Qlobal iqtisadi böhranın həllində Azərbaycan nümunəsi

 

Dünya iqtisadiyyatında cari ilin ilk yarısı üçün mövcud olan ümumi mənzərə qlobal maliyyə böhranının bu sahədə heç də xoş olmayan bir vəziyyət yaratdığını göstərir. Ən azı ona görə ki, dünyanın iqtisadi artım tempi azalan xətt üzrə inkişaf edib, bəzi ölkələrdə bununla bağlı göstəricilər təhlükə doğuracaq dərəcədə pisləşib, işsizliyin səviyyəsi çoxalıb, sosial təminatlar sahəsində durum əhəmiyyətli dərəcədə pisləşib.

 

Azərbaycan yenə MDB-də liderdir

 

Beynəlxalq miqyasda tanınmış maliyyə və iqtisadi institutlar, araşdırma mərkəzləri dünya iqtisadiyyatında yaranan çətin vəziyyətin hələ cari il ərzində davam edəcəyini proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, ötən ilin sonunda olduğu kimi, bu il də dünyada ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsi azalacaq və dünya iqtisadiyyatı 1,4 faiz geriləyəcək. Fond belə hesab edir ki, cari il ərzində inkişaf etmiş ölkələrdə ÜDM 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, Asiyanın yeni sənaye ölkələrində 6 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaq.

Lakin MDB ölkələri arasında qlobal maliyyə böhranının təsirlərini indiyə qədər uğurla dəf edə bilən Azərbaycanın bundan sonra da iqtisadi inkişaf tempini qoruyub saxlayacağı proqnozlaşdırılır. Elə bu səbəbdəndir ki, Dünya Bankı ümumi daxili məhsulun artımına görə Azərbaycanın MDB-də yenə də lider statusunu qoruyub saxlayacağını bildirir.

Cari ilin ilk yarısı ilə bağlı iqtisadiyyatımızın statistik göstəriciləri də əslində Azərbaycanın qlobal böhranın dəf edilməsində ciddi uğurlara imza atdığını təsdiq edir. İyulun 22-də Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirib: "Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. Çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır".

Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi, onun neftdən asılılığının aradan qaldırılması və vaxtında görülən digər zəruri tədbirlər sayəsində Azərbaycan qlobal böhranın tüğyan etdiyi şəraitdə belə iqtisadi inkişaf tempini qoruya bilib. Həmçinin, dünya iqtisadiyyatına inteqrasiya zamanı Azərbaycanın daim milli maraqlarını ön planda tutması da qlobal böhranın ölkəmizə təsirlərinin minimum xarakter daşımasında mühüm rol oynayıb. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: "Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda, öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda, son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur".

Beynəlxalq araşdırma mərkəzləri də bildirir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi və bu qəbildən olan digər amillər qlobal böhranın, eləcə də neftin oynayan qiymətinin ölkəmizə hər hansı ciddi təsir göstərməsinə imkan verməyib. Həqiqətən də düzgün qurulmuş siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft-qaz amilindən asılılığı əhəmiyyətli dərəcədə azalda bilib. Elə bunun nəticəsidir ki, neftin bir barelinin qiyməti 140 dollardan 35 dollara düşəndə belə nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan əhalisi bu asılılığı hiss etdi. Halbuki dünyanın bir çox neft-qaz hasil edən ölkələrində "qara qızıl"ın ucuzlaşması ciddi ajiotaja, hətta dövlət büdcəsinin gəlirlər hissəsinin dəyişməsinə səbəb oldu. Azərbaycanın kifayət qədər maliyyə imkanları və resurslarının olması isə neftin ucuzlaşmasının ölkəmizə təsirsiz ötüşməsinə və hər hansı ciddi problem yaratmamasına gətirib çıxardı.

