İyulun 21-24-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti
Moldova Respublikası Konstitusiyasının 15 illiyinə həsr
olunmuş beynəlxalq məhkəmə konfransında
iştirak etmişdir.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən bildirmişlər ki, Moldova
Prezidenti Vladimir Voroninin giriş nitqi ilə
açdığı konfransda konstitusiya ədalət
mühakiməsinin müasir cəmiyyətin inkişafında
rolu, vətəndaşların konstitusiya məhkəmələrinə
müraciətlərinə baxılması, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının
konstitusiya məhkəmə icraatında tətbiqi və digər
məhkəmə-hüquq məsələləri ilə
bağlı çıxışlar dinlənilmiş və
müzakirələr aparılmışdır.
Konfransda Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin
verilməsi vasitəsilə vətəndaşların
konstitusiya hüquqları və azadlıqlarının
müdafiəsi" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Forumun sonunda Moldova
Prezidenti V.Voronin xarici qonaqları Prezident sarayında qəbul
etmiş, Azərbaycan ilə Moldova arasında bütün sahələrdə,
o cümlədən məhkəmə-hüquq sahəsində
əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti Moldova Konstitusiya Məhkəməsinin
sədr və hakimləri ilə ikitərəfli
görüş keçirmiş, mövcud məhkəmə təcrübəsi
ilə bağlı fikir mübadiləsi
aparılmışdır. Tərəflər 2010-cu ilin fevral və
may aylarında müvafiq olaraq Kişinyov və Bakı şəhərlərində
nəzərdə tutulan Azərbaycan və Moldova Konstitusiya məhkəmələri
arasında hüquqi əməkdaşlıq haqqında protokol
və memorandumun imzalanmasına hazır olduqlarını ifadə
etmişlər.
Sədr Fərhad
Abdullayev, həmçinin Almaniya, Rusiya, Rumıniya, Ukrayna və
digər ölkələrin Konstitusiya məhkəmələrinin
sədr və hakimləri ilə görüşlər
keçirmiş, məhkəmə-hüquq sahəsində əməkdaşlığa
dair məsələləri müzakirə etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 28 iyul.- S. 2.