Qlobal enerji təhlükəsizliyinin təminatında AZƏRBAYCAN FAKTORU

 

əşhur italiyalı bəstəkar Cüzeppe Verdi "Nabukko" operasını yazarkən heç təsəvvür edə bilməzdi ki, bu əsər ona həm dünya şöhrəti gətirəcək, həm də nə vaxtsa dünyanın geosiyasi səhnəsində əsas rol oynayacaq bir kəmərin adını da daşıyacaq. Verdinin sənət aləmində əsas möhürlərindən sayılan bu əsərin qəhrəmanının şərəfinə adlandırılan Nabukko layihəsi indi italiyalı bəstəkarın siyasət məkanında kifayət qədər məşhurlaşmasına yol açıb. Lakin görünən odur ki, "Nabukko" operasının qəhrəmanlarının taleyi kimi onun adını daşıyan layihənin reallaşması da olduqca keşməkeşli yollardan, çətin mübarizə sınaqlarından keçməli olacaq.

 

Nabukko layihəsinin ideyası Azərbaycanın enerji siyasətinin nəticəsi kimi yaranıb

 

Faktdır ki, bu gün Nabukko layihəsindən danışarkən onun reallaşmasında əsas iştirakçı dövlətlərdən biri kimi məhz Azərbaycan yada düşür. Ümumiyyətlə, Azərbaycanın indi təkcə mövcud olduğu yox, kifayət qədər geniş bir regionun, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynaması ölkəmizin beynəlxalq birliyin daim xüsusi diqqət mərkəzində qalmasının səbəblərindən biridir. Həmçinin, enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolunun günü-gündən artması ölkəmizlə dünya dövlətlərini, xüsusən də Qərbi bu sferada daha sıx əməkdaşlığa sövq etməkdədir. Buna əsas səbəb həm Azərbaycanın özünün enerji ehtiyatları ilə kifayət qədər zəngin olmasına görə uzun müddət Qərbin enerji tələbatlarının ödənliməsində vacib rola malik tərəflərdən biri kimi çıxış etməsi, həm də Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkünsüzlüyüdür.
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən və Qərbin böyük ümidlə baxdığı Nabukko layihəsinin reallaşmasında da Azərbaycan əsas açar rolunu oynayan dövlət kimi qəbul olunmaqdadır. Bununla bağlı Prezident İlham Əliyev bildirir: "Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz, şübhə etmirəm ki, bu mövqe üstünlük təşkil edəcəkdir.
Bilirəm ki, tərəfdaşlarımızın böyük əksəriyyəti bu mövqeyi bölüşür".

Bu mənada iyulun 13-də ilk mərhələdə Xəzər hövzəsi qazının Avropaya nəqlini nəzərdə tutan Nabukko ilə bağlı Ankarada imzalanan hökümətlərarası sazişdən sonra da layihənin reallaşmasında əsas ümid yeri kimi Azərbaycanın qəbul edilməsi tam təbii sayıla bilər. Xatırladaq ki, "Əsrin sövdələşməsi" adlandırılan sənədi Türkiyə, Avstriya və Macarıstanın Baş nazirləri, eləcə də Bolqarıstan və Rumıniyanın energetika nazirləri imzalayıblar. İmzalama mərasimində təxminən 30 ölkənin rəsmiləri, eləcə də Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da iştirak edib. Mərasimdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev təmsil edib.

Qeyd edildiyi kimi isə layihənin reallaşması istiqamətində təchizat və tranzit baxımından əsas rol oynayan ölkələr sırasında ilk olaraq Azərbaycanın adı çəkilir. Prezident İlham Əliyev bununla bağlı bildirir ki, Azərbaycan Nabukko ilə nəql edilməsi üçün kifayət qədər təbii qaz ehtiyatlarına malikdir: "Azərbaycan həmişə Nabukko layihəsini dəstəkləyib. Ümumiyyətlə, Nabukko bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər 1996-cı ildə Azərbaycan bp və digər şirkətlərlə "Şahdəniz" qaz yatağının istismarına dair saziş imzalamasaydı və partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün Nabukko layihəsinə dair sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan Nabukkonun təşəbbüskarı olmaqla yanaşı, eləcə də əməldə diversifikasiya və nəql infrastrukturunun yaradılmasını dəstəkləyən ölkədir".

