Şair,
nasir, publisist, radio-tele jurnalist Gəray Fəzli dünyaya
payızda göz açsa da, ad gününü baharda qeyd edərdi.
Səbəbi aydın idi. Gəray
Fəzli 1941-1945-ci illərin bəşər tarixinin ən dəhşətli
müharibəsinin iştirakçısı olmuş və bu
savaşda dəfələrlə yaralansa da, salamat
qalmışdı. Elə bu münasibətlə də qohum-əqrəbası,
yaxınları, qələm dostları hər il mayın 9-da
onun yanında olur, dünyaya yenidən gəlməsini bayram
edirdilər.
...Gəray Fəzli Azərbaycanın
dilbər güşələrindən olan Qax rayonunda
boya-başa çatmışdı. Orta məktəbin sonuncu sinfində
oxuyarkən dava başlayanda onun 17 yaşının
tamamına bir neçə ay qalırdı. Gəncliyin
romantik dünyası onu həddən artıq
duyğulandırdığından müqəddəs yalan deməyə
qərar vermişdi. O, rayonun hərbi komissarına
yazdığı ərizədə yaşını bir il
çoxaltmış və könüllü olaraq əsgərliyə
getmək istədiyini bildirmişdi. Beləliklə də hələ
gözaltı elədiyi laləyanaqlı bir qıza "sevirəm"
kəlməsini deməyə macal tapmamış Gəray
anası Nazlı xanımın xeyir-duası ilə birbaşa
cəbhəyə gedir. O, hərbi sirlərə də,
snayperlik bacarığına da düşmənlə
üz-üzə, səngərlərdə yiyələnir. Dəfələrlə
düşmən gülləsinə tuş gəlir. Müalicə
üçün arxa cəbhəyə göndərilir.
Yaraları sağalmamış yenidən döyüş
meydanına qayıdır. Nəhayət, müharibənin
sonuna yaxın sağ qolundan və boğazından ağır
yaralanır. Beləliklə, məktəb illərində məlahətli
səsi ilə ürəkləri fəth edən gəncin təkcə
bədəni yox, səsi də gülləbaran edilir.
Gərayın bədənində
salamat yer qalmadığından müharibə sona yetməmiş
yarımcan halda ordudan buraxılır. O, anasının vəfat etdiyini,
bacısının yadların himayəsində olduğunu
görəndə düşmən qəlpələrinin
sızıltılarını unudur və sanki cəbhədən
cəbhəyə düşür. Bu "cəbhədən"
də qalib çıxmaq üçün özünü səfərbər
edir.
Yaralı əsgər
toparlanmağa özündə güc tapdı. Həyatda yeganə doğması
olan bacısını özgə himayəsindən
"azad" etdi. Orta təhsilini başa vuraraq Azərbaycan
Pedaqoji İnstitutuna (indiki N.Tusi adına Universitet) daxil oldu.
Oranı bitirib Qax rayonuna təyinat aldı. Rayonun
Güllük orta məktəbində əvvəlcə dil-ədəbiyyat
müəllimi işlədi. Bir qədər sonra həmin təhsil
ocağına direktor təyin edildi. Soy adı Alimov olan kənd
müəllimi atası Fəzli kişinin adını
özünə təxəllüs götürdü. Elə həmin
illərdə respublika mətbuatında dərc olunan Gəray
Fəzli imzalı şeirləri oxucular tərəfindən rəğbətlə
qarşılandı, ədəbi ictimaiyyətin diqqətini
çəkdi. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı
cəbhəçi-şairin "Mənim səsim"
şeirlər kitabını çap etdi. Çox keçmədi
ki, sözügedən kitabdakı "Mənim səsim"
şeiri şairin ömür payının ən
ağrılı məqamları haqqında ballada kimi dillərə
düşdü. Hətta sonralar xalq şairimiz Nəriman Həsənzadə
Gəray Fəzli haqqında "İtirilmiş səs"
adlı poema da yazdı...
...Gərayın
boğazını güllə dəlib keçəndə ona
elə gəldi ki, düşmən bədənini yox, nəğmələrini
hədəfə alıb. Hələ uşaqlıqdan onun ən böyük arzusu
müğənni olmaq idi. Lakin cəbhəçi-şairin
müharibədən sonra yaşadığı illər
göstərdi ki, insanın səsi, bədəni yaralansa da,
onun könül nəğmələri bu və ya başqa
şəkildə üzə çıxmalıdır. Bəli,
Gəray Fəzli zəngin iç dünyasından gələn
şeirlərini, əsərlərini kürsülərdən
ürəyi istədiyi kimi oxuya bilməsə də, onun
sözlərinə yazılmış mahnıları Rübabə
Muradova, Şövkət Ələkbərova, Zeynəb
Xanlarova, Yalçın Rzazadə kimi korifeylər,
Hüseynağa Hadıyev, Təranə Vəlizadə və
başqa tanınmış sənətkarlar oxudular. Gəray hələ
kənd həyatı yaşadığı illərdə nəğməkar
şair kimi tanındı. Xalq artisti Zeynəb Xanlarovanın
ifasında səslənən bu misralar indi də sevən gənclərin
qəlbini titrədir:
Baxıram arxanca hey
gizli-gizli
Sən qəlbi kövrəksən,
mən qəlbi sözlü
Sən ismi-pünhansan,
mən Gəray Fəzli
Mən səni sevmişəm
səndən xəbərsiz
Yaxından xəbərsiz,
gendən xəbərsiz.
