"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 834-ıııqd nömrəli qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 834-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 834-IIIQD nömrəli qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 834-IIIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 6.4-cü, 23.8-ci və 23.8.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 4.2-ci, 6.5-ci (birinci halda), 11.5-ci (üçüncü halda), 17.3-cü (ikinci halda) və 18.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 11.4-cü (birinci halda), 11.5-ci (birinci halda), 11.8-ci (ikinci və üçüncü halda), 18.3-cü (ikinci halda) və 18.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin qanunun 11.4-cü (ikinci halda) və 11.5-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

2.5. həmin qanunun 11.8-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

2.6. həmin qanunun 17.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirirlər.

3. Dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsinə dair təkliflərin hazırlanıb hər il may ayının 15-dək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məqsədilə:

3.1. dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən və digər aidiyyəti orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb hər il mart ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 3.1-ci bəndində göstərilən təklifləri ümumiləşdirib hər il aprel ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 10, maddə 605; 2004-cü il, ¹ 12, maddə 1014) 2-ci bəndinin ikinci abzasında "25.1-ci və 25.2-ci" rəqəmləri "və 25.1-ci" rəqəmi ilə əvəz edilsin və altıncı abzasında "23.3-cü," rəqəmindən sonra "25.2-ci," rəqəmi əlavə edilsin.

 

                                                                                                                                                                                                                                                                                            

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 iyul.- S. 3.