Xəzərin lideri

 

Dünyanın əsas enerji mənbələrindən biri sayılan Xəzər hövzəsinin beynəlxalq miqyasda daimi diqqət mərkəzində olmasında Azərbaycanın müstəsna rol oynaması və bu istiqamətdə atdığı addımlar misilsizdir. Məhz Azərbaycan ilk dəfə olaraq dünyanın ən aparıcı transmilli şirkətləri, dövlətləri ilə Xəzərdə enerji ehtiyatlarının birgə işlənməsi və dənizin əməkdaşlıq mərkəzinə çevrilməsində ilk addımlar ataraq bu sahədə lider rolunu oynayıb.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan "Əsrin müqaviləsi" Xəzərin beynəlxalq arenaya açılmasında, dənizin sülh və əməkdaşlıq simvoluna çevrilməsində əvəzsiz rol oynadı. Bu gün də Xəzərdə belə əməkdaşlığın genişləndirilməsində Azərbaycan lider rolunu oynamaqda və sahilyanı ölkələr arasında qarşılıqlı maraqların qorunması əsasında münasibətlərin daha da genişlənməsi istiqamətində fəal siyasət yürütməkdədir.

Xəzərlə bağlı Azərbaycanın siyasətinin prioritet istiqamətlərindən biri də dənizin hüquqi statusunun tam müəyyən edilməsi və delimitasiya prosesinin başa çatdırılmasıdır. Prezident İlham Əliyev bununla bağlı Rusiya Dövlət Televiziya kanalının "Vesti v subbotu" verilişinə müsahibəsində bildirib: "Əlbəttə, biz istərdik ki, Xəzər dənizinin delimitasiyası məsələsinin tam tənzimlənməsinə nail olaq. Bunun üçün yaxşı baza vardır. Mən hesab edirəm ki, bunun üçün zəmin artıq mövcuddur. Məsələn, Azərbaycan və Rusiya, Azərbaycan və Qazaxıstan, Rusiya və Qazaxıstan arasında ikitərəfli sazişlər imzalanmışdır. Bu müqavilələr həm də çoxtərəfli, beştərəfli sazişin əsası olmalıdır".

Məlumdur ki, Rusiya, Qazaxıstan və Azərbaycan öz aralarında bu müqavilələri bağlayarkən beynəlxalq hüquq normalarını, öz milli maraqlarını əsas götürüblər. Məhz eyni prinsiplər əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan İran və Türkmənistanla da Xəzərin delimitasiya prosesini başa çatdırmaq istiqamətində fəal iş aparır. Bu məqamla bağlı Prezident İlham Əliyev qeyd edir: "Biz onu əsas götürmüşük ki, Xəzər hər ölkəyə 20 faiz olmaqla deyil, milli sektorlara uyğun bölünməlidir. Əgər belə olsaydı, Rusiya bəlkə də qane olmazdı ki, ona 20 faiz deyil, daha az pay düşür. Buna görə də hər ölkəyə 20 faiz olmaqla bölgü yanaşmasının heç bir əsası yoxdur və bu, sadəcə, məsələni dolaşdırmaq deməkdir. Əlbəttə, mənim fikrimcə, bütün mövqeləri öz aralarında artıq razılaşdırmış, bütün sərhədləri müəyyən etmiş ölkələrin öz mövqelərini müdafiə etməyə daha çox haqqı vardır. Çünki bu mövqe beynəlxalq miqyasda tanınmışdır. İstərdik ki, Xəzər regionundakı bütün ölkələr bu mövqedən çıxış etsinlər".

Xatırladaq ki, Xəzərin hüquqi statusu ilə bağlı növbəti sammit Bakıda keçiriləcək. Bakı sammitində isə Xəzərin hüquqi statusunun müəyyən edilməsilə bağlı ciddi nailiyyətlərin əldə olunacağı gözlənilir. Xüsusən də Azərbaycan və Türkmənistan arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlıq və fəaliyyətin güclənməsi iki ölkənin bu sahədə bütün problemləri qarşılıqlı maraqlar əsasında tezliklə çözəcəyindən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, Bakıda Türkmənistanla Azərbaycan arasında Xəzər dənizinin bölünməsi məsələlərinə dair danışıqların növbəti mərhələsi keçirilib. Bu məqsədlə Türkmənistan Prezidenti Qurbanqulı Berdıməhəmmədovun tapşırığı ilə Bakıya nümayəndə heyəti göndərilib.

Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu görüş hazırda Türkmənistanla Azərbaycan arasında Xəzər dənizinin dibinin və yeraltı sərvətlərinin bölünməsinə dair aparılan danışıqlar prosesinin növbəti mərhələsidir: "Bu danışıqların yeni raundu çərçivəsində sözügedən problem, o cümlədən iki ölkənin Xəzərdə gəmiçilik, balıqçılıq, hidrometeorologiya və digər fəaliyyət məsələlərinə yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb". Türkmənistan xarici siyasət idarəsi də iki dövlət arasında Xəzərin dibinin və yeraltı sərvətlərinin bölünməsi məsələsi ilə bağlı rəsmi Aşqabadın mövqeyini şərh edərək bildirib ki, bu mövqe beynəlxalq hüquq normaları və ədalət prinsiplərinin tətbiqi əsasında sazişə nail olunmasını nəzərdə tutur.

