"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin iclası keçirilmişdir

 

İcmanın sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov xatırlatmışdır ki, idarə heyətinin qurultaydan sonra keçirilmiş iclasında üzvlər arasında vəzifə bölgüsü aparılmış, onlara fəaliyyət sahələri ilə bağlı təkliflər vermək tapşırılmışdı. Artıq həmin təkliflər əlaqələndirmə şurasında ümumiləşdirilmiş və onların əsasında ilin sonunadək fəaliyyət planı tərtib edilmişdir.

Əlaqələndirmə şurasının sədri, Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev iclas iştirakçılarını fəaliyyət planı ilə tanış etmişdir. Plan müzakirə olunduqdan sonra təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

Sənəddə idarə heyətinin nəzdində ölkənin tanınmış ziyalılarından ibarət məşvərətçi qurumun yaradılması, ümumtəhsil məktəblərində Qarabağla bağlı inşa, rəsm və musiqi müsabiqələrinin, bilik yarışlarının, hərbi idman oyunlarının keçirilməsi, xarici dillərdə kitablar nəşr etdirilməsi, məqalələr yazılması, "dəyirmi masalar" təşkil edilməsi, icma üzvlərinin sosial problemlərinin müəyyənləşdirilməsi və həllinə dair tədbirlər planının hazırlanıb müvafiq dövlət qurumlarına təqdim edilməsi, xarici ölkələrin Azərbaycanda, Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş səfirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyəti ilə əlaqələrin gücləndirilməsi, erməni lobbisinin güclü olduğu ölkələrdə fəaliyyətin canlandırılması, BMT-nin və İslam Konfransı Təşkilatının əlaqədar qurumları ilə əməkdaşlığın yaradılması və s. məsələlər nəzərdə tutulmuşdur.

İctimai birliyin loqosunun tərtibi ilə bağlı Azərbaycan Rəssamlar İttifaqına müraciət etmək qərara alınmışdır.

İdarə heyətinin üzvlərinə qurumun mətbu orqanının - jurnalın təsis edilməsi və internet saytının yaradılması ilə bağlı təşkilati işləri sürətləndirmək tapşırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 iyul.- S. 3.