Neft Daşları insan əməyinin
və zəkasının məhsuludur. Təbiətin bu
möcüzəsini dənizin dibindən "üzə
çıxaran" geoloqlar, qazmaçılar, sonra burada bənzərsiz
infrastruktur yaradan inşaatçılar, bütün
bunları idarə edən alimlər, istehsalat rəhbərləri,
bir sözlə, fatehlər, fədailər olmasaydı, Neft
Daşları da olmazdı. Biz bu fatehləri xatırlayacağıq.
"Möcüzələr
adası"nın Kolumbu
Neft Daşları
rayonunun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə
məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin rəhbərliyi
ilə SSRİ Elmlər Akademiyasının xüsusi
ekspedisiyası başladı. Üç il Xəzərin
fırtınalı qoynunda gərgin axtarışlar davam etdi.
Nəticədə rayonun geoloji xəritəsi hazırlandı,
sənaye üsulu ilə ilk kəşfiyyat
planlaşdırıldı. A.Əliyev qarşıya
qoyulmuş məqsədə nail oldu. Sübut etdi ki, Xəzərdə
neft mövcuddur, özü də böyük həcmdə. Bu
nefti çıxarmaq da mümkündür!
A.Əliyevin çoxlu
titulları vardı. Azərbaycanın əməkdar mühəndisi,
SSRİ-nin fəxri neftçisi, SSRİ dövlət
mükafatı laureatı, geologiya-minerologiya elmləri doktoru,
professor idi... Titulların hamısını gördüyü
titanik işlərin nəticəsində qazanmışdı.
Amma onların sırasında bir ad xüsusi önəm
daşıyırdı: Neft Daşlarının kəşfçisi.
İstedadlı geoloq
apardığı tədqiqatlar nəticəsində
Abşeron və Bakı arxipelaqları sahəsində neft və
qaz yataqları olduğu barədə proqnozlar vermiş, geoloji
axtarış və kəşfiyyat işlərinin harada
aparılmasını əsaslandırmışdır. "Neft
Daşları", "Gürgən-dəniz", "Qum
adası", "Bahar"... Bu, A.Əliyevin rəhbərliyi
və bilavasitə iştirakı ilə Xəzər dənizində
kəşf edilmiş yataqların tam siyahısı deyil. Küryanı
ərazidə isə "Kürovdağ",
"Mişovdağ", "Qalmaz",
"Qarabağlı", "Kürsəngi", "Kəlaməddin",
"Qaradağ", "Qaraçuxur" kimi 20-yə
yaxın neft və qaz yatağı
açılmışdır.
Neft Daşlarının
kəşfindən sonra "Günəşli",
"Çıraq", "Azəri", "Kəpəz"
kimi böyük ehtiyata malik yataqlar aşkar olundu. Təsadüfi
deyil ki, 1968-ci ildə professor A.Əliyev Azərbaycan Dövlət
Neft Sənaye Elmi-Tədqiqat Layihə İnstitutuna baş
geoloq - direktorun elmi işlər üzrə müavini təyin
edildi. Burada alim böyük elmi əhəmiyyət
daşıyan tədqiqatlarını davam etdirir. Bir sözlə,
Ağaqurban Əliyevin 150-dən çox elmi əsəri və
3 monoqrafiyası işıq üzü görüb. O,
ömrünün altı onilliyini neft-qaz yataqlarının kəşfinə
və işlənməsinə sərf edib.
İndi Azərbaycanın
neft sənayesində çalışan bir çox geoloq və
alimlər Ağaqurban müəllimdən dərs alıblar. Onun
rəhbərliyi ilə 15 nəfər geologiya-minerologiya elmləri
üzrə namizədlik dissertasiyası müdafiə edib. Artıq
onlar da bilgilərini yeni nəsillərə ötürərək
yaşa dolublar. Deməli, Ağaqurban Əliyevin geoloq
intuisiyası, axtarış eşqi, dərin biliyi bu gün də
yaşamaqdadır...
Neft Daşlarının
salnaməsindən
■Neft
Daşlarında estakadaların və estakadayanı
meydançaların tikintisi 1951-ci ildə
başlanmışdır.
■1951-ci ildə A.Əliyev,
Q.Abbasov, M.Kaveroçkin, N.Babayev, A.Kamladze, S.Qrobşteyn,
V.Noqayev, L.Meclumov, S.Orucov, Y.Səfərov, Ə.Yaqubov SSRİ
dövlət mükafatına layiq görülmüşlər.