Bununla yanaşı, Azərbaycan Nabukko layihəsinin reallaşmasında mühüm ölkə kimi çıxış etməsi fonunda öz milli maraqlarının təmin edilməsini ön planda saxlayacaq. Bu mənada Azərbaycan tərəfi Nabukkoya dair sazişin beynəlxalq prinsiplərə söykənməsinin vacibliyini bəyan edir. Prezident İlham Əliyev bildirir ki, Türkiyədə Nabukkoya dair imzalanmış saziş ədalətli şərtlərə və beynəlxalq səviyyədə tanınan prinsiplərə söykənməlidir: "Bu ilin may ayında Azərbaycan Nabukkonu dəstəkləyən siyasi qətnaməyə imza atdı. Və biz həmişə deyirik ki, əgər Nabukko inşa edilsə və kommersiya baxımından şərtlər bizi qane etsə, Azərbaycan məmnuniyyətlə öz qazını bu kəmərlə də nəql edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qaz ehtiyatları indi minimum 2 trilyon kubmetrdir, maksimum isə bu, 5 trilyon kubmetr ola bilər və yeni kəşfiyyat yataqları bu göstəriciləri yalnız artıra bilər, Azərbaycanın Nabukko istiqamətində nəql edilməsi üçün kifayət qədər qaz ehtiyatı var".

Cari il yanvarın 26-27-də Budapeştdə keçirilən Nabukko sammitində çıxışı zamanı da Prezident İlham Əliyev bildirib ki, layihədəki bütün iştirakçıların - təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir araya gətirmək vaxtı artıq yetişibdir: "Təbii ki, bu halda biz bir neçə məqsədə nail olmalıyıq. Öncə, etibarlı təchizat təmin edilməlidir, çünki evlərində qazın olmamasında kimin günahkar olduğu istehlakçılar üçün vacib deyildir. Onlar, sadəcə, qaza ehtiyac duyurlar, qazın qiymətini ödəyirlər və ondan istifadə etmək hüququna malikdirlər. İkincisi, etibarlı təchizat marşrutudur. Ümumi şəkildə qavranılmalıdır ki, tranzit ölkələr ərazisindən daha çox həcmdə enerjidaşıyıcıları keçəndə bir o qədər çox fayda götürürlər...EAzərbaycana gəldikdə, biz hər zaman istehlakçılarımızın tələbatlarına cavab verməyin tərəfdarı olmuşuq və yaxşı tərəfdaşlıq ruhu bizə uğur qazanmağa imkanlar yaradıbdır. Hesab edirəm ki, bütün bu amilləri və Avropada təchizat mənbələrinin şaxələndirmə ilə bağlı narahatlıqları nəzərə alaraq, regionumuzda nəhəng enerji ehtiyatlarından istifadədə uğurlar əldə edə bilərik".

Bir məqamı da xüsusi qeyd etmək lazım gəlir ki, Azərbaycanın Nabukko layihəsində iştirakının əsas məqsədlərindən biri Avropa ilə daha sıx inteqrasiyaya nail olmaqdır. Yəni, Azərbaycan üçün maraqlı olan məqam təkcə Nabukko layihəsindən əldə olunacaq vəsait deyil. Ölkəmiz Avropaya inteqrasiya prosesinin sürətlənməsində bu layihənin yaratdığı imkanlardan faydalanmağı da qarşıya əsas məqsədlərdən biri kimi qoyub. Budapeşt sammitində bununla bağlı Prezident İlham Əliyev bildirib: "Nabukkodakı iştirakımıza gəldikdə, əlbəttə ki, əməkdaşlığımızın əlavə aspektlərini görmək istərdik. Biz maliyyə dəstəyinə ehtiyac duymuruq və özümüzü təmin edən ölkəyik. Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nəticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir".

 

Nabukko inşa edildikdən sonra kəmərin doldurulmasına təminat verən yeganə ölkə kimi yalnız Azərbaycan çıxış edə bilər

 

Azərbaycanın qitədə həqiqətən də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıq etiraf edirlər.

Məsələn, ABŞ dövlət başçısı Barak Obamanın Bakıda keçirilmiş on altıncı Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransı ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda bununla bağlı qeyd olunur ki, Azərbaycan dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısına çevrilib: "Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neft və qaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb Enerji Dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi keçirir".

