Toğrul Əsgərov Avropa çempionu tituluna layiq görülmüşdür

 

Serbiyanın Zrenyanin şəhərində keçirilən yeniyetmə güləşçilər arasında sərbəst güləş üzrə Avropa birinciliyinə yekun vurulmuşdur. Yarışın 2-ci günü Azərbaycan idmançıları daha 3 medal qazanmışlar.

54 kq çəkidə çıxış edən Toğrul Əsgərov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu tituluna yiyələnmişdir. İlk qarşılaşmada israilli Benyamin İsakovu böyük fərqlə məğlub edən Toğrul dörddəbir finalda moldovalı Maksim Prepelitadan güclü olmuşdu. Yarımfinalda yeniyetmə pəhləvanımız gürcü güləşçisi Zurar Yakobaşvili, final qarşılaşmasında isə Rusiya nümayəndəsi Həbib Batırov üzərində qələbə qazanmışdır.

76 kq çəkidə yarışan Orxan Şərifov ilk görüşdə Belarus təmsilçisi Vitaliy Bondarenkonu məğlub etsə də, dörddəbir finalda rusiyalı Zaur Makiyevə uduzmuşdur. Rəqibin finala çıxması təmsilçimizin təsəlliverici görüşlərdə iştirakına şərait yaratmışdır. Əvvəlcə polşalı Mateuş Pukaşı, sonra isə avstriyalı Alessandro Puntsanı məğlub edən Orxan Avropa birinciliyinin bürünc medalını boynundan asmışdır.

Nəhayət, 100 kq çəki dərəcəsində mübarizə aparan Əli Məhəmmədabirov da qitə birinciliyini bürünc medalla bitirmişdir. Onaltıdabir finalda moldovalı Yon Biltana qalib gələn Əli səkkizdəbir finalda olduqca çətin keçən görüşdə Rusiya güləşçisi Maqomed Taşaqadjievə uduzmuşdur. Sonrakı görüşlərdə qalib gələn rəqib finala çıxdığından pəhləvanımız gücünü bürünc medal uğrunda görüşlərdə sınamışdır. Almaniyalı Tomas Kofmanı təmiz qələbə ilə məğlub edən Əli ardınca israilli Emin Aslanov üzərində də inamlı qələbə qazanmışdır. Bürünc medal uğrunda həlledici qarşılaşmada ən ağır çəkili idmançımız gürcüstanlı rəqibi Omar Qusoşvilinin kürəyini döşəyə vurmuşdur.

Xatırladaq ki, ilk yarış günü güləşçilərimizdən 85 kq-da Elcan Usubzadə gümüş, 69 kq-da isə Kazım Abbasov bürünc medal qazanmışdır. Yekunda 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən sərbəst güləşçilərimiz komanda hesabında 4-cü yeri tutmuşlar.

Bu gün qızların mübarizəsinə start verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 iyul.- S. 8.