BMT-nin İnkişaf
Proqramının qrup rəhbəri Verena Linneveber Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun
Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat
Şurası sədrinin müavini və Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rəhbəri (BAMF) Umud Rəhimoğlu ilə
görüşmüşdür.
Rəhbəri olduğu
qurum haqqında ətraflı məlumat verən U.Rəhimoğlu
bildirmişdir ki, 1992-ci ildə dövlət qeydiyyatına
alınmış bu müstəqil qeyri-hökumət təşkilatı
BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC), ABŞ
Dövlət Departamentinin Özəl Tərəfdaşlıq
Proqramının, Qaçqınlar və Sığınacaq
Axtaranlar üzrə Avropa Şurasının (ECRE), Beynəlxalq
Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun
üzvüdür. Təşkilat BMT-nin Azərbaycan üzrə
İnkişafa Yardım Çərçivə Sənədinin
(UNDAF) Matris Nəticələri, Monitorinq və Qiymətləndirmə
Çərçivəsinin (2011-2015-ci illər)
hazırlanması prosesində bu il iyunun 11-dən başlayan
görüşlərdə idarəçilik və iqtisadi
inkişaf məsələləri üzrə işçi
qruplarında yaxından iştirak etmişdir. Sənəddə
mətbuatın inkişafına nisbətən az yer
ayrılması diqqətimizi çəkdi, bu istiqamətdə
təkliflərimizi bildirmişik. Mətbuata daha çox diqqət
ayrılmasının Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafında böyük əhəmiyyət
daşıdığını vurğulamaqla yanaşı,
ölkəmizdə yaranan yeni bir qurumun --Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat
Şurasının da adlarının tərəfdaşlar
sırasına salınmasını təklif etmişik. Eyni
zamanda, bu barədə şəbəkədə olan, çərçivə
sənədini hazırlayan işçi qrupunun rəhbərliyinə
və bütün üzvlərinə məktubla müraciət
edərək təkliflərimizi bildirmişik.
Məhz bu təkliflərlə
əlaqədar U.Rəhimoğlu ilə
görüşdüyünü bildirən xanım V.Linneveber
yeni yaranan qurumun və Mətbuat Şurasının
mandatı, statusu, əsas fəaliyyət istiqamətləri,
ümumilikdə Azərbaycanda mətbuatın vəziyyəti
ilə maraqlandığını söyləmişdir.
U.Rəhimoğlu
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun, Mətbuat Şurasının yaranması və fəaliyyəti
barədə ətraflı məlumat vermişdir. O demişdir
ki, kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyinin əsas məqsədi vətəndaş
cəmiyyəti quruculuğu prosesində onların
mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat
azadlığını inkişaf etdirmək, KİV-lərin
müstəqilliyini dəstəkləmək, redaksiyalara
yardım mexanizmini təkmilləşdirmək, KİV
arasında səmərəli əməkdaşlığı
gücləndirmək, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına şərait yaratmaq və
s. ibarətdir. Milli Mətbuat Günü ilə əlaqədar
39 informasiya qurumunun hər birinə 10 min manat məbləğində
birdəfəlik yardım verilmişdir. Hazırda ölkə
KİV-i arasında layihə müsabiqəsi keçirilir.
Layihə təkliflərinin qəbulu bu ayın sonunda
yekunlaşacaqdır. Avqust ayında təkliflər ekspertlər
tərəfindən qiymətləndiriləcək və
seçilən layihələr ilin sonuna kimi icra olunacaqdır.
V.Linneveber
görüşün nəticələri barədə BMT-nin
İnkişaf Proqramının rəhbərliyini, həmkarlarını
məlumatlandıracağını, xatırladılan çərçivə
sənədinə KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun və Mətbuat Şurasının
adlarının da tərəfdaş təşkilat kimi
salınmasının mümkünlüyü ilə
bağlı şəbəkə daxilində bu təklifi dəstəkləyəcəyini
bildirmişdir.
Azərbaycana növbəti
dəfə sentyabrda, uzunmüddətli səfər edəcəyini
deyən xanım V.Linneveber ölkə mətbuatının vəziyyəti
ilə daha yaxından tanış ola biləcəyinə və
bu istiqamətdə yerli qurumlarla əməkdaşlıq edəcəyinə
əminliyini söyləmişdir.
Xatırladaq ki,
V.Linneveber BMT-nin İnkişaf Proqramının qərargahından
sözügedən sənədin hazırlanmasında
iştirak etmək üçün Azərbaycana gəlmişdir.
Azərbaycan.- 2009.- 25 iyul.- S. 5.