Fransa erməniləri əl-ayağa düşmüşlər
Erməni lobbisinin vəsaiti
hesabına Parisdə fransız dilində nəşr olunan
gündəlik "Les Nouvelles d'Armenie" ("Ermənistan xəbərləri")
qəzetində "Dağlıq Qarabağ Respublikası və
Qarabağ əhalisi qorxu içindədir" sərlövhəli
məqalə dərc edilmişdir.
Məqalədə
"Böyük səkkizliyin" İtaliyada
keçirilmiş yığıncağında Amerika, Fransa və
Rusiya prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində səsləndirdikləri
fikirlərə münasibət bildirilmişdir. Qəzetin
yazdığına görə, üçlük
"Dağlıq Qarabağ Respublikasının" və əhalisinin
təhlükəsizliyinin təmin olunması barədə Ermənistanla
Azərbaycan arasında sülhün imzalanması, Cənubi
Qafqaz bölgəsində sabitliyin bərpa olunması məqsədini
daşıyan Madrid prinsiplərinin böyük əhəmiyyətini
qeyd etmişdir.
Üçlüyün
görüşündə Ermənistanla Dağlıq
Qarabağ arasındakı zona da daxil olmaqla bütün
Dağlıq Qarabağ ərazisinin Azərbaycanın əzəli
torpaqları olması və bu ərazilərin ölkəmizə
qaytarılması barədə səslənən fikirlər
Fransada yaşayan erməniləri, xüsusilə Azərbaycana
qarşı həmişə qərəzli mövqe tutmuş
Daşnaksutyun partiyasının Fransadakı qolu olan
Fransalı Ermənilər Assosiasiyasını (FRA) yaman qəzəbləndirmişdir.
Xaricdəki erməni
diasporunun, o cümlədən Fransadakı bu assosiasiyanın
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin danışıqlar yolu ilə həllini
dəstəkləmək əvəzinə onun yenidən
qızışmasında maraqlı olması, qondarma
"respublikadakı" soydaşlarının mənafelərini
müdafiə etmək adı altında başqa ərazilər
ələ keçirməklə "böyük Ermənistan"
yaratmaq kimi xam xəyallara qapılması, boş ideyalarla erməni
xalqını məhrumiyyətlərə məruz qoyması,
uçuruma yuvarlatması artıq hamıya gün kimi
aydındır. İdeyalarının mənasız olduğunu
dərk edən Fransa erməniləri qan
qardaşlarının ağır və həddindən
artıq çətin şəraiti barədə
düşünmək və onu aradan qaldırmaq əvəzinə,
yaranmış vəziyyəti daha da
qızışdırmağa səy edirlər. Məhz buna
görə də üçlüyün Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki
səylərini qərəzlə qarşılamışlar. FRA
Madrid prinsiplərinin Dağlıq Qarabağdakı erməni əhalisinin
istəklərinə tamamilə zidd olduğunu və guya
onların Ermənistan prezidentini təslimçilik
aktını imzalamağa sövq etdiyini israrla bildirməyə
çalışır. Assosiasiyanın fikrincə,
Dağlıq Qarabağ və onun əhalisinin müqəddəratına
və gələcəyinə aid bütün məsələlər
geniş şəkildə məsləhətləşmə
yolu ilə həll edilməli, danışıqlar prosesində
uydurma "Dağlıq Qarabağ Respublikası"nın rəsmilərinin
bilavasitə iştirakı təmin olunmalıdır.
FRA-nın rəhbərləri
Murad Papazyan, Riçar Ananyan və Tro Ekmekcanyandan ibarət heyət
Ermənistanın Fransadakı səfirliyində olmuşlar. Onlar
Ermənistanın son bir ildəki xarici siyasətinə, o cümlədən
Ermənistan-Türkiyə əlaqələrinə kəskin
münasibət bildirmiş, bu sahədə hökumətin fəaliyyətini
ciddi tənqid etmişlər. Ermənistan
diplomatiyasının son vaxtlar uğursuz siyasətini
vurğulayaraq erməni xalqının maraqlarına cavab verməyən
xətt götürmüş xarici işlər naziri Eduard
Nalbandyanın istefasını tələb etmişlər.
Son vaxtlar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ətrafında
danışıqalr prosesinin intensivləşməsi, digər
ölkələrin münaqişənin tezliklə həllinə
çalışması xaricdə yaşayan erməniləri
yamanca təşvişə salmışdır. Onlar
münaqişənin həlli istiqamətində atılan hər
addıma öz prizmalarından yanaşır və bu
danışıqlara qara yaxmağa çalışırlar. Çünki
işğal olunmuş torpaqların Azərbaycana
qaytarılacağını və beləliklə də
onların "dənizdən-dənizə böyük Ermənistan"
yaratmaq xülyalarının puça
çıxdığını dərk edirlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2009.- 24 iyul.- S. 7.