Laçın Rayon İcra Hakimiyyətində
cari ilin altı ayının yekunları müzakirə
edilmişdir
Ağcabədi
rayonundakı Taxtakörpü ərazisində yerləşən
Laçın Rayon İcra Hakimiyyətində Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin
birinci yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında dövlətimizin
başçısının nitqindən irəli gələn
vəzifələrə həsr olunmuş yığıncaq
keçirilmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Ramiz Cəbrayılov hesabat məruzəsində
bildirmişdir ki, ötən dövr ərzində
Taxtakörpü qəsəbəsində tikinti-abadlıq tədbirləri
davam etdirilmiş, laçınlı məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində xeyli
iş görülmüşdür. Qəsəbədəki Heydər Əliyev
parkı genişləndirilmiş, əlavə olaraq 3 minədək
ağac və kollar əkilmişdir. Dövlət Sosial
Müdafiə Fondunun rayon şöbəsi, əhalinin sosial
müdafiəsi və məşğulluq mərkəzləri
üçün inzibati binaların tikintisi davam
etdirilmişdir.
Sahibkarlığın
inkişafı üçün yaradılmış şəraitin
nəticəsi olaraq Taxtakörpü qəsəbəsində
qənnadı, çörəkbişirmə, dülgər
sexləri, ticarət və iaşə müəssisələri
üçün binaların tikintisi davam etdirilir.
Hesabat dövründə
Taxtakörpüdə və respublikanın digər ərazilərində
məskunlaşmış laçınlı məcburi
köçkünlərin elektrik enerjisi ilə bağlı
problemlərinin həlli məqsədilə 3 ədəd
transformator quraşdırılmış, 6 kilometr
uzunluğunda elektrik xətti yenisi ilə əvəz
edilmiş, 26 ədəd müxtəlif gücə malik
transformator, 19 kilometr elektrik hava xəttində əsaslı və
cari təmir işləri aparılmış, 28 dayaq yenisi ilə
əvəz olunmuşdur.
Taxtakörpü ərazisində
əhalinin içməli su təminatını
yaxşılaşdırmaq məqsədilə 650 metr su xətlərində
təmir işləri aparılmış, daxili su xəttinin
460 metri yenisi ilə əvəz olunmuşdur.
Məruzədə
bildirilmişdir ki, 2008-ci ildə 2009-cu ilin məhsulu
üçün 3026 hektar sahədə payızlıq əkin
aparılmış, 9532,6 ton məhsul əldə
olunmuşdur. Bu, ötən
ilin müvafiq dövrünə nisbətən 405 ton
çoxdur.
Məruzə ətrafında
çıxış edənlər cari ilin ilk yarısında
görülmüş işlərdən və qarşıda
duran vəzifələrdən danışmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyul.- S. 3.