Bu fikir Zəngilan rayonu
fəallarının yığıncağında səslənmişdir.
Yığıncaqda Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında ölkə başçısının nitqindən
irəli gələn vəzifələr müzakirə
olunmuşdur.
Rayon icra hakimiyyətinin
başçısı Vəli Quliyev Prezident İlham Əliyevin
müdrik rəhbərliyi ilə bu ilin birinci yarısında
ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə
olunmuş nailiyyətləri faktlarla diqqətə
çatdırmış, bu müddət ərzində
rayondakı uğurlardan danışmışdır. Bildirmişdir ki,
görülmüş tədbirlər nəticəsində
ümumi məhsul buraxılışının həcmində
17 faiz, o cümlədən kənd təsərrüfatında
4 faiz artım qeydə alınmışdır. Mal-qaranın,
davarların, quşların baş sayı, eləcə də
süd və yumurta istehsalı xeyli artmışdır. Əvvəlki
illərdə olduğu kimi, kənd təsərrüfatı
işlərinə diqqət artırılmış, məcburi
köçkünlərin bu istiqamətdə sahibkarlıqla məşğul
olmasına şərait yaradılmışdır. Bu ilin məhsulu
üçün əvvəlki ildəkindən 66 hektar
çox - 229 hektarda əkin aparılmışdır. Hesabat
dövründə 68 yeni iş yeri açılmış və
Abşeron rayonu Fatmayı kənd bələdiyyəsinin ərazisində
Zəngilan rayonundan olan məcburi köçkün ailələri
üçün tikilmiş 31 evdən ibarət yeni qəsəbədə
sosial obyektlərin fəaliyyəti bərpa edilmişdir.
V.Quliyev bu ilin mayında istifadəyə verilmiş qəsəbənin
sakinləri - əvvəllər Sabunçu rayonunun
Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun yardımçı binalarında müvəqqəti
məskunlaşmış zəngilanlılar adından onlara
göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə dərin minnətdarlığını
bildirmişdir.
Məlumat verilmişdir
ki, sosial sahələrə diqqət artırılmış,
pensiya və müavinətlərin vaxtında ödənilməsi
təmin edilmiş, əhalinin aztəminatlı hissəsinin
müraciətləri əsasında 403 ailəyə
ünvanlı dövlət sosial yardımı təyin
edilmişdir. Aztəminatlı
387 ailəyə icra hakimiyyəti
başçısının xeyriyyə fondundan 10 min 916 manat
məbləğində birdəfəlik maddi yardım
edilmişdir.
Bu müddətdə
icra hakimiyyətinin başçısı tərəfindən
zəngilanlıların kütləvi məskunlaşma yerlərində
səyyar qəbulların keçirilməsinə diqqət
artırılmışdır. Şirvan şəhərində
və Sabirabad rayonu ərazisindəki yeni qəsəbədə
keçirilən səyyar qəbullarda qaldırılan bir
çox problemlər yerində həll edilmiş, digər
problemlər barədə aidiyyəti orqanlar
qarşısında məsələ
qaldırılmışdır.
Təhsil sahəsində
əldə olunmuş nailiyyətlərdən danışan Vəli
Quliyev məktəblilərin bilik dərəcələrinin
artırılması və fiziki tərbiyələrinin
formalaşması istiqamətində əhəmiyyətli tədbirlərin
həyata keçirildiyini söyləmişdir. Qeyd etmişdir ki, 18 nömrəli
orta məktəbin məzunu Ucal Ağammədov bu ilin test
imtahanlarından ən yüksək nəticə - 700 bal
toplamışdır.
Hesabat məruzəsi ətrafında
çıxış edənlər görülmüş
işlərdən və qarşıda duran vəzifələrdən
danışmışlar. Bildirilmişdir ki, əldə olunmuş uğurlarla
yanaşı, həllini gözləyən problemlər də
vardır.
Sonda yığıncaq
iştirakçıları adından Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyul.- S. 3.