Nabukko boru xəttinin fəaliyyətindən Türkiyə ildə 4 milyard dollara yaxın vergi alacaq

 

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Nabukko layihəsi ortaqlarının müzakirəsində Ankaranın 15 faizlik qaz almaq və vergilərlə bağlı tələblərinə aydınlıq gətirmişdir.

Nazir bildirmişdir ki, müzakirələrdə Nabukko boru xətti ilə nəql olunacaq qazın 15 faizi - təqribən 4,5 milyard kubmetri Türkiyənin daxili tələbatı üçün istənilirdi. Bu qazın Türkiyəyə hansı əsaslarla veriləcəyi layihə tərəfdaşlarının geniş müzakirələrinə səbəb oldu. Ankara əvvəlcə 15 faiz qazın tranzit və vergi xərcləri hesabına, yəni, pulsuz alınmasını təklif etsə də, indi belə düşünürük ki, mavi yanacağın ucuz qiymətə alınması Türkiyə üçün daha sərfəlidir. Bu zaman Maliyyə Nazirliyi boru xəttinin fəaliyyətindən ildə 4 milyard dollara yaxın vergi alacaq ki, bu da Türkiyənin iqtisadiyyatına mühüm töhfə olacaqdır.

Türkiyənin müzakirələrdə digər tələbi qərargahı Avstriyada olan Nabukko beynəlxalq şirkətinin boru xətti vergilərini ədalətli bölməsi olmuşdur. Taner Yıldızın sözlərinə görə, 3300 kilometr uzunluğunda qaz kəmərinin 2000 kilometrindən çoxunun Türkiyə ərazisindən keçəcəyini nəzərə alaraq tranzit və vergi xərclərinin də böyük bir hissəsinin Ankaraya çatması tamamilə ədalətlidir.

 

 

Azərbaycan.- 2009.- 24 iyul.- S. 7.