Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin Baş İdarəsində xidmətin
2009-cu ilin birinci yarısındakı fəaliyyətinin
yekunlarına həsr olunmuş əməliyyat şurası
keçirilmişdir. Şurada Penitensiar Xidmətin rəhbərliyi
və tabelikdə olan qurumların rəisləri iştirak
etmişlər.
Xidmətin ictimaiyyətlə
əlaqələr şöbəsindən bildirmişlər
ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi,
ədliyyə general-mayoru Nazim Ələkbərov
şuranı açaraq, xidmətin 2009-cu ilin birinci
yarısındakı fəaliyyətindən
danışmış və demişdir ki, məhkumların
saxlanma şəraitinin yaxşılaşdırılması,
müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar
müəssisələrin inşası, penitensiar sistemdə
qanunçuluğun təmin edilməsi, nizam-intizamın
möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə
nəzarətin gücləndirilməsi, habelə
nöqsanların aradan qaldırılması ilə
bağlı müsbət nəticələr əldə
olunmuşdur.
Qeyd olunmuşdur ki, bu il
martın 18-də keçirilmiş mühüm dövlət
tədbiri - Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi ilə bağlı
ümumxalq səsverməsi (referendum) penitensiar müəssisələrdə
mütəşəkkil şəkildə və heç bir
pozuntuya yol verilmədən keçirilmiş, təqsirləndirilən
şəxslər və məhkumlar tədbirdə fəal
iştirak etmiş, Əsas Qanuna əlavə və dəyişikliklərin
lehinə 97,3 faiz seçici məhkum səs vermişdir.
Azərbaycan Prezidentinin
2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına
dair 2009-2013-cü illər üçün Dövlət
Proqramı"nda Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə,
cəzaçəkmə müəssisələrinin
müasirləşdirilməsinə, həbs olunmuş və məhkum
edilmiş şəxslərin saxlanma şəraitinin
yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin
icrasına başlanılmışdır.
Yeni Bakı istintaq təcridxanasının
birinci buraxılış obyektlərinin inşası başa
çatmış və müəssisə istismara
verilmişdir. Məhbuslarla rəftara həsr olunmuş beynəlxalq
normalar və qabaqcıl təcrübə nəzərə
alınmaqla inşa edilmiş bu yeni müəssisəyə
baxış keçirmiş beynəlxalq təşkilatların
nümayəndələri, hüquq müdafiəçiləri
təqsirləndirilən şəxslər və işçi
heyəti üçün yaradılmış şəraiti
yüksək qiymətləndirmişlər.
Hesabat dövründə
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Milli Məclisin qəbul etdiyi "Novruz bayramı münasibətilə
Amnistiya elan edilməsi haqqında" 2009-cu il 17 mart tarixli qərarı
bütün tabe qurumlarda müəyyən olunmuş müddətdə
və uğurla başa çatdırılmışdır. Eyni
zamanda, Azərbaycan Prezidentinin 2006-cı il 7 iyun tarixli fərmanına
və Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli qərarına
əsasən cari il aprelin 13-dən 22-dək əhalinin
növbəti siyahıya alınması tədbiri çərçivəsində
məhkumların siyahıya alınması keçirilmiş və
müvafiq sənədlər müəyyən olunmuş vaxtda
Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.
Vurğulanmışdır
ki, Penitensiar Xidmətlə respublikanın hüquq-mühafizə
orqanları arasında səmərəli əməkdaşlıq
nəticəsində cinayətkarlıqla mübarizə sahəsində
müsbət nəticələr əldə olunmuş, əvvəllər
bağlı qalmış və cəmiyyətdə əks-səda
doğurmuş çoxsaylı cinayətlərin üstü
açılmış, birgə keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayətkarlar yaxalanaraq
məsuliyyətə cəlb edilmişlər.
Bununla yanaşı,
şurada hesabat dövründə bir sıra penitensiar müəssisələrin
fəaliyyətində nöqsanlara yol verildiyi qeyd olunmuş,
onların aradan qaldırılmasına dair konkret tapşırıqlar
verilmişdir. Xidməti vəzifələrinin icrası
zamanı nöqsanlara yol verdiklərinə görə
Penitensiar Xidmətin 6 və 12 saylı cəzaçəkmə
müəssislərinin rəhbərliyi, bir sıra əməkdaşları
ciddi intizam məsuliyyətinə cəlb edilmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyul.- S. 3.