Bütün bunların nəticəsidir ki, cari ilin ilk yarısında ölkə iqtisadiyyatında mövcud vəziyyətin təhlili, dünyanın bir çox ölkəsindən fərqli olaraq, Azərbaycanda, əvvəlki kimi, dinamik inkişafın olduğunu meydana çıxarır. Hesablamalar göstərir ki, bu ilin ilk altı ayı ərzində Azərbaycanda ümumi daxili məhsulun həcmi 3,6 faiz artıb. Ekspertlər qlobal iqtisadi böhran şəraitində bunu kifayət qədər yüksək rəqəm hesab edirlər. Hər halda, digər ölkələrlə müqayisəli təhlil də bunu təsdiqləyir. Məsələn, Rusiyada cari ilin ilk yarısında iqtisadiyyat 10 faiz geriləyib. Rusiya İqtisadi İnkişaf Nazirliyi bu ilin ilk altı ayında ümumi daxili məhsulun artımının 10,1 faiz həcmində azaldığını təsdiqləyib. Analoji hal Ermənistanda da müşahidə olunur. Belə ki, 2009-cu ilin ilk 6 ayı ərzində Ermənistan iqtisadiyyatının tənəzzülü 16,3 faiz təşkil edib. Ermənistan milli statistik xidmətinin hesabatında bildirilir ki, ən böyük eniş tikinti sahəsində qeydə alınıb və 54,5 faiz təşkil edib. Bu ölkənin sənayesində eniş 11,5, kənd təsərrüfatında 2,5 faiz təşkil edib.

Hesabat dövründə Ermənistanın xarici ticarət dövriyyəsi 31,5 faiz, ixracatı 27,5 faiz, idxal isə 45,9 faiz azalıb. Ümumiyyətlə, cari ilin sonuna kimi bu ölkədə ümumi daxili məhsulun artımının azalma göstəricilərinin 25-30 faiz arasında dəyişəcəyi proqnozlaşdırılır. MDB-nin bir çox ölkələri də ümumi daxili məhsulda heç bir artımın olmamasından əziyyət çəkir. Məhz belə bir şəraitdə Azərbaycanda ilin ilk yarısı üçün ümumi daxili məhsulun həcminin 3,6 faiz artması kifayət qədər uğurlu göstərici sayıla bilər.

 

Kənd təsərrüfatı və ticarət sahələri dinamik inkişaf edir

 

Ümumiyyətlə, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə rəqəmlərin müqayisəli təhlili artım göstəricilərinin belə sahələrdə daha böyük olduğunu üzə çıxarır. Məsələn, aqrar sektorda bu il iyulun 1-nə kimi istehsal edilən məhsulun məcmu həcmində ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 faizlik artım baş verib. Aparılan araşdırmalar göstərir ki, əgər ötən ilin ilk yarısında Azərbaycanda 1233141,6 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdirsə, cari ilin altı ayı ərzində bu göstərici artaraq 1300372,5 min manata çatıb. Meşə təsərrüfatı, balıqçılıq sənayesində də ötən ilin ilk yarısı ilə müqayisədə artımlar qeydə alınıb.

Kənd təsərrüfatı sahəsində aparılan uğurlu siyasətin ən mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara, o cümlədən taxıla tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib: "Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir".

O da xüsusi olaraq qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımların, texnika və gübrə alınmasına edilən güzəştlərin nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb. Bunun arasında isə əsas yeri strateji məhsul sayılan buğda əkin sahəsi təşkil edib. Belə ki, buğda əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektara çatdırılıb. Artıq taxıl sahələrinin 976 min 474 hektarı və ya ümumi sahənin 89 faizi biçilib ki, nəticədə 2 milyon 557 min 33 ton məhsul yığılıb. Bu il iyulun 20-dək buğda əkinlərinin 713 min 532 hektarı və ya 88 faizi biçilib və 1 milyon 918 min 673 ton məhsul istehsal edilib. Bütün bunların nəticəsində yaxın tezlikdə Azərbaycanın artıq ərzaq buğdasının, eləcə də digər taxıl məhsullarının ixracına başlayacağı şübhə doğurmur.

Kənd təsərrüfatının belə sürətlə inkişafında 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Aqrolizinq" ASC-nin də xüsusi rolu olub. Məhz bu səhmdar cəmiyyət hesabına fermerlərin texnikaya olan tələbatı ödənilib. Bununla bağlı Prezident İlham Əliyev qeyd edir: "Əgər biz "Aqrolizinq"i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin açılmasına, yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir. Beləliklə, Azərbaycan sənayesi üçün yeni sahə yaradılır. "Aqrolizinq"in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi.

Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir". Fəaliyyətə başladığı 2005-ci ildən "Aqrolizinq" ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib. 2007-2009-cu illərdə Gəncə Avtomobil Zavodundan 1190 ədəd "Belarus" markalı traktor alınıb və bu ilin sonunadək daha 192 ədəd traktor alınması nəzərdə tutulur. Bu da, öz növbəsində, sənayenirn maşınqayırma istehsalının ölkəmizdə inkişafını stimullaşdırır.

Kənd təsərrüfatı ilə yanaşı, ölkəmizdə ticarət sferası da intensiv inkişaf etməkdədir. Belə ki, 2009-cu ilin yanvar-iyun aylarında ölkəmizdə həyata keçirilən pərakəndə ticarətin həcmi 5,6 milyard manata yaxın olub və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 8,5 faiz artım deməkdir. Hesabat dövrü ərzində əhali tərəfindən ticarət məntəqələrində 3 milyard 651 milyon manatlıq ərzaq məhsulları reallaşdırılıb ki, bu da 10,9 faizlik artımdan xəbər verir. Reallaşdırılan qeyri-ərzaq məhsullarının həcmi isə 1,9 milyard manat təşkil edib ki, bu da keçən ilin ilk yarısında qeydə alınan göstəricidən 3,7 faiz çoxdur. Hesabat dövrü ərzində ticarət dövriyyəsinin 15,3 faizi hüquqi şəxslər, 43,3 faizi təşkil olunan yarmarka və bazarlarda fiziki şəxslər, 41,3 faizi isə hüquqi şəxslər olmayan özəl sahibkarlar tərəfindən həyata keçirilib.

Bununla yanaşı, ilin ilk altı ayında əhaliyə göstərilən pullu xidmət 1 milyard 696 milyon manata bərabər olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən sahədə 13,1 faizlik artım deməkdir. Son bir il ərzində isə əhalinin əməkhaqlarında 19 faizlik artım qeydə alınıb. Lakin elə sahələr mövcuddur ki, burada əməkhaqqı göstəricisi daha yüksək rəqəmlərlə ifadə olunur. Məsələn, informasiya texnologiyaları sahəsində çalışanların məvacibi bu ilin ilk altı ayı ərzində 15,4 faiz artıb və indi bu sahədə çalışanların orta aylıq əməkhaqqısı 506 manata çatır.

 

Enerji istehsalı artır, ixrac marşrutları çoxalır

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri 2009-cu ilin birinci yarısında yerinə yetirilən işlərin həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 faiz və ya 1 milyard 362 milyon manatadək artırıb. Ümumilikdə isə konkret olaraq, bu ilin yanvar-iyun aylarında tikinti şirkətləri tərəfindən yeni obyektlərin inşası, həmçinin yenidənqurma və genişləndirmə üzrə 877,2 milyon manat məbləğində iş görülüb. Əsaslı təmirlə bağlı 313,4 milyon, cari təmirlə bağlı 82,1 milyon, digər inşaat işləri ilə bağlı görülən işlərin həcmi 89,3 milyon manat təşkil edib.

Hesabat dövründə özəl inşaat müəssisələri tərəfindən 989 milyon manat, dövlət müəssisələri tərəfindən 373 milyon manat məbləğində iş görülüb. Elə bu da tikinti sektorunda özəl fəaliyyətin kifayət qədər genişləndiyindən və dövlət tərəfindən buna müvafiq şəraitin yaradıldığından xəbər verir. Təxmini hesablamalara görə isə tikinti sektoru və ona bağlı sahələrdə 500 minə qədər insan çalışır. Aparılan araşdırmalar göstərir ki, tikinti sektorunda orta aylıq əməkhaqqı təxminən 450 manat təşkil edir. Ekspertlər onu da qeyd edirlər ki, ötən aydan etibarən həm adi, həm də güzəştli ipoteka kreditlərinin bərpa olunması tikinti sektorunda canlanmanı daha da artıracaq. Çünki ipoteka kreditləri sayəsində mənzillərə olan tələbat artan xətt üzrə inkişaf etməyə başlayıb.