Azərbaycan da analoji mövqedən çıxış etdiyi üçün iki ölkənin dəniz sərhədlərinin delimitasiyası istiqamətində Bakı sammitinə qədər mühüm irəliləyiş əldə ediləcəyi gözlənir.

Hazırda Azərbaycan və Türkmənistan arasında həllini gözləyən əsas məsələ iki ölkənin dəniz sərhədində yerləşən "Kəpəz" yatağı ilə bağlı yaranan problemlərin həllidir. Bu problemin həlli məqsədilə Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək, sözügedən yatağın Türkmənistan tərəfilə birgə işlənməsi təklifini irəli sürüb. Bu məqamla bağlı Prezident İlham Əliyev qeyd edir ki, Dövlət Neft Şirkəti ilə Türkmənistan tərəfinin bu yataqda birgə işlərin aparılması Azərbaycanın yanaşmasıdır: "Biz öz türkmən dostlarımıza təklif etdik ki, bu yatağın işlənilməsi üçün birgə əməliyyat şirkətini yaradaq. Çünki bizim infrastrukturumuz və boru kəmərlərimiz bu yatağa çox yaxındır və əgər lazım gələrsə, birlikdə beynəlxalq əməliyyatçıları dəvət edək və onlar gəlib sərmayə qoya bilərlər. Biz payların da müxtəlif proporsiyalarına baxmağa hazırıq və bu da həmin yataqdan keçən sərhədə uyğun olan bir pay bölümü olacaqdır. Əgər türkmən dostlarımız bu yanaşmaya razılaşarsa, hesab edirəm ki, biz məsələnin, Xəzər dənizinin ümumi hüquqi statusunun müəyyən edilməsini daha da asanlaşdıracağıq".

Ekspertlər də belə hesab edir ki, "Kəpəz" yatağı ətrafında yaranan mübahisənin çözülməsi üçün Azərbaycanın irəli sürdüyü təklif kifayət qədər konstruktiv xarakter daşıyır və yataqla bağlı problemin həlli baxımından ideal variant sayıla bilər. Bu mənada Türkmənistan tərəfinin "Kəpəz" yatağının birgə işlənməsinə dair təklifi qəbul edəcəyi ehtimalı kifayət qədər böyükdür. Bu da öz növbəsində həm iki ölkə arasında dəniz sərhədlərinin delimitasiya prosesini başa çatdırmağa imkan verir, həm də Xəzər dənizinin ümumi hüquqi statusunun müəyyən edilməsini sürətləndirir. Bütün bunların fonunda Azərbaycan və İran arasında da dəniz sərhədlərinin müəyyən olunması və mübahisəli məsələlərin aradan qaldırılmasının tezləşəcəyi şübhə doğurmur. Beləliklə, aydın görünür ki, Xəzərin ətrafında yerləşən ölkələr arasında həllini gözləyən ən vacib məsələ kimi dəyərləndirilən hüquqi status probleminin aradan qaldırılmasında Azərbaycan kifayət qədər fəal siyasət yürüdür.

Sahilyanı ölkələr tərəfindən Xəzərin hüquqi statusunun tam müəyyən olunması isə dənizdə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə təkan vermək iqtidarındadır. Lakin o da faktdır ki, dənizin hüquqi statusunun tam müəyyən olunmasa da, Azərbaycan Xəzərin enerji ehtiyatlarının mənimsənilməsi sahəsində heç bir ciddi problem yaşamır. Əksinə, yeni müqavilələr hesabına burada xarici transmilli şirkətlərlə əməkdaşlığını daha da möhkəmləndirir. Buna misal olaraq Londonda Azərbaycan Dövlət Neft Şirkəti ilə Britaniyanın bp şirkəti arasında "Şəfəq" və "Asiman" perspektiv yataqlarının birgə kəşfiyyatı və işlənməsi barədə memorandumun imzalanmasını göstərmək olar.

Prezident İlham Əliyev və Britaniyanın Baş naziri Qordon Braunun iştirakıyla imzalanan sənədə əsasən, bp bu yataqların işlənməsində Dövlət Neft Şirkətinin müstəsna tərəfdaşı olacaq. Qeyd edək ki, Xəzərin Azərbaycan hissəsində - Bakının 125 kilometrliyində yerləşən bu yataqlarda indiyədək heç bir kəşfiyyat işi aparılmayıb. Amma bp ekspertlərinin dəyərləndirmələrinə görə, indiyədək bu ərazilərdə aparılan işlər üzrə bilgiləri nəzərə alanda həmin blokların qaz yatağı olduğunu ehtimal etmək olar. Bu isə Azərbaycanın enerji potensialının həmin yataqlar hesabına daha da çoxalması və beləliklə, ölkəmizə dünya miqyasında marağın daha da artması deməkdir.

Bütün bunlar qarşıdakı dövr ərzində də Xəzərdə enerji ehtiyatlarının mənimsənilməsində və bu sahədə beynəlxalq miqyaslı şirkətlərlə əməkdaşlıqda Azərbaycanın yenə də lider mövqedən çıxış edəcəyini göstərir. Bunun nəticəsidir ki, belə şirkətlər, eləcə də ayrı-ayrı dövlətlər Azərbaycanla əməkdaşlığa daha çox meyillənməkdə və bunu, həyata keçirdikləri siyasətdə prioritet istiqamətlərdən birinə çevirməkdədirlər.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 26 iyul.- S. 1.