Təbiətin vurduğu ziyanın nəticələri aradan qaldırılır

 

İyulun 28-də Daşkəsən rayonunda dolu ilə müşahidə olunan güclü leysan yağışı nəticəsində yollara, elektrik, rabitə təsərrüfatlarına, sosial-obyektlərə, evlərə, əhalinin əkin-biçənək sahələrinə, xeyli ziyan dəymişdir.

Yağıntıdan ən çox ziyan çəkən Xoşbulaq, Zağalı, Mollahəsənli, Əhmədli, Qazaxyolçular, Qabaqtəpə kəndləri, Yuxarı Daşkəsən qəsəbəsidir.

İlkin məlumata görə, 2 transformator qəzalı vəziyyətə düşüb, 8 elektrik dayağı, 500 metr elektrik naqili, 130 hektar biçənək, 50 hektar kartof əkini sahəsi sıradan çıxmışdır.

İyulun 28-dən 29-na keçən gecə yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları Goranboy şəhərində, rayonun Aşağı Ağcakənd, Qızılhacılı qəsəbələrində, Meşəli, Zeyvə, Qarqucaq, Hacallı, Səfibəyli, Səfikürd, Tatarlı, Şəfəq, Qaraçinar, Balakürd, Yenikənd, Qaxtut kəndlərində fərdi yaşayış evlərinə, təsərrüfatlara, əkin sahələrinə, habelə sosial inzibati obyektlərə, körpülərə, yollara, suvarma kanal və arxlarına ciddi ziyan vurmuş, əksər yaşayış məntəqələrində subartezian quyularının transformatorlarını, elektrik xətlərini sıradan çıxarmışdır.

Ötən ayın 14-də baş verən təbii fəlakətin nəticələri tam aradan qaldırılmamış iyulun 28-də yenidən Gədəbəy rayonu təbii fəlakətlə üzləşdi.

Günün ikinci yarısında fasilələrlə yağan güclü yağış axşam saatlarında dolu ilə əvəz olundu. Güclü dolu nəticəsində Çalburun kəndində iki keçid sel suları tərəfindən tamamilə yuyulub sıradan çıxmışdır. Şəhərin mərkəzindəki körpü-keçid isə qəzalı vəziyyətə düşmüşdür. Çalburun kənd sakini Alıyev Səməndər Alı oğlunun 12 baş davarını sel suları aparmışdır.

Rayonun Düzyurd, Şınıx və Çay Rəsullu kəndlərində də vətəndaşların fərdi təsərrüfatlarına ciddi ziyan dəymişdir. Kəndarası yollar tamamilə bərbad hala düşmüşdür. Hazırda dəymiş ziyan müəyyənləşdirilir və gediş-gəliş kəsilən yollarda bərpa işləri aparılır.

Hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün operativ briqadalar yaradılaraq daxili imkanlar hesabına bərpa işləri görülür.

 

 

Ə.İSAYEV

 

Azərbaycan.- 2009.- 30 iyul.- S. 6.