
"Mənlik
deyil!" Bəs kimlikdir?
Milli Parkda ən böyük qanunsuzluqlar, özbaşınalıqlar kafe və çayxanalarda hökm sürür. Bu obyektlər işçilərlə əmək müqaviləsi bağlamırlar, müxtəlif vasitələrlə vətəndaşları aldadır, onların məlumatsızlıqlarından istifadə edərək ciblərini soyurlar. Vergi tutulmalarından kənarda qalan, dövlət büdcəsindən yayındırılan külli miqdarda vəsait şəxsi ciblərə axıdılır.
Belə çayxanalara Milli Parkda addımbaşı rast gəlmək olar. "Xəzər-1" kafesi müştərilərdən pul qoparmaq üçün ən müxtəlif vasitələrdən yararlanır. Xidmətçilər müştərilərə çayın qiymətinin 2 manat olduğunu deyirlər. Amma müştərinin sifariş verib-verməməsindən asılı olmayaraq süfrəyə məcburi şəkildə əlavə olaraq, 10 manatlıq çay dəstgahı düzülür. "Kafemizdə çay ancaq şirniyyatla verilir. İstəməyən gedib başqa yerdə çay içsin" - deyə xidmətçi buranın yazılmamış "qanun"larını açıqladı. "Günəşli", "Xəzri"də də vəziyyət fərqli deyil. Məcburi qaydada 2 manatlıq çaya 10-15 manatlıq zay məhsullar əlavə olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən "Mirvari" kafesində nahar etmək istəyənlər ciblərini geniş açmalıdırlar. Vay halına ki, burada nahar edəsən! Menyüdə kababların və tabakanın 5, salatların 3, pivənin qiymətinin 3 manat olduğu göstərilsə də, yeməkdən sonrakı hesab ümumi qiymətdən 2-3 dəfə baha olur. Səbəbi? Səbəbi çox sadədir: obyektin əlavə haqqı var! Dənizkənarı Milli Parkın kafe və çayxanalarının xidmətçiləri qiymətlərin nə üçün baha olması haqda müştərilərin suallarına birağızdan belə cavab verirlər: "Bu, mənlik deyil". Çayxana sahibləri xidmətçilərə bütün müştərilərə bu cavabı verməyi tapşırıblar.
"Ştrix-Mini-F" firmasının sahibi
olduğu çayxanadakı qiymətlər
Dənizkənarı Bulvar İdarəsi
qanunsuzluqların qarşısında acizdir
Dənizkənarı bulvarın vəziyyətinə, mühafizəsinə, qorunmasına dövlət nəzarətini həyata keçirən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin təmsilçiləri parkdakı obyektlərin özbaşınalığı qarşısında aciz qaldığını bildirirlər(?!). İdarənin "Dənizkənarı Milli Park Müəssisəsi" MMC-nin direktoru Mənsur Həsənzadə iddia etdi ki, onun rəhbəri olduğu qurum kafe və çayxanaların qiymət tənzimlənməsinə, bu obyektlərin müştərilərə xidmət haqlarının süni şəkildə artırmamasına, təmizliyə, səliqə-sahmana ciddi nəzarət edir. Nəzarət hansı səviyyədədir ki, qiymət bahalığından kafe və çayxanalara yaxın düşmək olmur?