■1957-ci il
noyabrın 21-də gecə baş verən qasırğa
zamanı 2 briqadanın 21 üzvü iş yerində həlak
olmuşdur.
■1959-cu ilin mart
ayında dənizdə göstərdikləri fədakarlığa
və rəşadətli əməyə görə Qurban
Abbasov, Məlik Göyçayev, Yusif Kərimov, Mixail
Kaveroçkin, Bəxtiyar Məmmədov Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşlər.
■1950-1954-cü illərdə
Neft Daşlarında 2 neftyığma məntəqəsi, 1
nömrəli sutəmizləyici qurğu, 16 ikimərtəbəli
yaşayış evi olan qəsəbə, idarə binası,
xəstəxana, aptek, dizel elektrik stansiyası, qazanxana, hamam,
mağaza, yanğınsöndürən nasos stansiyası, 2
nömrəli əmtəə çənləri parkı və
s. tikilmişdir.
Son mənzili də dəniz oldu...
Mixail dənizi sonsuz məhəbbətlə
sevirdi. O, həm mahir qazmaçı, həm də
bacarıqlı briqadir idi. Odur ki, Neft Daşlarında birinci kəşfiyyat
quyusuna usta təyin olunması təsadüfi deyildi.
1949-cu ilin əvvəlində
Mixail Kaveroçkinin briqadası adaya yaxınlaşdı və
qayalar üzərindəki evdə məskunlaşdı. Qazılmağa
başlayan 1 saylı quyudan götürülən nümunə
ilk neftin yaxınlaşmasından xəbər verirdi. Quyu
1949-cu il noyabrın 7-də fontan vurdu və bununla da dünyada
dəniz neftinin erası başlandı.
Neft tariximizin
şanlı səhifəsinə Mixail Kaveroçkinin də
adı əbədi yazıldı.
Kaveroçkin əmək
fəaliyyətinə qazmaçılar briqadasında fəhlə
kimi başlamış, vışkaçı,
qazmaçı köməkçisi, qazmaçı
olmuşdu.
1947-ci ildə Bakıda
Dəniz Qazma Tresti yaradıldı. Bu trestin Buzovnadakı idarəsinə
daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan tərxis
edilmiş M.Kaveroçkin idi. "Mərdəkan-dəniz"də
3 saylı quyunun qazılması ona həvalə olundu.
Kaveroçkinin
briqadası bir neçə il "Gürgən-dəniz"
sahəsində çalışdı və burada bir neçə
neft quyusunun qazılmasını başa çatdırdı. Briqada
Çilov, Pirallahı adalarında və digər yerlərdə
də iş aparıb.
O dövrdə diqqəti
cənub-şərqi Çilov adasının 22 kilometrliyində
yerləşən, sualtı qaya silsilələri ilə əhatə
olunmuş kiçik ada - Neft Daşları cəlb edirdi. Geoloqların
əldə etdikləri nəticələr səmərəli
və inandırıcı idi. 1948-ci ildə burada ilk quyunun kəşfiyyatına
başladılar.
1949-cu ildə neft verən
həmin quyudan sonra usta Kaveroçkinin briqadası daha 8 il
"Möcüzələr adası"nda quyular qazdı. Briqada
qazma prosesində üzə çıxan ən
müşkül məsələləri belə həll etməyə
qadir idi, günü-gündən püxtələşir, təcrübəsini
artırırdı.
Lakin 1957-ci ilin
fırtınalı noyabr günlərində faciə baş
verdi. Dəniz özülü dalğaların gücünə
tab gətirməyərək dağıldı. Özülün
nəhəng metal hissələri Kaveroçkini sevimli
briqadasının üzvləri ilə birlikdə əbədiyyətə
qovuşdurdu. Bunlar Süleyman Bağırov, Nikolay Duplixin,
İbrahim Sadıqov, Məmməd Muradov, Bala Mirzəyev və
başqaları idi.
Bəlkə bu da bir
qanunauyğunluqdur. Burada şöhrət taparaq dövlət
mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı
kimi yüksək ad qazanan Kaveroçkinin son mənzili də dəniz
oldu.
Flora SADIQLI
Azərbaycan.- 2009.- 24
iyul.- S. 6.