Azərbaycanda ilk dəfə
"Minimal invaziv cərrahiyyə" mövzusunda
beynəlxalq konqres keçirilir
Konqresdə ABŞ,
Rusiya, Belçika və Türkiyədən 50-yə yaxın
mütəxəssis, həmçinin 200-ə yaxın azərbaycanlı
alim və həkim iştirak edir.
Əvvəlcə konqres
iştirakçıları Fəxri xiyabana gələrək
ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla
anmış, məzarı önünə əklil
qoymuşlar.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
yad olunmuş, məzarı üzərinə gül dəstələri
düzülmüşdür.
İştirakçılar
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəman Vətən
övladlarının məzarlarını ziyarət etmiş,
"Əbədi məşəl" abidəsinin və şəhid
türk əsgəri memorialının önünə əklil
qoymuşlar.
Konqresin
açılış mərasimində MNX-nin endoskopik cərrahiyyə
və diaqnostika şöbəsinin müdiri, Türkiyə
Endoskopik və Laparoskopik Cərrahlar Dərnəyinin, Rusiya Cərrah-Qastroenteroloqlar
Cəmiyyətinin həqiqi üzvü Kənan Yusifzadə,
MNX-nin baş həkimi Həbib Yüzbaşıyev Azərbaycanda
səhiyyə sahəsinə göstərilən dövlət
qayğısından danışmışlar.
Bildirilmişdir ki, əhalinin
sağlamlığının qorunması, tibbi xidmətlərin
keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda
həyata keçirilən sosial-iqtisadi siyasətin
başlıca istiqamətlərindən biri kimi daim dövlətin
diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın
yüksək inkişafı səhiyyəyə də öz təsirini
göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində
əhalinin sağlamlığının qorunması istiqamətində
bir sıra mühüm işlər
görülmüşdür.
Türkiyə Endoskopik və
Laparoskopik Cərrahlar Dərnəyinin sədri Emin Ersoy tədbirin
əhəmiyyətindən danışaraq
vurğulamışdır ki, elmi materialların və praktik təcrübələrin
mübadiləsi həm azərbaycanlı, həm də xarici həkimlər
üçün çox faydalı olacaqdır.
Konqresdə az müdaxiləli
radiologiya metodları, mədə və diafraqma
yırtıqlarının endoskopik müalicə
üsulları, endoskopik üsulla yoğun bağırsaq, qara
ciyər, mədəaltı vəzi və dalaq cərrahiyyəsi,
dünyanın son texnologiyalarından olan robot cərrahiyyəsi,
çəki artımı - köklük və piylənməyə
qarşı endoskopik cərrahiyyənin tətbiqi, öd
yolları daşlarının endoskopik müalicəsi, ultrasəs
müayinə və müalicə metodları, süd vəzi
xəstəliklərinin endoskopik müalicə üsulları
və digər mövzularda məruzələr dinlənilmişdir.
Konqresə iyulun 29-da
yekun vurulacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 28 iyul.- S. 5.