Maddə 1. Qanunun
məqsədi
Bu qanun hüquqi və
fiziki şəxslərin əvəzi ödənilməyən
ictimai faydalı fəaliyyəti sahəsində yaranan
münasibətləri tənzimləyir.
Maddə 2. Əsas anlayışlar
2.1. Könüllü fəaliyyət
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə
qadağan edilməyən, işlərin görülməsi və
ya xidmətlərin göstərilməsi ilə bağlı
ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
2.2. Könüllü -
öz iradəsi və sərbəst seçimi əsasında
əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti
şəxsən həyata keçirən Azərbaycan
Respublikasının vətəndaşı, əcnəbi və
ya vətəndaşlığı olmayan şəxsdir.
2.3. Könüllü fəaliyyətin
təşkilatçısı - könüllü fəaliyyətin
təşkilini və həyata keçirilməsini təmin edən
dövlət orqanları, dövlət büdcəsindən
maliyyələşən təşkilatlar, yerli
özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.
2.4. Əvəzi ödənilməyən
fəaliyyət - əməkhaqqı ödənilməyən
fəaliyyətdir.
Maddə 3. Könüllü fəaliyyətin istiqamətləri
3.0. Könüllü fəaliyyət
aşağıdakı istiqamətlər üzrə həyata
keçirilir:
3.0.1. əlillərə,
kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə,
qaçqınlara və məcburi köçkünlərə
kömək edilməsi;
3.0.2. insanpərvərliyin
və dözümlülüyün təbliği;
3.0.3.
istehlakçıların hüquqlarının qorunması;
3.0.4. hüquqi və mədəni
maarifləndirmə;
3.0.5. uşaq və gənclərin
təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
3.0.6. idmanın
inkişafı;
3.0.7. xəstəliklər
və epidemiyalar barədə məlumatlandırma;
3.0.8. sağlam həyat
tərzinin təbliği;
3.0.9. ətraf mühitin
mühafizəsi;
3.0.10. tarix və mədəniyyət
abidələrinin, mədəni və mənəvi irsin
qorunması;
3.0.11. silahlı
münaqişələr, təbii fəlakətlər, sənaye
qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və
digər fövqəladə halların nəticələrinin aradan
qaldırılmasına, o cümlədən fövqəladə
hallar nəticəsində zərər çəkmiş
şəxslərə yardım göstərilməsi;
3.0.12. cəzaçəkmə
müəssisələrindən azad edilən, narkotik
asılılığa düçar olan, məişət
zorakılığına məruz qalan şəxslərə
kömək edilməsi;
3.0.13. Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə zidd
olmayan digər fəaliyyət sahələri.
Maddə 4. Könüllü fəaliyyətin
iştirakçıları
4.1. Könüllü fəaliyyətin
iştirakçıları könüllü fəaliyyətin
təşkilatçılarından və könüllülərdən
ibarətdir.
4.2. Şəxs öz
iş yerində könüllü fəaliyyətlə məşğul
ola bilməz.
4.3.
Könüllünün işçi
çatışmazlığının
qarşısını almaq məqsədilə istifadəsinə
yol verilmir.
4.4. Kommersiya hüquqi
şəxslərində könüllü fəaliyyətin həyata
keçirilməsinə yol verilmir.
4.5. Könüllü fəaliyyətin
iştirakçıları arasında münasibətlər
Azərbaycan Respublikasının qanunvericiliyinə və
könüllü fəaliyyətin təşkilatçıları
tərəfindən cəlb edilmiş könüllülər
ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir.
4.6. Yetkinlik
yaşına çatmamış şəxslər valideynlərinin
və ya qanuni nümayəndələrinin
razılığı əsasında könüllü fəaliyyət
ilə məşğul ola bilərlər.
4.7. Yetkinlik
yaşına çatmamış şəxslər
könüllü fəaliyyəti həyata keçirərkən
yaşı 18-dən az olan işçilərin əməyindən
istifadəyə dair Azərbaycan Respublikasının əmək
qanunvericiliyində nəzərdə tutulmuş tələblərə
riayət olunmalıdır.
