Rusiya enerjimarşrutlarının
diversifikasiyasını dəstəkləyir
Rusiya hökumətinin
başçısı Vladimir Putinin Türkiyəyə səfəri
ərəfəsində Ankarada Baş nazir Rəcəb Tayyib Ərdoğan
və energetika və təbii ehtiyatlar naziri Taner Yıldız
ilə müzakirələr aparan Rusiya Baş nazirinin
müavini İqor Seçin jurnalistlərə müsahibəsində
bildirmişdir ki, rəsmi Moskva, Nabukko da daxil olmaqla, heç
bir başqa layihəyə əngəl törətmək istəmir.
Əksinə, biz enerji
marşrutlarının diversifikasiyasını və
özünü doğruldan bütün enerji layihələrini
dəstəkləyirik. Bununla yanaşı, "Qazprom"
şirkətinin layihələri Rusiya üçün
prioritet olaraq qalır.
İqor Seçin onu da əlavə
etmişdir ki, Nabukko kimi layihələrdə qaz
hasilatçıları və alıcıları bütün
detallara, başlıcası isə qiymət şərtlərinə
diqqət yetirməlidirlər.
Taner Yıldız isə
bildirmişdir ki, İqor Seçinlə görüşdə
"Cənub axın" və "Mavi axın-2" layihələri
müzakirə olunmuşdur.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 24 iyul.- S. 7.