Cari ilin ilk yarısında Azərbaycanda enerji məhsullarının istehsalında da artım qeydə alınıb. Məsələn, neft hasilatı hesabat dövrü üçün 2,5 faiz artaraq 24,8 milyon ton təşkil edib. Ümumiyyətlə, bu ilin sonuna kimi Azərbaycanın neft hasilatını 50 milyon tona çatdıracağı gözlənilir. Göstərilən həcmdə neftin hasilatı isə Azərbaycanın "qara qızıl" ixracatını artırması və beləliklə, daha çox gəlir əldə etməsi deməkdir. Yeri gəlmişkən qeyd edək ki, dünyanın ən böyük neft təşkilatı sayılan OPEK də Azərbaycanda neft hasilatının artacağını bildirir. Təşkilatın hesablamalarına görə, gələn il Azərbaycan gündəlik neft hasilatını 0,13 milyon barel artıraraq 1,12 milyon barelə çatdıracaq.

Bu ilin ilk yarısında Azərbaycanda təbii qaz istehsalında olan artım isə 14,2 faiz təşkil edərək 8,8 milyard kubmetrə çatıb. Müqayisə üçün bildirək ki, Rusiyada təbii qaz istehsalı 2009-cu ilin birinci yarısında 21 faiz azalıb. Onu da qeyd edək ki, Azərbaycan təbii qazın satış istiqamətlərinin çoxaldılmasında da cari il ərzində ciddi nailiyyətlərə imza atıb və gələn ildən etibarən ölkəmiz Rusiyaya da ən yüksək bazar qiymətləri ilə qaz ixracına başlayacaq.

Bundan başqa, Azərbaycanın enerji sektoruna əvvəlki kimi milyardlarla dollar həcmində investisiya yatırılacaq. Bu məqamla əlaqədar Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev bildirib: "Bu yaxınlarda imzalanmış yeni neft-qaz layihələri üzrə əməli-praktik işlər gələn ildən başlanacaqdır. "Şahdəniz" layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı konkret tədbirlər görülür. Dünya miqyasında bu böyük, nəhəng layihənin icrası nəticəsində təkcə "Şahdəniz" qaz yatağına 20 milyard dollara yaxın vəsait qoyulacaqdır. Yəni, bütün bunlar real proqramlardır, real işlərdir. Biz gündəlik fəaliyyətlə bu nəticələri təmin edirik".

Ümumiyyətlə, qlobal iqtisadi böhran şəraitində Azərbaycan üçün fərqləndirici xüsusiyyətlərdən biri də özünün investisiya imkanlarını qoruyub saxlamasıdır. Məlumdur ki, böhran şəraitində dünyanın bir çox ölkəsində investisiya layihələrinin icrası təxirə salınıb və ya belə layihələr tam dayandırılıb. Azərbaycanda isə cari ilin ilk yarısında, əvvəlki kimi, həm daxilə, həm də xaricə investisiyaların yatırılması prosesi davam etdirilib. Ümumilikdə hesabat dövrü ərzində əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait ayrılıb. Həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 124 milyon manat, o cümlədən təhsil müəssisələrinə 29 milyon manat, səhiyyə müəssisələrinə 9,4 milyon manat, mədəniyyət müəssisələrinə 32 milyon manat, idman müəssisələrinə 24 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 24 milyon manat vəsait sərf edilib.

Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 84 milyon manat, o cümlədən elektrik energetikası infrastrukturlarının tikintisi üçün 168 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 69 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 731 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 47 milyon manat vəsait yönəldilib. Bundan başqa, cari ilin ötən dövrü ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinin həyata keçirilməsi üçün 153 milyon manat vəsait sərf edilib.

 

Sahibkarlara dövlət qayğısı davam edir

 

Bu ilin ilk yarısında bank sektorunda da dinamik inkişaf qeydə alınıb. İllik hesablamaya əsasən, ölkədə bankların kapitallarında 32,1 faizlik artım baş verib. Həmçinin ilin əvvəlindən etibarən vətəndaşların yerli banklardakı əmanətlərinin həcmində 1,6 faizlik artım müşahidə olunub. Hesablamalara görə, indi banklarda olan fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 2 milyard manata yaxındır.

