Avropalı deputatlar Türkiyəni Azərbaycan iləarasında körpü adlandırdılar

 

Avropa Parlamentinin (AP) Xristian Demokrat Qrupunun ispaniyalı üzvü xanım Kristina Qutierrez-Kortinez bildirmişdir ki, Nabukko layihəsi üçün ən mühüm tranzit ölkə olan Türkiyə Avropa İttifaqı ilə enerji ehtiyatları zəngin olan Azərbaycan arasında körpü rolunu oynayacaqdır.

Türkiyənin bu layihədən böyük qazanc da əldə edəcəyini vurğulayan avropalı deputat demişdir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqlar.

AP-nin Liberal qrupunun üzvü, litvalı deputat Leonidas Donkis də Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında Türkiyənin əhəmiyyətindən bəhs edərək Azərbaycanı və Orta Asiya ölkələrini yaxın gələcəkdə Avropanın enerji bazarında mühüm amil kimi dəyərləndirmişdir.

Türkiyə Avropa üçün olduqca əhəmiyyətlidir və bu ölkənin Avropa İttifaqına üzv olması üçün səylər artırılmalıdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 28 iyul.- S. 3.