M.Həsənzadənin sözləri doğrudursa, 1 çaynik çay üçün 10-12 manat pul tələb edən kafe və çayxanaların bu özbaşınalığına niyə son qoyulmur? Xidmətçilərin müştərilərə menyünü təqdim etməyə borclu olduqları halda, qaydalara riayət etməmələrini nə ilə əlaqələndirmək olar? Suallar çox, cavab isə yox! Mənsur Həsənzadə etiraf etdi ki, bəzi kafe və çayxanaların xidmətçiləri müştərilərə preskurantı təqdim etmək əvəzinə, menyüdəki yeməklərin adlarını sadalamaqla kifayətlənirlər. Sonra isə vətəndaşları aldadaraq hesabı artırırlar. Bu qanunsuzluqlarla üzləşənlər dərhal Dənizkənarı Bulvar İdarəsinə müraciət etməlidirlər. İdarədə bu özbaşınalıqların qarşısını almaq, vətəndaşların şikayətlərinin təmin edilməsi məqsədilə "Qaynar xətt" yaradılıb. Mənsur Həsənzadə bəzi kafe və çayxanaların çay dəstgahını müştərilərə məcburən verdiklərini bildirdi: "Bu, vətəndaşlar arasında kəskin narazılıqla qarşılanır. Müştərilər idarənin müəyyənləşdirdiyi qaydalardan xəbərsizdirlər. Bir neçə gün öncə iaşə obyektlərinin, köşklərin, kafe və çay evlərinin sahiblərinin iştirakı ilə geniş iclas keçirdik. Toplantıda bütün sahibkarlara qiymət artımına yol verməmək, habelə xidmət səviyyəsini yüksəltmək barəsində göstəriş verildi və xidmət haqlarının əsassız qaldırılması qadağan edildi. Bulvar idarəsinin rəhbəri kafe və çayxanaların rəhbərlərinə tapşırdı ki, çayın müştərilərə şirniyyatla məcburən satılması hallarına son qoysunlar. Tapşırıqlara əməl edilməsini araşdırmaq məqsədilə iki xüsusi komissiya yaradılıb".
İdarə tərəfindən yaradılmış formal komissiyanın üzvləri park ərazisində hər gün reyd aparmaq əvəzinə, ayda bir dəfə gözəyarı yoxlama keçirirlər. Kafe və çayxanalar, ticarət köşkləri də bu nəzarətsizlikdən istifadə edir, qiymətləri artırırlar. Dənizkənarı Bulvar İdarəsinin rəsmisi özbaşınalıqlar qarşısında aciz qaldığını etiraf etdi: "Kafe və çayxanalarda müştərilərə şirniyyatları məcburi şəkildə verilməsi hallarına yenə də rast gəlinir. Əgər kimsə bununla bağlı bizə müraciət etsə, həmin xidmətçini işdən kənarlaşdıracağıq. Vətəndaşlardan xahiş edirik ki, qanunsuzluqla üzləşdikdə dərhal "Qaynar xətt"ə müraciət etsinlər. Əməkdaşlarımız dərhal həmin kafedəki özbaşınalığın qarşısını alacaqlar".
Əsassız bəhanələrdir! Sadaladığımız çoxsaylı qanunsuzluqlar artıq iki aydır davam edir, özü də bu idarənin düz gözü qarşısında! Əgər bu müddətdə problemi görməli olub onun qarşısını almağa məsuliyyət daşıyanlar əvəzində özlərini görməzliyə vurublarsa, demək, məsələnin məğzi tam başqadır.
İdarə köşklərdəki
özbaşınalıqları da "görmür"
Sanitar-gigiyenik qaydalara əsasən, köşk satıcıları müştərilərə xidmət zamanı əllərinə əlcək, əyinlərinə uniforma geyinməlidirlər. Ancaq park ərazisindəki köşklərdə müşahidə apardığımız zaman heç bir satıcının əlində əlcək görmədik. Bunu "Dənizkənarı Milli Park Müəssisəsi" rəhbərinin diqqətinə çatdırdıqda o, xidmətçilərin əlcək geyinməmələrini guya əlcəklərin çirklənməsi ilə əlaqələndirdi. 35 köşk xidmətçisinin hər birinin əlcəyinin eyni vaxtda çirklənməsi nə dərəcədə inandırıcıdır? Digər tərəfdən, əlcək çirklənəndə yenisi ilə əvəzlənməlidir. MMC direktoru bəzi satıcıların uniforma geyinməmələrini də guya formaların tez-tez çirklənməsi ilə əsaslandırdı. O, Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarına yeni köşk satıcıları üçün əlcəklər almağı tapşırdı. Söz verdi ki, bundan sonra bütün köşk işçilərinin xidmət vaxtı əlcək geyinmələrinə nəzarət ediləcək.
