Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurulması barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və təmir-tikinti işlərinin aparılması məqsədi ilə ötən ildən etibarən tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu sahədə müəyyən işlər görülsə də, obyektin müasir tələblər səviyyəsində tam yenidənqurulmasının başa çatdırılması üçün əlavə maliyyə vəsaitinin ayrılmasına zərurət yaranmışdır.

Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və təmir-tikinti işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və təmir-tikinti işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu sərəncamın birinci bəndində göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasının hesabına köçürülməsini təmin etsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 iyul.- S.2.