Azərbaycan Prezidenti İlham Əliyev Bakıda aparılan abadlıq işləri yeni yolların tikintisi ilə tanış olmuşdur

 

İyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda aparılan abadlıq işləri və yeni yolların tikintisi ilə tanış olmuşdur.

Prezident İlham Əliyev əvvəlcə paytaxtın "Azneft" meydanından Bilgəh qəsəbəsinə qədər olan yolun kənarlarında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu.

Bakı şəhərinin əsas magistrallarından biri olan Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri, ilk növbədə, bu yolda avtomobillərin rahat və sürətli hərəkətinə imkan yaratmış, tıxacları aradan qaldırmış, piyadaların təhlükəsizliyini təmin etmişdir.

Dövlətimizin başçısının tapşırığına əsasən, burada görülən genişmiqyaslı işlər ən müasir standartlara cavab verir. Prospekt boyunca yerləşən binaların fasadı zövqlə yenidən qurulur və bu iş davam etdirilir. Yol boyu müasir işıqlandırma sisteminin quraşdırılması, yaşıllıq sahələrinin yaradılması da bu qəbildəndir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" 2005-ci il 26 noyabr tarixli, həmçinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" 2006-cı il 1 fevral tarixli sərəncamları, "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı" bu sahədə əsaslı islahatların aparılmasına geniş imkanlar yaratmışdır.

Heydər Əliyev prospektinin digər hissələrində də yenidənqurma işləri davam edir. Hava limanı istiqamətində yolun sağ və sol tərəflərində aparılan abadlıq işləri diqqəti çəkir. "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" isə bu sahədə daha genişmiqyaslı tədbirlərin reallaşdırılmasına təkan vermişdir.

Prospekt boyu milli və müasir memarlıq üslubunda inşa olunan tikililər ornamentlərlə bəzədilmişdir. Bu tikililər, ilk növbədə, yola xüsusi yaraşıq verməklə həm də ölkəmizə gələn qonaqlarda xoş təəssürat yaradır. Bütün bunlar bir daha təsdiqləyir ki, paytaxtın yol-nəqliyyat kompleksinin yenidən qurulması Azərbaycan Prezidentinin tapşırıqlarına müvafiq olaraq yeni mərhələyə qədəm qoymuşdur.

 Dövlətimizin başçısı Sabunçu dairəsindən Bilgəh qəsəbəsinə qədər çəkilən yeni yolda aparılan tikinti işlərinin gedişi ilə də maraqlandı. Bildirildi ki, bu yol hər iki istiqamətdə dörd zolaqdan ibarətdir. Sabunçu dairəsindən Heydər Əliyev adına beynəlxalq hava limanına gedən yol artıq istifadədədir. Uzunluğu 6 kilometr 850 metr olacaq Mərdəkan dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı yolunda isə tikinti işləri davam edir. Bundan sonra Mərdəkan-Bilgəh yolunun tikintisinə başlanacaqdır. Heydər Əliyev adına beynəlxalq hava limanı-Bilgəh yolunun üzərində üç yol ötürücüsü, dörd piyada keçidi inşa ediləcəkdir. Mərdəkan dairəsindən Zuğulbaya gedən yolun uzunluğu 7 kilometr 650 metr, Zuğulba-Bilgəh yolunun uzunluğu isə 4 kilometr 250 metr olacaqdır.

Prezident İlham Əliyevə Bakıxanov qəsəbəsi, Zabrat, Buzovna, Mərdəkan və Qala istiqamətində elektrik qatarlarının yollarında aparılacaq yenidənqurma işləri haqqında da məlumat verildi.

Bildirildi ki, yaxın gələcəkdə bu dəmir yolu xəttinin sökülməsi, onun yerində yeni magistral yolun çəkilməsi planlaşdırılır. Bu da paytaxtın kənd və qəsəbələrinə gediş-gəlişi asanlaşdıracaqdır. Bu yolda iritutumlu avtobuslardan istifadə olunacaqdır.

Dövlətimizin başçısı işlərin vaxtında və yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 iyul.- S. 1.