"Dənizkənarı Milli Park Müəssisəsi" direktorunun ticarət köşklərindəki dondurmaların olduqca baha qiymətə satılmasından da xəbəri yox imiş(?!). Tez-tez ərazində reydlər keçirdiyini, qiymət bahalığına nəzarət olunduğunu iddia edən direktorun söylədikləri onun dondurma və sərinləşdirici içkilərin qiymətlərindən "məlumatsız" olduğunu sübut etdi. M.Həsənzadə "Əgər idarə köşklərə nəzarət edirsə, nə üçün dondurmalar 4-5 manata, sərinləşdirici içkilər isə 2-3 dəfə baha qiymətə satılır" sualımıza cavab vermək əvəzinə "Dondurmaların qiyməti 30 qəpiyədir.
Gedib birlikdə yoxlaya bilərik" - dedi. Təkliflə razılaşıb bulvar idarəsinin əməkdaşları ilə birlikdə ticarət köşklərində yenidən reydlər keçirdik. "Dənizkənarı Milli Park Müəssisəsi" rəhbərinin söylədiklərinin həqiqətə uyğun olmasını cani-dildən təsdiq etməyə çalışan bulvar idarəsinin əməkdaşları lap məyus oldular, parkda qiyməti 30 qəpik olan dondurma tapa bilmədik. Bir sözlə, Dənizkənarı Bulvar İdarəsi rəsmisinin söylədiklərinin heç biri təsdiqini tapmadı.
Təbii ki, bu nəzarətsizlik səbəbindən Milli Parkdakı özbaşınalıqlar hələ uzun müddət davam edəcək. Bütün bunlar bizim Milli Parkda cəmi bir neçə saat ərzində apardığımız müşahidələr zamanı üzləşdiyimiz qanunsuzluqlar idi. Acınacaqlısı odur ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin nəzarətsizliyi səbəbindən özbaşınalıqların miqyası getdikcə artmaqdadır. Hərçənd buna qarşı ciddi mübarizə apardıqlarını deyən, ərazidə reydlər keçirərkən heç bir çatışmazlığı qeydə almadıqlarını iddia edən idarə rəsmiləri çoxsaylı neqativ faktları bu müddət ərzində aradan qaldırmalı idilər. Amma qaldırmayıblar, görünür, ya vəzifələrinin öhdəsindən layiqincə gələ, ya da buna ciddi nəzarət edə bilmirlər. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi "Dənizkənarı Milli Park Müəssisəsi"nin direktoru məsuliyyət daşıdığı ərazidəki və sahədəki problemlərdən yalnız bizim faktlardan sonra "xəbərdar" olduğunu söylədi və söz verdi ki, özbaşınalıqlar aradan qaldırılacaq. Amma vəd vermək əsas deyil. Əsas odur ki, verdiyin vədi yerinə yetirəsən.
