Ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri respublika Hərbi Prokurorluğunun kollegiyasında müzakirə edilmişdir

 

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, qurumun idarə və şöbələrində, ərazi hərbi prokurorluqlarında 2009-cu ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirələri keçirilmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenatı Xanlar Vəliyevin rəhbərliyi ilə respublika Hərbi Prokrorluğunun idarə və şöbə rəislərinin, tabe ərazi hərbi prokurorluqları kollektivlərinin iştirakı ilə keçirilmiş əməliyyat müşavirələrində 2009-cu ilin ötən dövrü ərzində qanunçuluğun daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanların, çatışmazlıqların yaranma səbəbləri hərtərəfli, pirinsipial təhlil edilmiş, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, ilk növbədə, istintaq, təhqiqat, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində respublika Hərbi Prokurorluğunun nəzarətinin daha da gücləndirilməsi, hərbi prokurorluq orqanlarında xidməti, icra və hərbi intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Əməliyyat müşavirələrində, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev strateji inkişaf konsepsiyasının reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu tədbirlər nəticəsində 2009-cu ilin ötən dövrü ərzində müstəqil inkişafının yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını daha da sürətləndirən, sivil və hüquqi dövlətimizin qüdrətini daha da artıran, xalqımızın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldən uğurlu nəticələr əldə etdiyi diqqətə çatdırılmışdır.

Cari ilin iyul ayının 24-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi prokurorluğun rəhbər heyətinin və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilmiş kollegiya iclasında ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunmuş, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması, işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, respublika Hərbi Prokurorluğunun əlaqədar struktur qurumlarına konkret göstərişlər verilmişdir.

Kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlər nəticəsində 2009-cu ildə dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə qədəm qoymuş, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, respublikamızın beynəlxalq aləmə inteqrasiya prosesi daha da sürətlənmiş, sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilmiş, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur.

Həyatımızın bütün sahələrində geniş vüsət alan demokratik islahatlar ölkənin hüquq sistemini də əhatə etmiş, Azərbaycanın ədliyyə, məhkəmə və prokurorluq sisteminin inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi islahatlar aparılaraq Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Qeyd edilmişdir ki, 2009-cu ilin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı martın 18-də keçirilmiş referendum olmuşdur. Bu tədbir yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə və dəyişikliklərin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmlərinin formalaşdırılması niyyətindən irəli gəlmişdir. Azad, ədalətli və demokratik şəraitdə keçməklə milli iradəni ifadə edən referendum, ilk növbədə, Azərbaycanın demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini nümayiş etdirmişdir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il tarixli fərmanının icrası ilə bağlı prokurorluq orqanları qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulamışdır. Hərbi prokuror bildirmişdir ki, həmin fərman prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadın təzahürü kimi dəyərləndirilməli, cinayətkarlığa, o cümlədən ümumbəşəri sosial bəla olan korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi sahəsində prokurorluğun rolunun müsbət qiymətləndirilməsi kimi qəbul edilməlidir. Son illər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış və ordunun döyüş qabiliyyəti yüksəlmişdir. Natiq şəxsi heyətdə nizam-intizamın gücləndiyini və mənfi halların xeyli aradan qaldırıldığını konkret faktlarla diqqətə çatdırmışdır. Son 6 il ərzində dövlət büdcəsində hərbi xərclərin həcmi artaraq 2,3 milyard dollara çatmış, ölkənin müdafiə potensialı 5 dəfədən çox artmışdır.

Vurğulanmışdır ki, cari ilin 6 ayında hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının daha təminatlı müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırmış, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, digər təsirli tədbirlər də görülmüşdür. Əvvəlki hesabat dövrü ilə müqayisədə 2009-cu ilin birinci yarımilində qeydə alınmış tabelik qaydası əleyhinə olan cinayətlər, o cümlədən hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri, fərarilik, habelə qeyri-hərbi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Qeydə alınmış cinayətlərin 98,6 faizi açılmışdır. Törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur.

Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrin yaranması və birgə müəyyənləşdirilmiş iş planları əsasında görülmüş tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.

Xüsusi qeyd edilmişdir ki, bütövlükdə respublikanın hərbi birləşmələrində törədilmiş cinayət hadisələri, xüsusilə hərbi xidmətdən yayınma, o cümlədən fərarilik cinayətləri, özünü öldürmə dərəcəsinə çatdırma və başqa cinayətlər əhəmiyyətli şəkildə azalsa da, qəsdən adam öldürmə və tabeçilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri artmışdır. Silahlı Qüvvələrdə bu növ cinayətlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Bu sahədə istər qanunla nəzərdə tutulan tədbirlərin, istərsə də profilaktik məqsədlə təbliğatın səmərəliliyi və intensivliyi artırılmalı, müsbət nəticələr əldə olunması təmin edilməlidir.

Xatırladılmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" 2009-cu il 17 mart tarixli qərarı respublika Hərbi Prokurorluğu tərəfindən vaxtında həyata keçirilmişdir.

Qeyd edilmişdir ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun və dövlət başçısı İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli fərmanının həyata keçirilməsi ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində öz fəaliyyətini daha da gücləndirmişdir. Bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayət hadisələrinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, görülmüş müsbət işlərlə yanaşı, əməliyyat müşavirələrində, həmçinin, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, təhqiqatın təşkili və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş, bu kimi mənfi halların təxirə salınmadan aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir. Məlumat verilmişdir ki, hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 95,4 faizinin istintaq zamanı ödənməsini təmin etmişlər. Bu, 2008-ci illə müqayisədə 37,6 faiz çoxdur. 2009-cu ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 969 müraciətinə baxılaraq, müsbət həllini tapmış, 271 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilmişdir. Həmçinin hərbi hissə və birləşmələrdə 245 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 282 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində müvafiq işlər görülmüşdür. Azərbaycan Respublikası Baş prokuroru, I dərəcəli dövlət ədliyə müşaviri Zakir Qaralovun əmri ilə respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaq şöbəsi və maddi-texniki təminat şöbəsi yaradılmışdır.

Hesabat dövründə Hərbi Prokurorluğun fəaliyyət istiqamətləri üzrə əhəmiyyət kəsb edən bir çox məsələlərlə bağlı ümumiləşdirmələr aparılmışdır ki, bu da mövcud problemlərin aradan qaldırılmasına xeyli kömək etmişdir.

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Hesabat dövründə qanunvericiliyin öyrənilməsi ilə əlaqədar "Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində" Müdafiə Nazirliyi və respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən hərbi prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında müxtəlif mövzularda hüquqi maarifləndirmə işləri aparmışlar.

Xidməti fəaliyyətində fərqləndiklərinə görə 40 əməkdaş Baş prokurorun və respublika hərbi prokurorunun əmri ilə həvəsləndirilmişdir. Baş prokurorun əmri ilə hərbi prokurorluğun bir işçisi prokurorluq orqanlarından xaric edilmiş, respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 5 işçi intizam məsuliyyətinə cəlb olunmuşdur.

Hərbi prokurorluq əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün mərkəzi aparatın və ərazi hərbi prokurorluqlarının inzibati binaları əsaslı surətdə yenidən qurulmuşdur. Hazırda respublika Hərbi Prokurorluğunun və Qazax Hərbi Prokurorluğunun inzibati binalarının inşası davam etdirilir.

Məruzə ətrafında çıxışlar olmuşdur. Kollegiyada çıxış edən respublika hərbi prokurorunun müavini Rasim Kazımov, Silahlı Qüvvələrin təhqiqat orqanlarında və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi Səfər Əhmədov, Lənkəran hərbi prokuroru Oktay Ağayev, Qazax hərbi prokuroru Vaqif Quliyev hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq əmin etmişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 26 iyul.- S. 8.