Onu da qeyd edək ki, Azərbaycan kredit reytinqinə görə də dünyada ilk yerlərdən birini tutur və qlobal böhran bu sahədə ölkəmizə hər hansı ciddi təsir göstərməmişdir. Bunu beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrindən də aydın görmək mümkündür. Belə ki, 2009-cu ildə "Moody's Investor Service" və "Fitch Ratings" beynəlxalq reytinq agentlikləri ölkəmizin növbəti kredit reytinq qiymətləndirilməsini həyata keçiriblər və əvvəlki illərdə təyin etdikləri kredit reytinqlərini müvafiq olaraq Ba1 və BB+ səviyyələrində bir daha təsdiqləyiblər.

"Standard&Poors" reytinq agentliyi isə Azərbaycana digər reytinq agentlikləri tərəfindən əvvəllər daha əlverişli iqtisadi şəraitdə verilmiş kredit reytinqləri səviyyəsində BB+ reytinqini ilk dəfə qiymətləndirmə nəticəsində təyin edib ki, bu da ölkə iqtisadiyyatının böyük imkanlarını və dayanıqlığını nümayiş etdirir. Azərbaycandan fərqli olaraq, 2008-ci ilin ortalarından indiyə kimi həmin reytinq agentlikləri bir sıra MDB dövlətlərinin, habelə Mərkəzi və Şərqi Avropa ölkələrinin kredit reytinqlərini yenidən qiymətləndirərək onları bir və ya iki pillə aşağı endiriblər.
Azərbaycanda inkişaf dinamizmini göstərən daha bir amil isə hüquqi şəxslərin sayının artmasıdır. 2009-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayında da 3,2 faizlik artım qeydə alınıb. Hazırda belə şəxslərin sayı 88875-ə çatır. Ümumiyyətlə isə istər fiziki, istərsə də hüquqi şəxslərin sayının artımı Azərbaycanda iş yerlərinin, eləcə də fəaliyyət göstərən müəssisələrin sayının çoxalmasından xəbər verir. Onu da bildirək ki, qlobal iqtisadi böhranın başlanmasından sonra MDB ölkələrində bir çox şirkətlərin fəaliyyətini dayandırdığı müşahidə olunur. Təkcə Moskvanın özündə ötən ilin noyabrından bu ilin aprelinə qədər olan müddət ərzində 2 minə yaxın şirkət fəaliyyətinə son vermək məcburiyyətində qalıb.

Analoji hal Ukraynada, Gürcüstanda, Ermənistanda və bir sıra digər MDB dövlətlərində də müşahidə olunur. Azərbaycanda isə bunun tam əksi yaşanır. Yəni, qlobal iqtisadi böhran MDB məkanında da işlək şirkətlərin sayının azalmasına səbəb olubsa, Azərbaycanda bunun əksinə olaraq onların sayı artıb.

Araşdırmalardan aydın olur ki, təkcə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 10 mindən artıqdır və belə müəssisələrin sayında 1,1 faizlik artım qeydə alınıb. Emal və tikinti müəssisələrinin sayı da artan xətt üzrə inkişaf edib. O da xüsusi diqqətçəkən faktdır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər tabeliyində olan işçilərin ixtisarını həyata keçirmir. Bu məqam qlobal iqtisadi böhranın əsas fəsadlarından biri sayılan işsizlik probleminin də Azərbaycandan yan keçməsində mühüm rol oynayır.

Böhran şəraitində dünya ölkələrinin bir çoxunda iş yerləri bağlandığı halda Azərbaycanda bunun tam əksi baş verməkdə və yeni iş yerləri yaradılmaqdadır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, cari ilin ilk altı ayında Azərbaycanda 35 min yeni iş yeri açılmışdır ki, bunun da 25 mini daimidir.

Dövlət tərəfindən sahibkarlara xüsusi qayğı və yardım göstərilməsi isə bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olur. Prezident İlham Əliyev bu məqamla bağlı qeyd edib ki, cari il ərzində sahibkarlığın inkişafı üçün daha böyük vəsait nəzərdə tutulur: "Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur".