O da faktdır ki, uğurlu enerji siyasəti ölkəmizin nəinki regionda, hətta daha böyük coğrafi məkanda lider dövlət statusuna yiyələnməsinə və bu statusun daha da möhkəmlənməsinə səbəb olmaqdadır. Azərbaycanı regionun enerji məsələləri üzrə lider ölkəsi adlandıran ABŞ dövlət katibinin Avrasiya regionunun enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar bununla bağlı bildirir: "Açıq-aşkar məlumdur ki, Azərbaycan və ABŞ bir-birinə yaxın tərəfdaş olaraq qalacaq. Prezident İlham Əliyev yalnız Praqa sammitində, ondan əvvəl Krakov, Vilnüs və Kiyevdə keçirilmiş sammitlərdə iştirak etməklə deyil, həmçinin burada, Bakıda ötən ilin noyabrında Enerji sammitini təşkil etməklə, bu regionun enerji məsələləri üzrə lideri olub".

ABŞ Dövlət katibinin birinci müavini Ceyms Steynberq də qeyd edir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında kifayət qədər mühüm rol oynayır: "ABŞ hələ ötən əsrin 90-cı illərindən Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşa olunmasında göstərdiyi səyləri dəstəkləyib. Şübhəsiz ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında olduqca vacib bir rola malikdir və biz Azərbaycanla bu sferada əməkdaşlıqda maraqlıyıq. Azərbaycan enerji resurslarının həm təchizatçısı, həm də tranzit ötürücüsü kimi də mühüm rol oynayır. Ona görə də bu sahədə Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndiririk".

Britaniyanın aparıcı mətbu orqanlarından biri sayılan "The Financial Times" qəzeti isə yazır ki, Nabukko inşa edildikdən sonra bu kəmərin "mavi yanacaqla" doldurulmasına təminat verən yeganə ölkə kimi yalnız Azərbaycan çıxış edə bilər: "Yaxın illərdə Azərbaycan nəhəng "Şahdəniz" yatağından daha böyük miqdarda qaz hasilatına başlayacaq. Bu qazın alıcıları isə kifayət qədər çoxdur".

Azərbaycanın Avropa İttifaqı üçün strateji tərəfdaş olması və sözügedən qurumun Cənubi Qafqaz siyasətində mühüm əhəmiyyət daşıması bu təşkilatın özündə də ən yüksək səviyyədə etiraf edilməkdədir. Bunu Avropa İttifaqını təmsil edən ayrı-ayrı yüksək vəzifəli rəsmilərin, həmçinin qurum tərəfindən reallaşdırılan müxtəlif proqramların icrasında, hazırlanan hesabatlarda da aydın görmək mümkündür. Məsələn, Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının İcrası üzrə illik hesabatda qeyd olunur ki, Xəzər dənizinin neft və qaz ehtiyatları baxımından Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə olaraq Avropa İttifaqının strateji tərəfdaşıdır.

Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşına çevrilməsi və bunun enerji əməkdaşlığında da özünü qabarıq büruzə verməsi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən də xüsusi olaraq vurğulanır. Bu məqamla bağlı J.M.Barrozu aşağıdakıları bildirir: "Biz hesab edirik ki, enerji Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər üçün çox mühüm amildir. Əməkdaşlığımızın gücləndirilməsi ilə bağlı fikirlərdə yekdillik var. Bildiyiniz kimi, təhlükəsizlik Avropa İttifaqı üçün ən vacib prioritetdir.

Azərbaycan həm hasilatçı, həm tranzit ölkə baxımından əhəmiyyətli tərəfdaşdır". Bu mənada Azərbaycanın Nabukko ilə bağlı mövqeyi elə Avropada geniş təqdir olunur. Joze Manuel Barrozu bildirir ki, Nabukko layihəsi bütöv region və Avropa üçün önəmlidir: "Azərbaycan tərəfindən enerji siyasəti sahəsində qəbul edilmiş çətin, lakin cəsarətli qərarları alqışlayıram. Fikrimizcə, bu, elə bir mühüm sahədir ki, Azərbaycan ilə Avropa İttifaqı konkret fayda əldə edə bilərlər. Biz Azərbaycan ilə bir çox sahələrdə birgə işləmək arzusundayıq".

