Bakıda milli-mədəni
identikliyin formalaşmasında
milli elitanın rolu müzakirə olunmuşdur
Bakıda
"İntellektual elita və milli-mədəni identikliyin
formalaşmasında onun rolu" mövzusunda beynəlxalq
simpozium keçirilmişdir.
Milli Elmlər
Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun, Avropa İnstitutunun və Rusiya Elmlər
Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun,
habelə "STMEQİ" Beynəlxalq Fondunun təşkil
etdikləri forumda Azərbaycan, İsrail, Rusiya, ABŞ,
Gürcüstan və Almaniyanın tanınmış mədəniyyət
və incəsənət xadimləri, jurnalistlər, dövlət
qurumlarının və ictimai təşkilatların nümayəndələri
iştirak etmişlər.
Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor
İlham Məmmədzadə simpoziumu açaraq demişdir ki,
elita konkret millətin özünəməxsus mədəniyyətinin
qorunub saxlanılmasında böyük rol oynayır. 2009-cu il
Azərbaycan elmi üçün əlamətdar olmuşdur.
Dövlət
başçısı mayın 4-də "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə milli
strategiya"nın və "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında sərəncamları imzalamışdır.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxışında demişdir: "Əlamətdar
haldır ki, Şolom Aleyxem kimi görkəmli
yazıçının yubileyi ölkəmizdə
keçirilmişdir. Azərbaycanın mədəniyyət
siyasəti milli özgürlüyün qorunub
saxlanılmasına, milli azlıqların dəstəklənməsinə
yönəlmişdir".
S.Məmmədəliyeva
dövlətin mədəniyyət sahəsində siyasətinin
ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən
olunmuş ölkənin mədəni potensialının və
irsinin qorunub saxlanılması, mədəni həyatın və
innovasiyaların müxtəlifliyinin dəstəklənməsi
ilə yanaşı, milli mədəniyyətin
inkişafında varisliyin təmin olunması üçün
ölkənin ayrı-ayrı regionlarının sakinləri və
müxtəlif sosial qruplarının nümayəndələri
üçün vahid mədəni məkanın, bərabər
imkanların yaradılması, çoxmillətli dövlətdə
mədəniyyətlərarası dialoq üçün şəraitin
yaradılması və s. kimi strateji məqsədlərini
vurğulamışdır. Bunların, əslində, hər
birində millətin mədəni identikliyinin dəstəklənməsinin
əhəmiyyəti sezilir. Azərbaycan dövləti mədəniyyətə
xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşmərəmlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın təşəbbüsü
ilə bir sıra mühüm layihələr həyata
keçirilir. Bu baxımdan onun muğamın inkişafı və
təbliği sahəsində gördüyü işləri
xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın həmişə
öz impulslarını bütün dünyaya yayan bir ölkə
olduğunu bildirən İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının sədri İosif Şaqal demişdir:
"Mən bakılıyam. Uzun illər jurnalist işləmişəm.
Azərbaycan jurnalistika məktəbinin yetirmələri Rusiya,
İsrail, ABŞ, Almaniya və s. ölkələrdə
aparıcı mövqe tuturlar. Onlar dövlətlərin milli-mədəni
siyasətinə böyük təsir göstərir və bəzən
hətta onu formalaşdırırlar. Tolerantlıq, yumor hissi,
başqa mədəniyyətlərlə dialoqa girmək arzusu
və buna hazır olmaq kimi xüsusiyyətlərə xas olan
Azərbaycan jurnalistikasının fenomeni bundan
qaynaqlanır".
Çıxışlarda
bildirmişlər ki, elita millətin əsas mədəni
identiklik elementlərinin populyarlaşmasında və qorunub
saxlanılmasında müstəsna rol oynayır. Xüsusi
vurğulanmışdır ki, Azərbaycan mədəniyyətlərarası
dialoqa böyük əhəmiyyət verir, həmin dəyərlərin
yayılması istiqamətində zəruri tədbirlər
görür.
AzərTAc
Azərbaycan.- 2009.- 24 iyul.- S. 7.