Ermənistanda ordunun durumu ilə bağlı həyəcan təbili çalınır

 

Son dövrlər Ermənistan ordusunda xidmət edən əsgərlərin könüllü şəkildə Azərbaycan tərəfinə keçməsi hallarının artması işğalçı dövlətdə ciddi narahatlığa yol açıb. Ermənistanda belə hesab olunur ki, cari il ərzində bu cür halların çoxalması ordunun mənəvi durumunun kifayət qədər acınacaqlı olduğunu göstərməklə yanaşı, silahlı qüvvələrdə yaranan problemlərin miqyasının daha da genişlənməsindən xəbər verir.

"Ayk" qəzetinin yazdığına görə, ölkədə yaranan iqtisadi çətinlik, korrupsiyanın miqyasının genişlənməsi, həmçinin ordu rəhbərliyinin tabeliyində olanlara laqeyd münasibəti silahlı qüvvələrin döyüş qabiliyyətini xeyli azaldıb. Qəzet Dağlıq Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçəcəyi təqdirdə vəziyyətin Ermənistan üçün kifayət qədər acınacaqlı olacağını da xüsusi vurğulayır. Erməni hüquq müdafiəçisi Jora Xaçatryan isə bildirir ki, ordu rəhbərliyi əsgərlərin könüllü şəkildə Azərbaycan tərəfinə keçməsi hallarının çoxalmasına aydınlıq gətirməlidir. Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, Azərbaycana könüllü təslim olan erməni əsgərlərinin sayının bir qədər çoxalacağı şübhə doğurmur: "Bizim orduda işgəncə hallarının geniş yayılması sirr deyil. Lakin insan haqlarının pozulmasına görə rəhbərlik heç bir tədbir görmür. Ona görə də ordudan yayınma halları artır".

"Ayk" qəzeti isə yazır ki, ölkənin Müdafiə Nazirliyinin nikbin bəyanatlarına baxmayaraq, Ermənistan ordusu olduqca ciddi tənəzzül dövrünü yaşayır və bu ordunun ölkənin təhlükəsizliyini nə dərəcədə təmin etməsi sual altındadır. Bununla yanaşı, orduda fərarilik hallarının çoxalması və könüllü olaraq Azərbaycan tərəfə əsir düşən erməni əsgərlərinin sayının durmadan artmasının artıq ciddi siqnal olduğu vurğulanır.

Həqiqətən də proseslərin gedişi göstərir ki, son dövrlər erməni əsgərlərinin könüllü olaraq Azərbaycan ordusuna əsir düşməsi halları intensivləşib. Sonuncu belə hal isə iyulun 15-də Gədəbəy rayonu ərazisində qeydə alınıb. Cəbhə xəttini keçən Ermənistan Müdafiə Nazirliyi 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 1990-cı il təvəllüdlü, Yerevan şəhər sakini Karen Noriqoviç Harutyunyan əsgər yoldaşlarının ona verdikləri işgəncələrə dözmədiyini bildirib və bu səbəbdən öz istəyilə əsir düşdüyünü açıqlayıb. Bundan başqa, o, yemək tapmadığına və ac qaldığına görə də Ermənistan ordusunun sıralarını tərk etdiyini vurğulayıb.

Bundan əvvəl cari il may ayının 31-də cəbhənin Goranboy rayonu istiqamətində Gülüstan adlanan ərazidə Ohan Arutunyan və Gevorq Tovmosyan adlı iki erməni əsgəri könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olub. Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun Tonaşen yaşayış məntəqəsində yerləşən 38-862 saylı dağ-atıcı alayının əsgərləri Ohan Arutunyan və Gevorq Tovmosyan orduda cəmi 2 həftəyə yaxın olublar. Lakin bu iki həftə ərzində üzləşdikləri dəhşətli əziyyətlər sonda onların Azərbaycan tərəfə keçmələrinə səbəb olub. Orduda vəziyyətin pis olduğunu deyən ermənilər əsgərlərə verilən yeməyin keyfiyyətsiz olduğunu da bildiriblər.