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı haqqında Memorandum da imzalanıb. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da uğurla inkişaf etməsində mühüm rol oynayıb.

Polşa Beynəlxalq Əlaqələr İnstitutunun bir neçə gün əvvəl açıqlanan "Cənubi Qafqaz: Türkiyə və Avropa İttifaqı üçün birgə əməkdaşlıq imkanları" adlı hesabatında bildirilir ki, Avropa İttifaqının Cənubi Qafqazda getdikcə artan maraqları fonunda önə çıxan əsas problemlər isə iqtisadi, xüsusilə enerji layihələrinin təhlükəsizliyidir: "Bu bölgədə sabitliyin təmin olunması kommunikasiya və Xəzər hövzəsinin enerji ehtiyatlarının nəqli baxımında Aİ və Türkiyə üçün də mühümdür. Cənubi Qafqazın, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır". Xatırladaq ki, Varşavada yerləşən Polşa Beynəlxalq Əlaqələr İnstitutu (PİSM) bu il dünyanın ən güclü 50 beynəlxalq düşüncə mərkəzlərinin siyahısına daxil edilib.

Beləliklə, aydın görünür ki, Azərbaycan həm özünün nəhəng enerji ehtiyatları, həm də Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə biləcək karbohidrogen məhsullarının nəqlində mühüm tranzit rolu oynamasına görə dünya dövlətlərinin özünə olan diqqətini daha da artırır. Həmçinin, Azərbaycandan Mərkəzi Asiya qazının Avropa bazarlarına çatdırılması üçün öz imkanlarından yararlanmaq da xahiş olunur. Bununla bağlı Riçard Morninqstar qeyd edir: "Biz Azərbaycanı Türkmənistana öz iri qaz ehtiyatlarını inkişaf etdirmək və qazı Avropa istehlakçılarına çatdırmaqda yardımı davam etdirməyə səsləyirik". Aydındır ki, burada Mərkəzi Asiya qazının Avropa bazarlarına çatdırılmasından danışılarkən ilk növbədə sözügedən region ölkələrinin Nabukko layihəsində iştirakından söhbət gedir.

 

İkinci Navuxodonosorun adını əbədiləşdirən layihə

 

Qeyd etdiyimiz kimi, Nabukko layihəsinin adı məşhur italiyalı bəstəkar Cüzeppe Verdinin 1842-ci ildə səhnələşdirilmiş eyniadlı operasından götürülüb. Burada Verdi eramızdan əvvəl 605-562-ci illərdə Babilistanda hökmdarlıq etmiş ikinci Navuxodonosorun surətini canlandırıb. Nabukko italyan dilində Navuxodonosorun qısaldılmış formasıdır. Akkad dilindən tərcümədə isə bu, "Nabu, sərhədləri qoru!" mənasına gəlir. Navuxodonosor uzun müddət yəhudilərə qarşı müharibə aparıb və bir neçə dəfə Qüdsü ələ keçirib. Verdinin dörd pərdəlik bu əsərində yəhudilərin Qüdsdən sürgün edilməsi, həmçinin Navuxodonosorun qızları olan Abiqayl və Fenenin yəhudi İsmayıla aşiq olmasından, sonda İsmayıl tərəfindən rədd edilən Abiqaylın özünü öldürməsindən söz açılır.

Nabukko layihəsinə Verdinin eyniadlı operasının adının verilməsi və bu layihənin gündəmə gəlməsi isə 2003-cü ilə təsadüf edir. Belə ki, həmin vaxt Avropa İttifaqının enerji nazirlərinin Vyana toplantısında gündəmin əsas mövzusu təbii qaz və onun diversifikasiyası idi. Aparılan müzakirələrdən sonra nazirlər Avropa ölkələrinə alternativ xətdən və alternativ qaynaqdan qaz tədarük edilməsi məsələsində razılığa gəldilər. Həmin axşam Vyanada Verdinin "Nabukko" operasını izləyən nazirlər çox orijinal üslubdan istifadə edərək layihənin adını müəyyənləşdirdilər: "Nabukko təbii qaz boru xətti layihəsi".

Hazırda dəyəri 8 milyard avro qiymətləndirilən Nabukko layihəsi təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə nəqlini nəzərdə tutur. İldə 31 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulan Nabukko artıq inşa edilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı kimi qiymətləndirilir.