Paytaxtın digər əyləncə-istirahət
mərkəzlərində də vəziyyət ürəkaçan
deyil
Təəssüf ki, paytaxtın digər istirahət və əyləncə guşələri, park və bağlarda da özbaşınalıqların miqyası artıb, qiymətlər od tutub yanır. Bunu Hüseyn Cavid və Mətbuat prospektlərində, "Gənclik" metrostansiyasından Ayna Sultanovanın heykəlinəcən, "Nərimanov" kinoteatrı ilə üzbəüz şəhid Xasay Şərifov adına parkda, 3-cü mikrorayonda, "Moskva" univermağının yaxınlığında Hüseynbala Əliyev küçəsindəki bağda və onlarca digər bu kimi yerlərdəki istirahət parklarının timsalında da görmək mümkündür. Bu və digər ərazilərdəki çayxanaların qiymət bahalığı bir yana, müştərilər üçün yaradılmış şərait də ürəkaçan deyil. Kafelərin yeri-yurdu sərin olsa da, bir balaca külək əsəndə toz az qalır içdiyin çayın rəngini dəyişə. Ərazi nə qədər sulansa da, tozlu olur. Masalar və stullar quru torpağın ustünə düzüldüyündən gediş-gəliş zamanı ayaq altından qalxan toz stolun üstündə, qənd qabında bənd alır. Açığını deyək ki, bu tip mövsümi çayxanaların çoxu gigiyenik tələblərə cavab vermir. Məsələn, 3-cü mikrorayondakı kolxoz bazarından Azadlıq prospektinə tərəf magistral yolun sağında, xüsusi həyət evlərinin qabağında və digər ərazilərdəki çayxanaların fəaliyyəti daha "özəldir". Çay həyətdə qaynadılıb, yol kənarındakı ağac altında əyləşən müştərilərə verilir. Yaxınlıqdakı zibilxananın üfunəti çayın ətrinə qarışanda adamın ürəyi bulanır. Belə çayxanalar şəhərimizin park və xiyabanlarında yağışdan sonra artan göbələk kimi çoxalmaqdadır.
Biləcəri qəsəbəsində Respublika Hərbi Komissarlığına məxsus ərazi ilə üzbəüz yaşıllıqda çayxana ilə yanaşı, kafe yol qırağı, sağa-sola şütüyən maşınların toz-torpağı, ətrafdakı natəmizlik, ictimai ayaqyolunun yaxınlıqda olması, sanitar qovşağının olmaması və s. antisanitariya mənbəyidir. Yandırılan zibilin hesabına və baxımsızlıq ucbatından buradakı nəhəng şam ağacları məhv olmaq təhlükəsiylə üzləşib. Əslində, Bakının bağ, park və xiyabanlarında, magistral yola yaxın həyətlərin qarşısındakı, yaşıllıqlar arasında bu cür kafe və çayxana tipli "iaşə xidməti" obyektləri onlarcadır. Hətta belə yerlərdə qəlyanaltı da təşkil olunur ki, bu da çox zaman spirtli içkisiz keçinmir. Bəzən sonu sərxoşluq və dava-dalaşla nəticələnə bilən qəlyanaltı qonaqlıqları təbii ki, həmin ərazidə yaşayanların narahatlığına və narazılığına səbəb olur.
Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən çay evlərində adi çay süfrəsinin qiyməti 15 manatdan 50 manata çatır. Qəribədir, çay sifariş verilən zaman müştərinin istəyindən asılı olmayaraq, çayla yanaşı süfrəyə günəbaxan halvası, çərəz, buğda qovurması, paxlava, cürbəcür mürəbbə, müxtəli şirniyyat və təamlar da düzülür. Tanışıyla çay içmək arzusuyla "Çay evi"nə gələnlər bu təamlardan istifadə edib-etməmələrindən asılı olmayaraq masaya düzülən nə varsa, haqqını ödəməlidirlər.
Ta qədimdən
süfrələrimizin milli təamı olan çaya ilin
bütün fəsillərində tələbat çoxdur.
Görüşüb, salamlaşıb ayrılmaq istədiyin
adamı "heç olmasa bir stəkan çay iç, gedərsən!" - deyib
yola salmaq milli mentalitetimizdədir. Bəs onda
çay süfrəsi arxasında soyğunçuluqla məşğul
olmağa nə ad verəsən? Yaxşı
olar ki, şəhərin hansı məkanından, hansı
ünvanından asılı olmayaraq, çay evlərində
müştərinin istəyi, arzusu nəzərə
alınsın. O ki qaldı müştərilərin
aldadılmasına, yəqin ki, qiymətlərin süni, əsassız
olaraq qaldırılmasına qarşı əncam çəkən
tapılar. Gözləyək...
Anar RASİMOĞLU,
Rəhman SALMANLI,
Azərbaycan.- 2009.- 23 iyul.- S. 7, 8.