Maddə 5. Könüllü fəaliyyətin
təşkilatçılarının hüquqları
5.0. Könüllü fəaliyyətin
təşkilatçıları aşağıdakı
hüquqlara malikdir:
5.0.1. bu qanunla nəzərdə
tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin
həyata keçirilməsinə cəlb etmək;
5.0.2. bu qanunla müəyyənləşdirilmiş
qaydada və əsaslarla könüllülərlə
bağlanmış müqaviləyə xitam vermək;
5.0.3. könüllülərdən
müqavilədən irəli gələn öhdəliklərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb
etmək;
5.0.4.
görülmüş işlər haqqında
könüllülərdən məlumat və ya hesabat almaq;
5.0.5. könüllü
fəaliyyət həyata keçirilərkən
könüllü tərəfindən vurulmuş maddi
ziyanın ödənilməsi üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər
görmək.
Maddə 6. Könüllü fəaliyyətin
təşkilatçılarının vəzifələri
6.0. Könüllü fəaliyyətin
təşkilatçılarının vəzifələri
aşağıdakılardır:
6.0.1. könüllü
fəaliyyətin həyata keçirilməsinə cəlb
edilmiş şəxslərlə müqavilə bağlamaq;
6.0.2. könüllülərə
onların hüquq və vəzifələrini izah etmək,
onları təlimatlandırmaq;
6.0.3. könüllü
fəaliyyətin həyata keçirilməsi haqqında
informasiyanı açıqlamaq, könüllü fəaliyyətin
nəticələri barədə məlumat vermək;
6.0.4.
könüllünün tələbi ilə könüllü
fəaliyyət haqqında müvafiq arayışlar vermək;
6.0.5. könüllüləri
yerinə yetirəcəkləri işin həyat və
sağlamlıq üçün təhlükəli olması
barədə məlumatlandırmaq;
6.0.6.
könüllünün həyat və
sağlamlığını sığorta etmək;
6.0.7. könüllüləri
həyat və sağlamlıq üçün təhlükəli
işlərə göndərərkən onların texniki təhlükəsizliklə
bağlı müvafiq təlim keçmələrini təmin
etmək;
6.0.8. könüllü
fəaliyyətin təşkili üçün tələb
olunan hüquqi, təşkilati və texniki məsələləri
həll etmək;
6.0.9. könüllülərə
qarşı ayrı-seçkiliyə yol verməmək;
6.0.10. könüllü
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti
orqanına məlumat vermək.
Maddə 7. Könüllülərin
hüquqları
7.1. Könüllülərin
aşağıdakı hüquqları vardır:
7.1.1. müqaviləyə
uyğun olaraq həyat və sağlamlığının
mühafizəsini təmin edən əmək şəraitinin
yaradılmasını, zəruri hallarda isə əməyin
mühafizəsinin normaları və qaydaları haqqında təlim
keçirilməsini tələb etmək;
7.1.2. könüllü
fəaliyyətin şərtləri və xarakteri haqqında
informasiya əldə etmək;
7.1.3. könüllü
fəaliyyət haqqında informasiya yaymaq;
7.1.4. könüllü
fəaliyyətin təşkilatçılarından
görülən işlərin yeri, həcmi, xarakteri və
vaxtı göstərilməklə, könüllü fəaliyyət
haqqında yazılı arayış almaq;
7.1.5. könüllü
fəaliyyət könüllünün daimi
yaşadığı yaşayış məntəqəsinin
hüdudlarından kənarda həyata keçirildikdə
gündəlik xərclərin ödənilməsini
könüllü fəaliyyətin təşkilatçılarından
tələb etmək;
7.1.6. könüllü
fəaliyyəti həyata keçirərkən həyatına
və sağlamlığına dəymiş zərərin əvəzini
könüllü fəaliyyətin təşkilatçılarından
almaq;
7.1.7. sığorta
olunmaq;
7.1.8. öz əmlakından
istifadəyə görə kompensasiya almaq.
7.2. Şəxsin
könüllü fəaliyyətlə məşğul
olması ünvanlı dövlət sosial yardımının
alınmasına, habelə ona işsizlik müavinətinin
ödənilməsinin dayandırılmasına və ya xitam
verilməsinə səbəb olmur.