3 min 300 kilometr uzunluğunda olan boru xəttinin az qala yarısı, yəni, 1558 kilometrlik hissəsi Türkiyə torpaqlarından keçəcək, bəsləmə xətləriylə birlikdə bu rəqəm 2 min kilometrə çatacaq. Yaxın Şərq və Xəzər bölgəsindən gələcək qaz xətti Türkiyədən Bolqarıstana uzanacaq, buradan Rumıniyaya, daha sonra Macarıstana keçərək Avstriyanın paytaxtı Vyanaya çatacaq. Xəttin 392 kilometri Bolqarıstandan, 457 kilometri Rumıniyadan, 388 kilometri Macarıstandan, 46 kilometri isə Avstriyadan keçəcək. Layihənin ortaqları kimi çıxış edən şirkətlər sırasında "OMV Gas GmbH" (Avstriya), BOTAŞ (Türkiyə), "Bulgargaz" (Bolqarıstan), "Transgaz S.A." (Rumıniya), "MOL Natural Gas Transmission Company Ltd." (Macarıstan) və RWE (Almaniya) təmsil olunurlar.

Nabukko xəttinin əvvəlcə Azərbaycan və Türkmənistan təbii qaz qaynaqları ilə doldurulması planlaşdırılıb. Daha sonra isə İraq, İran, Misir və Rusiyanın da xəttə qoşulması gözlənilir.

 

Nabukko ziddiyyətlərdən də xali deyil

 

Onu da bildirək ki, Ankarada layihəyə dair hökumətlərarası sazişin imzalanmasına rəğmən, Nabukkonun reallaşması üçün bir sıra problemlər hələ də öz həllini tapmayıb. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu həmin məqamlarla bağlı qeyd edir: "Bir çoxları bu layihənin gerçəkləşəcəyinə inanmırdılar, danışıqlar da hamar getmirdi, amma razılaşma imzalandı. Düzdür, Nabukko qaz kəmərinin maliyyələşdirilməsi, eləcə də qazın məhz haradan gələcəyi məsələləri hələ açıq qalmaqdadır. Bununla belə, mən inanıram ki, bu layihə uğurlu olacaq".

Avropa İttifaqına üzv dövlətlər hələ də layihə ilə bağlı vahid mövqe nümayiş etdirmir. ABŞ-ın nüfuzlu mətbu orqanlarından biri sayılan "International Herald Tribune" qəzeti bu məsələdə diqqəti daha çox Almaniyanın üzərinə çəkir. Qəzet Almaniyanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələdə yürütdüyü ikili siyasətdən yazır: "O mənada ki, Almaniya bir tərəfdən Rusiyadan yan keçən Nabukko layihəsinə dəstək verən kimi görünür, amma o biri tərəfdən Rusiyadan birbaşa kəmər layihəsi - "Şimal axını" vasitəsilə qaz almağa çalışır. Bu ilin fevralında Münhendəki beynəlxalq enerji təhlükəsizliyi toplantısında Almaniya kansleri Merkel enerjidən danışanda heç Nabukkonun adını da çəkmədi". Qəzet qeyd edir ki, Avropa Komissiyası "Qazprom"u inhisarçı kimi məhkəməyə vermək müzakirələrini dəstəklədiyi bir vaxtda Almaniya buna qarşı çıxıb.

Bundan başqa, Türkiyə İran qazının da Nabukkoya daxil edilməsini istəyir, ABŞ isə buna qarşı çıxır. Qeyd edək ki, İran layihəyə qoşulacağı təqdirdə, hər il Nabukkoya 10 milyard kubmetr təbii qaz verə biləcəyini açıqlayıb. Lakin ABŞ bəyan edir ki, İranın mübahisəli nüvə proqramı öz həllini tapdıqdan sonra onun bu layihədə iştirakı mümkündür. Daha bir ziddiyyətli məqam isə Ankaranın hələ də Nabukkodan keçən qazın 15 faizini tələb etməsidir. Avropa İttifaqı Ankaranın bu istəyinə qarşı çıxsa da, ABŞ Türkiyəni bu məsələdə dəstəkləyir. ABŞ-ın Avrasiya enerji mənbələri üzrə xüsusi təmsilçisi Riçard Morninqstar bildirir ki, Türkiyənin qazın 15 faizini almaq tələbi müzakirə olunmalıdır: "Türkiyənin də qaza ehtiyacı var. Türkiyəyə nə qədər qaz satılacağına dair müzakirələr aparılmalıdır. Bu məsələ həll olunmalıdır". Lakin Avropa İttifaqı belə müzakirələrə ehtiyac görmür. Bütün bu ziddiyyətli məqamlar isə Nabukkonun reallaşmasında əsas maneəyaradıcı faktorlardır.

