İyulun 23-də Azərbaycan
Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya dövlət sərhədi
avtomobil magistralında, Masazır qəsəbəsi
yaxınlığında tikilmiş körpünün
açılışında iştirak etmişdir.
Körpünün
planı ilə tanış olan dövlətimizin
başçısına məlumat verildi ki,
"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi
avtomobil yolunun 6-cı və 16-cı kilometrlik hissəsinin
yenidən qurulması" layihəsinə 3
körpünün yenidən qurulması və bir yeni
körpünün tikintisi daxildir. Yolun 12-ci kilometrində
inşa edilən altı zolaqlı körpünün
uzunluğu 84 metr, eni 24,5 metrdir. Hərəkət
zolaqlarının hər birinin eni 3,75 metrdir.
Körpünün hər iki kənarı boyunca piyadaların
hərəkəti üçün səki salınmışdır.
Yerdən hündürlüyü 9 metr olan körpünün
tikintisində yüksək təzyiqə davamlı tirlərdən
istifadə edilmişdir. İnşaat işləri zamanı 47
min kubmetr torpaq işləri görülmüş, 4773 kubmetr
beton və 12 min 540 ton asfaltdan istifadə edilmişdir. Çexiya
İxrac Bankının maliyyələşdirdiyi layihənin
sifarişçisi Nəqliyyat Nazirliyidir. İnşaat işlərini
"Azərinşaatservis MMC" həyata keçirmişdir.
Xırdalandan və
Masazırdan gələn avtomobil yollarını magistralla birləşdirən
yeni körpü bu ərazidə nəqliyyat vasitələrinin
hərəkət rahatlığının təmin edilməsi
baxımından böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev
körpünün açılışını bildirən
lenti kəsdi.
Dövlətimizin
başçısına ətrafda aparılan abadlıq
işləri barədə də məlumat verildi.
Prezident İlham Əliyev
görülən işləri yüksək qiymətləndirdi,
əlavə tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 24 iyul.- S. 1.