"Böyük Bakının regional inkişaf planı" ilə əlaqədar görüş keçirilmişdir

 

İyulun 24-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakının regional inkişaf planı"nın hazırlanmasına dair beynəlxalq müsabiqədə iştirak edəcək şirkətlərin təmsilçiləri ilə görüş keçirilmişdir.

Komitənin sədri Abbas Ələsgərov müsabiqənin Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə razılaşdırılmış şərtləri və hazırlanmış müvafiq sənədlər toplusu barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Komitə sədri, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının təlimatına əsasən, 21 dövləti təmsil edən 34 şirkətdən 6 şirkət qrupunun müsabiqədə iştirak etmək üçün seçildiyini bildirmişdir.

Müsabiqədə ABŞ, İngiltərə, İsrail, Niderland və Avstraliyanı birgə təmsil edən şirkətlər, eləcə də Bakı Dövlət Layihə İnstitutu iştirak edir.

Müsabiqə təkliflərinin komitəyə təqdim edilməsi və açılışı avqustun 10-12-nə nəzərdə tutulmuşdur.

Görüşdə Bakının müxtəlif illərdə ayrı-ayrı memarlar tərəfindən hazırlanmış baş planları slaydlarla nümayiş etdirilmiş, paytaxtın baş planı üzrə genişləndirilməli olan yaşayış rayonları, 1986-2005-ci illəri əhatə edən son baş planın icrası barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 iyul.- S. 5.