Hələ bir müddət əvvəl ABŞ-ın CNBS telekanalına müsahibəsində Prezident İlham Əliyev Nabukko layihəsinin reallaşması üçün Azərbaycandan asılı olmayan üç mühüm şərt göstərmişdi: "Nabukko ilə bağlı böyük əhəmiyyət daşıyan məsələlər, ilk növbədə, maliyyələşmə məsələsi aydınlaşdırılmalıdır. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Avropa bu və ya digər dərəcədə vahid enerji siyasətinə malik olmalıdır. Nabukko bütün Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini birləşdirir. Digər mühüm məsələ bütövlükdə Avropa İttifaqının Nabukkonun həyata keçirilməsində nə dərəcədə önəmli rol oynamasından ibarətdir. Üçüncüsü, bizim üçün Azərbaycan qazının tranziti ilə bağlı məsələlərin aydınlaşdırılması vacibdir. Avropa İttifaqı bazarına birbaşa çıxış əldə etmək üçün tranzit ölkələrlə tranzit müqaviləmiz olmalıdır. Beləliklə, bütün bu mühüm məsələlər bir-biri ilə əlaqəlidir və biz bunların həyata keçirilmə sürətinə uyğun şəkildə hasilatın planlaşdırılmasını aparacağıq. Biz bazar olmadan qaz hasil edə bilmərik. Bazar və müqavilələr olmalıdır ki, sonra hasilat olsun".

Bütün bunlar Nabukko layihəsinin ərsəyə gəlməsi üçün görülməli olan bütün işlərin Avropa dövlətlərinin üzərində olduğunu göstərir.

 

Təbii qaz ixracı sahəsində Azərbaycanın imkanları genişlənir

 

Nabukko layihəsinin reallaşmasında mühüm rol oynayan Azərbaycan təbii qaz sahəsində onunla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə də sıx işbirliyi qurmaqdadır. Buna misal olaraq Rusiya və Azərbaycan arasında təbii qazın nəqli ilə bağlı Prezident Dmitri Medvedevin ölkəmizə ötən ayın sonlarında baş tutan səfəri zamanı imzalanan müqaviləni göstərmək olar.
Razılaşmaya əsasən, Azərbaycan 2010-cu ildən Rusiyaya qaz ixrac edəcək. Ölkəmizin enerji ehtiyatlarının ixracının diversifikasiyası baxımından isə bu razılaşma mühüm əhəmiyyət kəsb edir. Belə ki, sözügedən razılaşma ilə Azərbaycan faktiki olaraq Ermənistandan başqa bütün qonşuları ilə normal enerji əməkdaşlığı yaratmış olub. Beləliklə də Azərbaycan təbii qazın ixracı sahəsində tam diversifikasiyaya nail olub və ölkəmiz bütün istiqamətlər üzrə qaz satışını həyata keçirmək imkanı əldə edib. Hazırda Azərbaycan Türkiyə bazarına 7 milyard kubmetrə yaxın qaz ixrac edir. Bu qazın bir hissəsi Türkiyə vasitəsilə Yunanıstana çatdırılır. Bu da öz növbəsində Azərbaycan qazının artıq Avropa İttifaqı bazarlarında olmasından xəbər verir. Digər qaz kəməri ilə Azərbaycan öz qazını həm də Gürcüstana ötürür. Üçüncü bir kəmər vasitəsilə ölkəmizlə İran arasında təbii qaz mübadiləsi həyata keçirilir. Dördüncü qaz kəməri isə Rusiya istiqamətində uzanır. Nabukko layihəsinin reallaşması isə Azərbaycanın təbii qazın ixracı ilə bağlı imkanlarını daha da artırır.

Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyi və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən çoxvektorlu bir siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 25 iyul.- S. 6.