Ohan Arutunyanın sözlərinə görə, onlar Dağlıq Qarabağda xidmət etmək istəmədiklərini Yerevandakı hərbi komissarlığa da bildiriblər. Lakin orada onlardan pul istəyiblər: "Atam 2-ci dərəcəli əlildir, anam isə evdar qadın. O pulu verə bilmədiyimizə görə bizi aldadaraq Qarabağa gətiriblər. Ona görə də biz qərara gədik ki, hərbi hissədən qaçaq, gələk Azərbaycana və burada bizi 3-cü ölkəyə göndərsinlər".

Gevorq Tovmosyan da üçüncü ölkəyə keçmək arzusundadır: "Mən eşitmişəm ki, əvvəl də Ermənistandan bura keçənlər olub. Bir müddətdən sonra onlar Azərbaycanın köməyi ilə 3-cü ölkəyə gedib və orada işləyiblər. Mənim arzum budur ki, buradan 3-cü ölkəyə gedim və orada 6 ay yaşadıqdan sonra o ölkənin vətəndaşı olum. Orada çalışım, valideynlərimə kömək edim və sonra valideynlərimi yanıma gətirim".

Cari il fevralın 28-də daha üç erməni əsgəri könüllü olaraq Azərbaycan tərəfə keçib. Xatırladaq ki, səhhətləri ilə bağlı problemləri olan bu əsgərlər Bakıda ciddi şəkildə həkim müayinəsindən keçib müalicə olunublar. Onlardan biri Qrant Markosyanın sözlərinə görə, onlar xəstə olublar və Ermənistanda müalicə oluna bilməyiblər: "Hospitala getdik, oradan isə qaçdıq və Azərbaycan tərəfə keçdik. Hara getdiyimizi bilirdik. Bilirdik ki, Ermənistan bu tərəfdə, Azərbaycan isə əks tərəfdə yerləşir. Ona görə Azərbaycana gəldik ki, bizi üçüncü ölkəyə göndərsinlər. Azmağımız və bura səhvən gəlib çıxmağımızla bağlı deyilənlər həqiqətə uyğun deyil".

Azərbaycana keçən erməni əsgərlər hərbi hissədə sıravi qulluqçuların səhhəti ilə bağlı şikayətlərin qulaqardına vurulduğunun kütləvi hal aldığını da etiraf ediblər. Bundan başqa, Azərbaycan tərəfə könüllü keçən erməni əsgərlərinin açıqlamalarından belə aydın olur ki, Ermənistan ordusu xəstəlikdən olduğu kimi, aclıqdan da böyük əziyyət çəkir və bəzən günlərlə yemək tapmır. Həmçinin o da vurğulanır ki, Ermənistan əsgərləri Azərbaycanın işğal edilmiş ərazilərinə məcburi şəkildə hərbi xidmətə göndərilir. Məsələn, könüllü olaraq əsir düşən erməni əsgəri Rafik Tevosyan Dağlıq Qarabağda xidmət etmək istəməyənlərdən külli miqdarda rüşvət tələb olunduğunu bildirir: "Orduda "dedovşina" da çox yüksək səviyyədədir. Biz nə vaxt pul alırıq, zabitlər əlimizdən alır. Hərbi hissədəki bir qədər yaşlı əsgərlər bizi döyür, öz işlərini bizə gördürürlər".

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Ermənistan ordusunda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçün nə maddi vəsait, nə də yer çatışır. Bu isə xəstəlikdən ölən erməni əsgərlərinin sayının durmadan artmasına səbəb olur. Qarşıdakı dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Çünki ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin bütün resursları tükənmiş durumdadır. Belə vəziyyətdə orduda fərarilik hallarının miqyasının daha da genişlənəcəyi gözlənilir. Orduda yaranan belə acınacaqlı vəziyyətdən qorxuya düşən valideynlər indi müxtəlif üsullarla övladlarını hərbi xidmətdən yayındırmağa üstünlük verirlər. Ən geniş yayılmış üsul isə erməni gənclərinin hərbi çağırış yaşına çatmağa az qalmış xarici ölkələrdən birinə, əsasən də Rusiyaya göndərilməsidir. Bu da Ermənistan ordusunun insan resursu baxımından ciddi problemlər yaşamasına təkan verib.

Belə bir ordunun isə Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin ilk həmləsində darmadağın olacağı heç bir şübhə doğurmur.

Görünür, elə bu səbəbdəndir ki, indi Ermənistan rəhbərliyi hər vəchlə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin uzadılmasına çalışır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 24 iyul.- S. 7.