Hazırda Sahibkarlığa Kömək Milli Fondundan ayrılan kreditlərin verilməsi davam edir. Bu məqsədlə nəzərdə tutulmuş məbləğin təxminən 40 faizi artıq xərclənib. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxışı zamanı Prezident İlham Əliyev qalan hissənin tezliklə xərclənməsinin vacibliyini bildirib: "Çünki kreditlər nə qədər tez verilərsə, sahibkarlar da bir o qədər tez işə başlaya bilər".

Xatırladaq ki, bu il sahibkarlara 130 milyon manat həcmində kredit verilməsi nəzərdə tutulub.

Bu məqam, eləcə də kredit sahəsində vəziyyətin daha əlverişli hala gəlməsi üçün görülən tədbirlər, ekspertlərə görə, yerli iqtisadiyyatın imkanlarının daha da böyüməsinə səbəb olacaq. Elə bu da qlobal böhranın Azərbaycana bundan sonrakı dövrlərdə də təsirinin minimuma endirilməsində vacib əhəmiyyətə malikdir.

 

Əhalinin maddi gəlirləri artır

 

Əlbəttə ki, qlobal böhran şəraitində iqtisadiyyatın inkişaf tempini qoruyub saxlaya bilən Azərbaycan üçün ön planda gələn məsələ ölkə vətəndaşlarının rahat yaşayışını təmin etmək, onların sosial təminatını tam ödəmək və bu qəbildən olan digər məsələlərin həllidir. Cari ilin ilk yarısında bununla bağlı da xeyli iş görülüb. Prezident İlham Əliyev bununla əlaqədar bildirib: "İlin birinci yarısında sosial məsələlərin həlli də uğurla davam edir, bütün sosial proqramlar həyata keçirilir. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir. Ünvanlı sosial yardımı alan insanların sayı 800 minə çatmışdır və orta hesabla hər bir ailəyə yüz manat yardım göstərilmişdir. Bu da çox böyük məbləğdir və çətin vəziyyətdə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən görülən konkret tədbirdir".

Görülən tədbirlər qlobal böhran şəraitində əhalinin maddi gəlirlərinin yüksəlməsində əhəmiyyətli rol oynayıb. Belə ki, aparılan hesablamalar nəticəsində bu il əhalinin pul gəlirlərinin 19 faiz artdığı məlum olub. Orta aylıq əməkhaqqı isə bu il təxminən 15 faiz artıb. Burada ona da xüsusi olaraq diqqət yetirilməlidir ki, əhalinin pul gəlirlərinin və orta aylıq əməkhaqqının belə artması fonunda bu il ölkəmizdə inflyasiyanın səviyyəsi çox aşağıdır. Təhlillər göstərir ki, altı ayda inflyasiya 3,7 faiz təşkil edib. Gündəlik tələbat məhsulları sırasında yer alan ərzaq malları üzrə inflyasiya isə cəmi 2,1 faiz olub. Bu da inflyasiyanın insanların sosial vəziyyətinə heç bir təsir göstərmədiyini və əhalinin real gəlirlərinin təxminən 15-16 faiz təşkil etdiyini göstərir. Əlbəttə ki, bütün bunlar dövlətin insanların sosial problemlərinin həllinə yönəlmiş uğurlu siyasətinin real nəticəsi hesab olunmalıdır.

Prezident İlham Əliyev bununla əlaqədar bildirib: "Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün hər şeyi edir... Biz bütün sosial proqramları icra edirik. Çünki ən əsası insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. İlk növbədə, bütün sosial proqramlar - pensiyalar, əməkhaqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir".

Beləliklə, sadalananlardan bir daha aydın olur ki, Azərbaycanda cari ilin ilk yarısında iqtisadiyyatın davamlı inkişaf tempi qorunub saxlanılıb və bütün sahələrdə nəzərəçarpacaq artım baş verib. Bütün bunlar 2009-cu ilin ilk altı ayının qlobal böhran şəraitində belə Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu göstərir. Görülən zəruri tədbirlər nəticəsində isə ilin sonunda ölkə iqtisadiyyatının artım tempində daha yüksək göstəricilərin qeydə alınacağı şübhə doğurmur.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 25 iyul.- S. 1, 5.