Azərbaycan-Amerika Şurası ABŞ-dakı
erməni təşkilatlarının bəyanatlarını səmərəsiz
adlandırmışdır
Bəyanatda deyilir:
"ABŞ-dakı iki erməni təşkilatı Azərbaycan
və Ermənistan prezidentlərinin iyulun 17-18-də Moskvada
keçirilmiş görüşü ilə əlaqədar bəyanat
yayaraq, danışıqlar prosesində əldə olunmuş
irəliləyişlərlə bağlı
narahatlıqlarını ifadə etmişlər. Amerika-Erməni
Milli Komitəsinin sədri Kennet Kaçikiyanın iyulun 14-də
ABŞ Prezidenti Barak Obamaya göndərdiyi məktubda bildirilir
ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri təhlükəli
və birtərəfli güzəştlərə getmək
üçün Ermənistana güclü təzyiqlər
göstərir. Ermənilər
bundan çox narahatdırlar".
Prezident Barak Obamanın
2008-ci ildə seçkiqabağı kampaniyası zamanı
verdiyi sözü xatırladan komitə sədri qondarma
"Dağlıq Qarabağ Respublikasının"
danışıqlar prosesində iştirakını vacib
sayır.
Amerika Erməni
Assambleyası da iyulun 22-də yaydığı bəyanatda
Prezident Obamanın verdiyi sözü xatırladaraq, qondarma
"Dağlıq Qarabağ Respublikasının"
danışıqlar prosesində iştirakına
çağırmış və bu təklifi assambleyanın
Dağlıq Qarabağda yaşayan insanların fundamental
hüquqlarını dəstəkləməsi ilə əsaslandırmışdır.
Azərbaycan-Amerika
Şurasının bəyanatında deyilir ki, Barak Obama 2008-ci
ilin yanvarında ABŞ-Ermənistan əlaqələrindən
danışarkən, Dağlıq Qarabağ münaqişəsinin
şəffaf, uzunmüddətli, tərəflər
üçün məqbul sayılan demokratiya və öz
müqəddəratını təyinetmə prinsipləri əsasında
həllinə çalışacağını
bildirmişdir.
Azərbaycan-Amerika
Şurası bəyan edir ki, Amerika azərbaycanlıları
kimi biz, Prezident Obamanın "Dağlıq Qarabağ
münaqişəsinin həlli hər iki "prinsipial" tərəf
- Ermənistan və Azərbaycan, habelə "maraqlı"
tərəflər - Dağlıq Qarabağın erməni və
azərbaycanlı icmaları üçün məqbul
olmalıdır" sözləri ilə razılaşa bilmərik.
Faktik olaraq,
münaqişə tərəflərinin kimlər olduğunu,
habelə sülh prosesinə kimlərin cəlb oluna biləcəyi
"Beyker Qaydalarında" artıq 1992-ci ildə təsbit
edilmişdir.
"Beyker
Qaydaları" Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Müqaviləsinin ABŞ-ın o vaxtkı dövlət katibi
Ceyms Beykerin rəhbərlik etdiyi missiyası (ATƏT-in Minsk
qrupunun sələfi) tərəfindən irəli
sürülmüş və hamı tərəfindən qəbul
edilmişdir.
Bəyanatda
vurğulanır: "Narahatedici haldır ki, "Dağlıq
Qarabağ əhalisinin fundamental hüquqlarını dəstəklədiyini"
iddia edən hər iki erməni təşkilatı 1988-ci ildə
Dağlıq Qarabağ əhalisinin üçdə birini və
Ermənistanın "bufer zona" kimi hazırda işğal
altında saxladığı yeddi ətraf rayonun əhalisinin
99 fazini təşkil edən azərbaycanlıların
varlığına bilərəkdən göz yumur.
1991-ci ildən
1994-cü ilə kimi 800 min azərbaycanlı erməni qüvvələrinin
qəddar etnik təmizləmə kampaniyasına məruz
qalmış və yuxarıda qeyd olunan rayonlardan tamamilə
didərgin düşmüşlər. Buna görə də mübahisəli ərazidə
yalnız bir etnik qrupun maraqlarının önə
çıxarılması Amerika dəyərlərinə
ziddir. Beynəlxalq ictimaiyyət öz müqəddəratını
həll etmək hüququnun etnik təmizləməyə bəraət
qazandırmasını heç vaxt qəbul etmir".
Azərbaycan-Amerika
Şurası bu səbəblərdən erməni təşkilatlarının
qondarma "Dağlıq Qarabağ Respublikasını"
münaqişədə bərabərhüquqlu tərəf
kimi danışıqlar prosesinə cəlb etmək təkliflərini
səmərəsiz adlandırmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 26 iyul.- S. 8.