Maddə 8. Könüllülərin
vəzifələri
8.0.
Könüllünün əsas vəzifələri
aşağıdakılardır:
8.0.1. işlərin
görülməsi üçün cəlb edildikdə
könüllü fəaliyyətin təşkilatçıları
ilə müqavilə bağlamaq;
8.0.2. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin
mühafizəsi və təhlükəsizlik qaydalarına riayət
etmək;
8.0.3. fəaliyyət
göstərdiyi təşkilatın intizam qaydalarına riayət
etmək;
8.0.4. könüllü
fəaliyyət təşkilatçılarının tələbi
ilə könüllü fəaliyyət haqqında məlumat
və ya hesabat təqdim etmək;
8.0.5. könüllü
fəaliyyət haqqında müqavilənin şərtlərinə
və könüllü fəaliyyətin təşkilatçılarının
müqavilənin şərtlərinə uyğun göstərişlərinə
əməl etmək;
8.0.6. vurduğu maddi
ziyana görə məsuliyyət daşımaq;
8.0.7. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş konfidensial informasiyanı gizli saxlamaq.
Maddə 9. Könüllü fəaliyyət münasibətlərini
tənzimləyən müqavilə
9.1. Könüllü fəaliyyətin
iştirakçıları arasında münasibətlər tərəflər
arasında yazılı formada bağlanan müqavilə ilə
tənzimlənir.
9.2. Könüllü fəaliyyətin
təşkilatçıları tərəfindən cəlb
edilmiş könüllülərlə bağlanan müqavilədə
aşağıdakılar göstərilir:
9.2.1. müqavilə
bağlayan tərəflər haqqında məlumatlar;
9.2.2. tərəflərin
hüquq və vəzifələri;
9.2.3. görüləcək
işlər və göstəriləcək xidmətlər;
9.2.4. müqavilənin
müddəti;
9.2.5. tərəflərin
məsuliyyəti;
9.2.6. müqaviləyə
xitam verilməsi qaydası.
9.3. Könüllü fəaliyyətin
təşkilatçıları tərəfindən cəlb
edilmiş könüllülərlə bağlanan müqavilədə
bu qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər
də nəzərdə tutula bilər.
9.4. Könüllü tərəfindən
könüllü fəaliyyətin həyata keçirilməsi
ilə bağlı üçüncü şəxslərə
vurulmuş zərərin ödənilməsi qaydası
müqavilə ilə müəyyən olunur.
9.5. Müqavilədə
könüllünün hüquqlarını məhdudlaşdıran
müddəaların əks olunması yolverilməzdir.
9.6. Müqaviləyə
tərəflərin razılığı ilə vaxtından əvvəl
xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü
ilə müqaviləyə vaxtından əvvəl xitam
verildikdə qarşı tərəfə müqavilənin
xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir.
9.7. Müqavilə
üzrə öhdəliklərin yerinə yetirilməməsinə
dair əsaslar olduqda tərəflər müqaviləyə
xitam verə bilərlər.
9.8. Müqavilə
üzrə tərəflər arasında yaranan mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məhkəmə qaydasında həll edilir.
Maddə 10. Könüllü fəaliyyət
sahəsində beynəlxalq əlaqələr
10.1. Azərbaycan
Respublikasında könüllü fəaliyyətin təşkilatçıları
Azərbaycan Respublikasının ərazisində
könüllü fəaliyyəti həyata keçirmək
üçün xarici könüllüləri dəvət edə
bilərlər.
10.2. Beynəlxalq
könüllü fəaliyyətin təşkilatçıları,
habelə könüllü əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində
könüllü fəaliyyətlə yalnız Azərbaycan
Respublikasının könüllü fəaliyyət təşkilatçıları
ilə birgə məşğul ola bilərlər.
10.3. Azərbaycan
Respublikasında könüllü fəaliyyətin təşkilatçıları
və Azərbaycan Respublikasının vətəndaşları
xarici dövlətin ərazisində həmin dövlətin
qanunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət
ilə məşğul ola bilərlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 29 iyul.- S. 2.