Dünya meridianlarında Azərbaycan bayrağı

 

İyulun 22-də Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyev ötən altı ayda əldə olunmuş uğurlu nəticələri geniş təhlil etmiş, qarşıda daha mühüm vəzifələrin durduğunu bildirmişdir.

Ölkə başçısı vurğulamışdır ki, perspektivdə bizi daha mühüm işlərin həyata keçirilməsi gözləyir. "Azərbaycan həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməlidir. Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur və qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq və əminəm ki, bu, beynəlxalq əlaqələrdə yeganə mümkün olan prinsipdir".

Azərbaycan Prezidentinin vurğuladığı bu önəmli məqam özünü bir sıra strukturlarda olduğu kimi, Dövlət Dəniz Administrasiyasının fəaliyyətində də açıq-aydın göstərir. Xatırladaq ki, 1995-ci ilin mayında Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının tərkibinə daxil olması haqqında qərar qəbul olunub. Hazırda 182 dövlət bu təşkilatın üzvüdür və ölkəmiz bugünədək 20-dən artıq müvafiq beynəlxalq konvensiya protokollarına qoşulub.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirir ki, Azərbaycan dənizlə bağlı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ümummilli lider Heydər Əliyev həmişə dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirirdi. Dəniz nəqliyyatına diqqət və qayğı bu gün ölkə başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Xəzər donanmasının tərkibindəki yük və sərnişin bərələri, ro-ro tipli gəmilər, quru yük gəmiləri, neft tankerləri, elmi-tədqiqat, qəza-xilasetmə, dalğıc gəmiləri, yedəklər, analoqu olmayan iri tonnajlı kran gəmiləri ölkəmizin qüdrətli dəniz dövləti kimi tanınmaq şansını qat-qat artırır.

1997-ci ildə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının dənizdə insan həyatının mühafizəsi, dənizdə gəmilərin toqquşmasının qarşısının alınması, dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında və digər konvensiyalara qoşulmuşdur. 2003-cü ildən ölkəmiz "Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında" Konvensiyanın və "Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Beynəlxalq Konvensiyanın üzvüdür. Bir il sonra ölkəmiz daha 12 konvensiya protokoluna qoşulub. 2006-cı il isə ölkəmizin dənizçilik tarixində daha üç beynəlxalq konvensiyanın qəbulu ilə əlamətdardır.

Son illər həyatımızın bütün sahələrində olduğu kimi, dəniz nəqliyyatında da bir sıra uğurlu layihələrin tətbiqi nəticəsində mühüm irəliləyişlər nəzərə çarpır. Qüdrət Qurbanov bildirir ki, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində tikiləcək yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı parametrlərinə görə məşhur Avropa dəniz limanlarından heç də geri qalmayacaq.

Dövlət Dəniz Administrasiyası Azərbaycanın dəniz gəmiçiliyi sahəsində siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətini gündən-günə genişləndirir. Bu qurumun struktur bölmələrində ilin ötən altı ayı ərzində işlərin həcmi daha da genişlənmişdir. İlin əvvəlindən 55 gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ, 8 gəmiyə mülkiyyət hüququ, 9 gəmiyə minimum heyət tərkibi haqqında, 39 gəmiyə neft və çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə verilmişdir. Altı müxtəlif təyinatlı gəmi Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış və onlara müvafiq şəhadətnamələr verilmişdir.

Dövlət Dəniz Administrasiyasının əməkdaşları tərəfindən Azərbaycanın Dövlət bayrağı altında üzən və Xəzər dənizində istismarda olan 80 gəmidə Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllənin (İSPS) tələblərinə əsasən ara yoxlamaları keçirilmiş və nəticələr müvafiq şəhadətnamədə qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Dövlət Dəniz Təşkilatının birgə təşkilatçılığı ilə 2009-cu il 13-17 aprel tarixlərində Bakıda ölkəmizin də qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq ballast sularının idarə edilməsinə dair beynəlxalq seminar keçirilmişdir. Bu tədbirdə Beynəlxalq Dəniz Təşkilatının ekspertləri ilə yanaşı, digər Xəzəryanı dövlətlərin - Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İran İslam Respublikasının da nümayəndələri iştirak etmişlər.

2009-cu ilin ötən müddəti Dövlət Dəniz Administrasiyasının fəaliyyətində bir sıra yaddaqalan hadisələrlə əlamətdar olmuşdur. Kollektivin bütün üzvləri əminliklə bildirirlər ki, Azərbaycan bayrağı altında üzən gəmilər dünya meridianlarında ölkəmizin şöhrətini daha da artıracaq, dənizçilərimiz sosial-iqtisadi inkişafımıza və dövlətimizin siyasi nüfuzunun artmasına mühüm töhfələr verəcəklər.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 30 iyul.- S. 3.