Sünbül
saçlarında əlim dolaşdı
Ayın yaman gəldi,
ilim dolaşdı
Söz deyə bilmədim,
dilim dolaşdı
Mən səni sevmişəm
səndən xəbərsiz
Oraqdan xəbərsiz,
çindən xəbərsiz
Həmin illərdə Gəray
Fəzli nasir kimi də özünü sınadı. "İldırımlı
dağlar" adlı kəskin süjetli romanı onun bu sahədə
ilk uğuru oldu. Bundan sonra taleyin hökmü ilə Gərayın
şəhər həyatı başladı. Onu ötən əsrin
50-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə
işə dəvət etdilər. O, burada nə az, nə
çox 40 ilə yaxın, yəni ömrünün sonuna kimi
müxtəlif vəzifələrdə işlədi. Bacarıqlı
redaktor kimi tanındı. Sözügedən komitədə
işlədiyi illər ərzində neçə-neçə
telejurnalistin himayədarı oldu, onların püxtələşməsi
üçün əlindən gələni əsirgəmədi.
Bunun nəticəsi olaraq komitədə Gəraya artıq ustad
deyə müraciət edirdilər.
Gəray Fəzli Radio və
Televiziya Verilişləri Komitəsində gərgin iş
qrafiki ilə yüklənməsinə, hər gün
iki-üç verilişin efirə, yaxud teleekrana
çıxmasına imza atmasına baxmayaraq, yeni-yeni bədii əsərlər
ortaya qoymağa da vaxt tapırdı. "Mənim səsim" kitabından
sonra "Yeni ünvan" və "Səadətin
ünvanı" şeirlər toplularını çap
etdirdi, "İldırımlı dağlar" romanından
sonra 4 nəsr əsərinin ("Yeddi ulduzlu səma",
"Gecə günəşi", "Kəhrəba
işığında" və "Bir qəlbin
asimanı") müəllifi oldu, "portret cizgiləri"
seriyasından sənədli povestlər, oçerklər
yazdı. Deyilənlərlə yanaşı, cəbhəçi-yazıçı
cəmiyyətdə gündəlik baş verən proseslərə
biganə qala bilmirdi, günün ən aktual problemlərinə
dair dövrü mətbuatda publisist məqalələri ilə
çıxış edirdi.
Gəray Fəzlini
yaxından tanıyanlar yaxşı bilirlər ki, o, təmənnasız
bir ömür yaşamışdır. Onun yeganə güvənc yeri şikəst
barmaqlarını döyənək edən qələmi idi.
O, gözü tox adam idi. Həyatında baş verən
irili-xırdalı problemləri təmkinlə həll etməyə
çalışırdı. Ailəsi ilə kirayədə
yaşayanda da, sonralar heç bir kommunal şəraiti olmayan
ikiotaqlı mənzildə ayları, illəri yola salanda da,
Hökumət evinin qənşərindəki 16 mərtəbəli
binada rahat mənzilə köçəndə də eyni təbdə
idi. Başqa sözlə, həyatın hər
üzünü görən cəbhəçi-yazıçı
İlahinin ona verdiyi ömür payının bütün məqamlarında
ləyaqətini qoruyub saxlamağı bacaran, müvazinətini
itirməyən şəxsiyyət idi. Yaxşı
yadımdadır, Yazıçılar Birliyində növbəti
mənzil bölgüsündə Gəray Fəzli
"yaddan" çıxmışdı. Cəbhəçi-yazıçı
bunu adi hal kimi qəbul edərək zarafatyana demişdi ki,
görünür, bu dəfə də kimsəlilərin
"bəxti" gətirdi. Vaxt gələr, biz kimsəsizlərə
də kömək əlini uzadan tapılar. Bu söhbətdən
bir neçə gün sonra Gəraya sözügedən binada
mənzil verilir və məlum olur ki, bu işi
yazıçını incidən məmurlar kimsəsizlər
kimsəsizi ulu öndər Heydər Əliyevin şəxsi
göstərişindən sonra icra ediblər. Sən demə,
bu xeyirxah işdə xalq şairi Bəxtiyar Vahabzadənin Gəray
Fəzlinin kimliyi, sosial vəziyyəti barədə
respublikanın rəhbərinə "məlumatı" əhəmiyyətli
rol oynayıb. Gəray isə o vaxtlar yazırdı:
İstər al qumaşa
tutalar məni
İstər yanar oda
atalar məni
Səsləyə dənizlər,
adalar məni
Sənsən son mənzilim,
axır ünvanım
Azərbaycanım.
Yeri gəlmişkən,
xalqımızın xilaskar oğlu ümummilli lider Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi illərdə həyatımızın
bütün sahələrinin, o cümlədən ədəbiyyatımızın
inkişafında misilsiz uğurlar qazanılması
üçün münbit şərait, sağlam ab-hava
yaratdı. "Qoy ədalət
zəfər çalsın" devizi ilə ölkədə
haqqın, ədalətin təntənəsinə nail oldu.
Ələsgər CABBAROV
Azərbaycan.- 2009.- 30 iyul.- S. 6.