Son iki il ərzində isə taxıl əkinlərinin həcmi 600 hektar artıb. Onun 350 hektarı rayon ərazisində fəaliyyət göstərən imkanlı idarə, müəssisə və təşkilatların payına düşüb. Başlıca məqsəd muxtar respublikada daxili bazarın tələbatının tam ödənilməsinə yönəldilib.
Hazırda taxıl zəmilərində biçinin qızğın dövrüdür. Havaların qızmar və bürkülü keçməsinə baxmayaraq, istehsalçılar yetişdirdikləri məhsulu itkisiz toplamağa çalışırlar. Rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudovun sözlərinə görə, hələlik zəmilərin tən yarısında biçin aparılıb. Hər hektardan orta hesabla 31-32 sentner məhsul götürülür. Ötən illə müqayisədə məhsuldarlıq 7-8 sentner çoxdur.
Təcrübəli təsərrüfatçı Mehman Mahmudovun becərdiyi 20 hektar sahənin hər hektarından isə 45 sentnerdən artıq məhsul götürülüb. Rasim Ələkbərov, İsmayıl Əliyev və İlham Abdullayevin ailə təsərrüfatlarına məxsus taxıl sahələrində də məhsuldarlıq yüksək olub. Sədərək gömrükxanası əməkdaşlarının becərdikləri 30 hektar sahədən isə 120 ton məhsul toplanılıb.
Hazırda zəmilərə 8 kombayn çıxarılıb. Onun ikisi "Naxçıvan Aqrolizinq" ASC-nin yerli bazasına məxsusdur. Gün ərzində 60-65 hektar sahədə biçin aparılır. Biçinin sürətlə və itkisiz aparılması üçün yerli hakimiyyət orqanları da köməkliklərini əsirgəmirlər. Bu səbəbdən də "zəmi-xırman" konveyri normal işləyir.
Mütəxəssislərin fikrincə, sərhəd bölgəsində bu il zəmilərdən azı 6 min tondan artıq məhsul götürüləcək. Halbuki iki il bundan əvvəl bu rəqəm cəmi 3 min tonu təşkil edib. İstehsal edilən məhsulun alıcı problemi də həllini tapıb. Cari il muxtar respublikada istehsal edilən buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşdirilmiş qaydada satın alınması yerli istehsalçıların ürəyincə olub. Artıq bir neçə gündən sonra məhsulun tədarükünə başlanılacaqdır.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2009.- 24 iyul.-
S. 6.