Cenevrədə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv
olması üzrə işçi qrupunun iclası keçirilmişdir
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
iyulun 24-də Cenevrədə Azərbaycanın Dünya Ticarət
Təşkilatına (DTT) üzv olması üzrə
işçi qrupunun 7-ci iclası keçirilmişdir.
İclasda Azərbaycanın
Xarici İşlər, İqtisadi İnkişaf, Ədliyyə,
Sənaye və Energetika, Maliyyə, Vergilər və Kənd Təsərrüfatı
nazirliklərinin, o cümlədən Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri
Dövlət Komitəsi və Müəllif Hüquqları
Agentliyinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan nümayəndə
heyətinin rəhbəri, xarici işlər nazirinin müavini
Mahmud Məmmədquliyev iclasda Azərbaycan hökumətinin
davamlı sosial-iqtisadi inkişafa, ölkə
iqtisadiyyatının şaxələndirilməsinə və
qeyri-neft sektorunun inkişafı məsələlərinə
mühüm əhəmiyyət verdiyini bildirmiş, bu istiqamətdə
son dövrdə görülən işlərdən
danışmışdır.
M.Məmmədquliyev Azərbaycanın
milli iqtisadi maraqlarını özündə təsbit edən
mallar və xidmətlər üzrə təkmilləşdirilmiş
təkliflər və digər sənədlər
hazırlanaraq DTT katibliyinə və müvafiq ölkələrə
təqdim olunduğunu, növbəti ikitərəfli
danışıqların aparıldığını
söyləmişdir. Bundan əlavə, Azərbaycanın
milli qanunvericiliyinin DTT-nin sazişlərinə
uyğunlaşdırılması sahəsində ölkədə
son altı ayda görülmüş və gələcəkdə
görüləcək işlərlə bağlı üzv
ölkələrə məlumat verilmişdir.
İclasda iştirak edən
bir sıra ölkələrin nümayəndələri -
Afrika qrupu adından Misir, açıq dənizə
çıxışı olmayan ölkələr adından
Paraqvay, habelə Türkiyə, Çin, Braziliya, Pakistan,
İordaniya təmsilçiləri çıxış edərək
Azərbaycanın əlverişli şərtlərlə DTT-yə
üzvlüyünü dəstəkləmiş, ölkəmiz
tərəfindən bu istiqamətdə həyata
keçirilmiş tədbirləri və onların nəticələrini
müsbət qiymətləndirmişlər. Həmçinin
ABŞ, Avropa Komissiyası, Kanada, Avstraliya, Koreya Respublikası
və digər ölkələrin nümayənədələri
Azərbaycanın DTT-yə üzvlüyünü prinsip
etibarilə dəstəkləmişlər.
İclas çərçivəsində
üzv ölkələr tərəfindən verilən əlavə
suallar cavablandırılmış və tədbirin yekununda Azərbaycanın
xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr
tərəfindən 2009-cu il sentyabrın 14-dək təqdim
olunması, işçi qrupunun növbəti iclasının
cari ilin sonunda və yaxud 2010-cu ilin ilk rübündə
keçirilməsinə dair qərar qəbul edilmişdir.
Həmçinin cari il
iyulun 21-22-də Azərbaycan bazarına girməkdə
marağı olan mallar və xidmətlər üzrə
müvafiq sorğu təqdim etmiş ABŞ və Avropa
Komissiyası ilə ikitərəfli danışıqlar
aparılmışdır.
Cari il iyulun 23-də isə
ABŞ, Kanada, Avstraliya, Avropa Komissiyası, Türkiyə və
digər ölkələrin iştirakı ilə kənd təsərrüfatına
daxili dəstək məsələləri üzrə
aparılmış çoxtərəfli danışıqlar
zamanı Azərbaycan tərəfindən təqdim olunmuş
təkmilləşdirilmiş ACC/4 cədvəli, kənd təsərrüfatına
daxili dəstəyin səviyyəsi və həcmi müzakirə
olunmuşdur.
Səfər çərçivəsində
M.Məmmədquliyev DTT, Dünya Bankı və BMT-nin Ticarət
və İnkişaf üzrə Konfransının (UNCTAD)
yüksək vəzifəli rəsmiləri və mütəxəssisləri
ilə Azərbaycanın DTT-yə üzv olması ilə
bağlı müzakirələr aparmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 28 iyul.- S. 1.