Azərbaycan Prezidenti İlham Əliyev Bakının Fəvvarələr meydanında yenidənqurma Nizami küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olmuşdur

 

Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin 80-ci illərinin ortalarında istifadəyə verilən Fəvvarələr meydanı uzun illər Bakının rəmzlərindən biri olmuşdur. Lakin xeyli müddət təmir-bərpa işlərinin görülməməsi burada yenidənqurma tədbirlərinin başlanması zərurətini yaratmışdı. Bir neçə ay bundan əvvəl başlanan yenidənqurma işləri indi sürətlə davam etdirilir. Paytaxtın mərkəzindəki bu meydanda əsaslı təmir işləri ən yüksək səviyyədə görülür, ərazi tamamilə yenidən qurulur.

Prezident İlham Əliyevin Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən Fəvvarələr meydanı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcəkdir. Müasir tələblər səviyyəsində qurulacaq və paytaxtın bu hissəsinin görkəminə yaraşıq verəcək meydanda aparılan yenidənqurma işləri zamanı orijinal görkəm saxlanılmaqla, ümumi ansambla özəl elementlər və formalar da əlavə ediləcək, yaşıllıq sahələrinə xüsusi diqqət yetiriləcək, dekorativ bitkilər əkiləcək, yeni oturacaqlar qoyulacaq, işıqlandırma sistemi quraşdırılacaqdır.

Dövlətimizin başçısı Fəvvarələr meydanında yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıqlarını verdi.

Prezident İlham Əliyev daha sonra paytaxtın Nizami küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə də maraqlanmışdır.

Avropa və Şərq memarlığının sintezi əsasında tikilmiş bu nadir binalar Bakının təkrarsız görkəmə malik müasir şəhərə çevrilməsində mühüm rol oynamışdır. Lakin tarixi-memarlıq abidələrinin bəzi hallarda lazımınca qorunmaması, onlardan bir çoxunun baxımsızlıq üzündən yararsız hala düşməsi çoxəsrlik memarlıq irsi ənənələrinə ciddi xələl gətirirdi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası qorunması haqqında" 2006- il 18 avqust tarixli sərəncamı isə bu sahədə əsaslı dönüş yaratmışdır. Sərəncamla Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək ölkəmizə gələn çoxlu qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Hətta paytaxtdakı tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı Dövlət Proqramının layihəsi hazırlanmışdır.

Ərazi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, paytaxtın mərkəzindəki bu qədim binalarda aparılan təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Binaların orijinallığının qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.

Dövlətimizin başçısı gələcəkdə də tarixi abidələrin qorunması ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyul.- S. 1.