Azərbaycan Prezidenti İlham
Əliyev Bakı dairəvi avtomobil yolunun tikintisi ilə tanış olmuşdur
İyulun 23-də Azərbaycan
Prezidenti İlham Əliyev Bakı dairəvi avtomobil yolunun
tikintisi ilə tanış olmuşdur.
Nəqliyyat Nazirliyinin
sifarişi ilə "Azərinşaatservis" MMC-nin tikdiyi
Bakı dairəvi yolunda işlərə 2006-cı ilin
oktyabrından başlanmışdır. Əsas yolun
uzunluğu 21,5 kilometr, köməkçi yolların
uzunluğu isə Biləcəri enişi ilə birlikdə
11,65 kilometrdir. Altı hərəkət zolaqlı yolun torpaq
yatağının eni 33,5 metr, əsas yolun hərəkət
hissəsinin eni 22,5 metr, hərəkət zolaqlarının hər
birinin eni 3,75 metr olacaqdır. Layihəyə əsasən,
yolun asfalt örtüyünün qalınlığı 19-27
santimetr olacaqdır. Torpaq işlərinin 60 faizi, asfalt işlərinin
11, drenaj borularının çəkilməsinin 90 və
kommunikasiya xətlərinin köçürülməsi
işlərinin 80 faizi başa
çatdırılmışdır.
Dövlətimizin
başçısına yolun istinad divarlarının
texniki-iqtisadi göstəriciləri barədə məlumat
verildi. Bildirildi ki, yolun tikintisi zamanı yamaclarda aşkar edilən
çatların və sürüşmənin
qarşısının alınması məqsədilə 22
min 359 kvadratmetrlik torpaq istinad divarlarının çəkilməsi
nəzərdə tutulmuşdur. Bu işlərin 10 faizi
başa çatdırılmışdır. Burada 640 metr
uzunluğunda beton istinad divarları da tikilir. Həmin divarların
320 metrlik hissəsi hazırdır.
Ərazidə 652 ədəd
drenajların yerləşdirilməsi nəzərdə
tutulmuş, işlərin artıq 62 faizi
görülmüşdür.
Dövlətimizin
başçısı Bakı-Rusiya, Bakı-Gürcüstan və
Bakı-İran sərhədləri avtomagistrallarını
birləşdirəcək bu layihə üzrə tikinti
işlərinin keyfiyyətlə yerinə yetirilməsi barədə
tapşırıqlarını verdi.
Sonra Prezident İlham Əliyev
Bakı dairəvi yolunun Bakı-İran sərhədi
avtomagistralı ilə birləşəcək hissəsinə
gəldi. Dövlətimizin başçısına məlumat
verildi ki, layihə çərçivəsində 6
körpü, 1 yeraltı avtomobil keçidi, 1 yeraltı piyada
keçidi və 4 avtobus dayanacağının inşası nəzərdə
tutulmuşdur. Artıq körpülərin tikintisinin 80 faizi,
yeraltı keçidlərin tikintisinin isə 96 faizi başa
çatdırılmışdır. Tikinti işlərinə
400 nəfərdən çox işçi qüvvəsi və
300-dək texnika və avadanlıq cəlb edilmişdir.
Ümumilikdə, işlərin
63 faizinin başa çatdırıldığı Bakı
dairəvi yolunun 2010-cu ilin avqustunda istifadəyə verilməsi
nəzərdə tutulur.
Prezident İlham Əliyev
işlərin yüksək keyfiyyətlə və vaxtında
başa çatdırılmasını tapşırdı və
müvafiq tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 24 iyul.- S. 1.