Amerika Azərbaycanlıları Şəbəkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident Barak Obamaya məktub ünvanlamışdır

 

Amerika Azərbaycanlıları Şəbəkəsi (U.S.Azeris Network-USAN) Dağlıq Qarabağ problemi ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub ünvanlamışdır.

Məqsəd ABŞ-dakı ultra millətçi və radikal erməni qüvvələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aparılan danışıqlara dair spekulyasiyalarına son qoymaqdır.

Məktubda "Böyük səkkiz" liderlərinin son görüşündə Barak Obamanın Rusiya və Fransa prezidentləri ilə birgə verdiyi bəyanat, azərbaycanlı və türkiyəli həmkarları ilə Dağlıq Qarabağ münaqişəsi barədə telefon danışığı, 2010-cu il büdcəsində xarici yardım paketinin ədalətli təşkili yüksək qiymətləndirilir. Həmçinin Birləşmiş Ştatların Prezidentindən, vitse-prezident Cozef Bayden və dövlət katibi Hillari Klintondan xahiş olunur ki, Azərbaycana səfər edərək Dağlıq Qarabağ münaqişəsinin yaratdığı faciəvi reallıqlarla yerindəcə tanış olsunlar.

Məktubda deyilir: "Bizim əsas arzumuz Azərbaycan torpaqlarının ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə azad olunmasıdır. ABŞ-da olan icmamızın əsas məqsədi isə Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi üçün hökumət nümayəndələrini və millət vəkillərini maarifləndirməkdir. Amerika azərbaycanlıları Azərbaycan ilə ABŞ arasında uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərini dəstəkləyir və Birləşmiş Ştatlarla bütün türk dünyası ölkələrinin ikitərəfli əməkdaşlığının dərinləşməsini arzu edir. Bu baxımdan, yalnız neqativlik, nifrət və təhqir üzərində qurulan ultra millətçi, maksimalist erməni qruplarının kəsilməyən şikayətləri fonunda biz Sizə tam dəstəyimizi təklif edirik".

Xatırladaq ki, qərargahı Los-Ancelesdə yerləşən Azərbaycan-Amerika Şurası da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış etmişdir. Buna səbəb isə bir müddət əvvəl ABŞ-dakı Amerika-Erməni Milli Komitəsinin sədri Kennet Kaçikiyanın qondarma Dağlıq Qarabağ Respublikasının münaqişənin həllinə dair danışıqlarda iştirak etməsi zərurəti barədə Prezident Barak Obamaya məktub ünvanlaması olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 26 iyul.- S. 8.