Nazirlər kabinetində görüş

 

Azərbaycanın Baş naziri Artur Rasizadə iyulun 24-də ölkəmizdə səfərdə olan Çexiyanın maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasizadə Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir. Sənaye, nəqliyyat, humanitar sahələrdə, ümumiyyətlə, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsinin vacibliyini nəzərə çatdıran Baş nazir bunun üçün hər cür şəraitin olduğunu söyləmişdir.

Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Eduard Yanota öz ölkəsinin regionda lider dövlət olan Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi maraq göstərdiyini bildirmişdir. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maliyyə sektorunda əlaqələrin sürətli inkişafını arzulayan qonaq demişdir ki, Bakıya ilk səfərinin əsas məqsədi də azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında gələcək əməkdaşlığın daha səmərəli təşkili üçün zəruri hüquqi bazanın yaradılması üçün lazımi sənədləri hazırlamaqdır.

Müvafiq hökumət qurumları ilə apardığı danışıqlar barədə Baş nazirə ətraflı məlumat verən Eduard Yanota hər iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbulda iştirak edirdi.

 

 

Azərbaycan.- 2009.- 25 iyul.- S. 5.