Şamaxıda dinamik inkişaf davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqlərindən irəli gələn vəzifələr Şamaxı rayonunda keçirilən müşavirədə geniş müzakirə olunmuşdur.
Müşavirədə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində respublikamız dinamik inkişaf edir, iqtisadiyyatımız daha da möhkəmlənir. Bu gün bütün dünyanın əksər ölkələrini iqtisadi böhran bürüsə də, onun təsiri ölkəmizdə minimum dərəcədə hiss olunur.
Qeyd edilmişdir ki, qazanılmış uğurlarda Şamaxı rayonunun da payı vardır. Belə ki, cari ilin 6 ayı ərzində rayonda ümumi daxili məhsulun həcmi 38 milyon 751 min manata çatdırılmışdır ki, bu da əvvəlki dövrlə müqayisədə xeyli çoxdur. Ötən ilin birinci yarısına nisbətən 1 milyon 247 min manatlıq çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Poçt və rabitə xidmətlərinin, pərakəndə əmtəə dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin həcmi də artmışdır. Taxılçılığa göstərilən dövlət qayğısı nəticəsində 22357 hektarda əkin aparılmış və sahələrdə əsasən bol məhsul yetişdirilmişdir. İndiyədək 20 min hektar sahənin taxılı biçilmiş və 41 min 600 ton məhsul istehsal edilmişdir. Əvvəlki illə müqayisədə 4371 hektar çox taxıl əkilmiş, 4300 tondan çox məhsul əldə edilmişdir. Təbii ki, biçilməmiş zəmilərin taxılının yığılması ilə əlaqədar qarşıdakı həftələrdə məhsul istehsalı daha da artacaqdır. Ümumiyyətlə, cari ildə 46500 ton taxıl istehsalı proqnozlaşdırılır. Bu, əvvəlki illə müqayisədə 9300 ton və ya 20 faiz çoxdur. Bu ilin məhsulu üçün ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2009-cu ilin birinci yarısında rayon üzrə 10578 nəfər taxıl istehsalçısına 1 milyon 266 min manat yardım verilmişdir. Kənd təsərrüfatının digər perspektivli sahəsi olan üzümçülükdə də müəyyən işlər görülmüşdür. Bu ilin 6 ayında 231 hektar yeni üzüm bağı əkilmiş, mövcud üzümlüklərə aqrotexniki qulluq göstərilmişdir. Hazırda əkilmiş üzüm bağlarında 1920 nəfər şamaxılı çalışır ki, onların da orta aylıq əməkhaqqısı 200 manat təşkil edir. Hesabat dövründə mal-qaranın, davarın, quşların baş sayı artmış, heyvandarlıq məhsulları istehsalı çoxalmışdır. Belə ki, 1499 ton ət, 9974 ton süd, 3,9 milyon ədəd yumurta və 305 ton yun istehsal olunmuşdur.
Bu ilin altı ayında rayonda təhsil sahəsində də nəzərəçarpacaq işlər görülmüş, ümumtəhsil məktəblərinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Hazırda şəhər 3 saylı məktəb üçün 640 yerlik bina, şəhər 2 saylı orta məktəbdə 600 yerlik 30 sinif otağı, şəhər 1 saylı məktəbdə 300 yerlik 15 sinif otağı tikilir, habelə həmin təhsil ocağının mövcud binası və idman zalı əsaslı təmir olunur. Əngəxaran kənd məktəbi üçün 160 yerlik, Dədəgünəş kənd məktəbi üçün 80 yerlik binaların tikintisi sürətlə davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının əsaslı təmir olunaraq istifadəyə verilməsi nəticəsində ötən altı ay ərzində əhaliyə göstərilən tibbi xidmət getdikcə yaxşılaşdırılmaqdadır. Hazırda əsaslı təmir olunan poliklinika binası və yeni inşa olunan yoluxucu xəstəliklər şöbəsi sentyabr-oktyabr aylarında əhalinin istifadəsinə veriləcək və müasir tibb avadanlıqları ilə təchiz olunacaqdır. Şamaxı səhiyyəsinin inkişafında önəmli rol oynayacaq Müalicə-Diaqnostika Mərkəzində tikinti işləri başa çatmaq üzrədir.
2009-cu ilin 6 ayında rayonda tikinti-quruculuq və abadlıq işləri də sürətlə davam etdirilmişdir. Uzun illər idi ki, şəhərin içməli su ilə təminatı, kanalizasiya sisteminin olmaması ciddi narahatçılıq doğururdu. Artıq ölkə Prezidentinin tapşırığı ilə bu problemin həllinə start verilmişdir. Hazırda bununla əlaqədar Dünya Bankı tərəfindən Şamaxının su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi işlənilməklə icrasına bu ilin axırlarında başlanılması nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər
nəticəsində əhalinin
elektrik enerjisi və təbii qaz ilə təchizatı
əsaslı yaxşılaşdırılmış,
enerji daşıyıcılarının
dəyərinin ödənilməsində
qayda yaradılmışdır.
Müşavirədə əldə olunmuş
nailiyyətlərlə yanaşı,
həllini gözləyən
problemlərə və
onların aradan qaldırılması yollarına
geniş diqqət yetirilmiş, rayonun sosial-iqtisadi inkişafının
daha da sürətləndirilməsi
ilə əlaqədar
qarşıda duran yeni vəzifələr müəyyənləşdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyul.- S.3.