Dünyanı bürümüş maliyyə böhranı Azərbaycan iqtisadiyyatının inkişafına təsir göstərməmişdir

 

Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsini yaşayır. Dövlət başçısı tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəricisinə görə dünyada lider dövlət statusunu qoruyub saxlaya bilib. Ölkənin sosial-iqtisadi tərəqqisi, demokratik inkişafın ardıcıl xarakter daşıması, cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin olunması aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanları digər əhəmiyyətli sahələrdə olduğu kimi, aqrar sektorda da yeni inkişaf mərhələsinin əsasını qoydu. Regionların inkişaf proqramının uğurlu icrası nəticəsində ölkənin kənd təsərrüfatı dinamik inkişaf etmiş, əhalinin sosial həyat səviyyəsi yüksəlmişdir. Bölgələrdə məşğulluğun təmin edilməsi sahəsində böyük işlər həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının vaxtından əvvəl yerinə yetirilməsi kənd əhalisinin maddi rifahı, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, dağ regionlarının inkişafına, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni iş yerlərinin açılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarmışdır.

Kənd təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirmək, istehsalçılara texniki xidməti daha da genişləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması aqrar sektorun inkişafına böyük töhfə oldu. "Aqrolizinq"in yaradılması kənd təsərrüfatının dinamik inkişafına müsbət təsir göstərdi. Fermerlər subsidiyalar almaqla əkin sahələrini daha da genişləndirərək məhsuldarlığın artımına nail oldular. Dövlət tərəfindən gübrələrin, toxumların alınaraq vaxtında fermerlərə çatdırılması bu sahəyə olan diqqət və qayğının təzahürüdür.

"Aqrolizinq"in yaradılması, subsidiyaların, kreditlərin verilməsi, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi nəticəsində kənd təsərrüfatında böyük inkişaf müşahidə olunmuşdur. 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları bir daha göstərdi ki, aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının uğurlu icrası böyük nəticələrə gətirib çıxarmışdır. Bu il taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən buğda istehsalının 2 milyon 200 min ton olacağı gözlənilir. Bu ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, 2008-ci ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir. Aqrar sahənin inkişafı ölkənin güclənməsinə, onun vətəndaşlarının rifah halının yüksəlməsinə xidmət edir.

Sosial-iqtisadi sahədə əldə edilən uğurlar aparılan iqtisadi siyasətin davamlı olmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafın sürətlənməsinə hesablanan II Dövlət Proqramının da təsdiq edilməsi qarşıdakı 5 ildə bölgələrimizin daha da inkişafına, yeni istehsal müəssisələrinin yaradılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və əhalinin məşğulluğunun təmin edilməsinə yönəlmişdir.

Dünyanın əksər ölkələrində ciddi maliyyə böhranının yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Dünyanı bürümüş maliyyə böhranının ölkəmizə ciddi təsir etməməsi Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər və uğurlu iqtisadi siyasət strategiyasının nəticəsində mümkün olmuşdur. Bu ilin birinci yarısında ümumi daxili məhsulun 3,6 faiz artması deyilənləri bir daha təsdiq edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2009-cu ildə inkişaf etmiş ölkələrdə ümümi daxili məhsul 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, MDB dövlətlərində məcmu olaraq 4 faiz azalacaqdır. Azərbaycan iqtisadiyyatında isə artım tempi müşahidə olunacaqdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdi: "Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. Çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən bizim iqtisadi imkanlarımız böyük dərəcədə genişləndirilmişdir. Biz də bu gözəl imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür.

Regionların inkişafında ümidverici meyillər davam edir. Baxmayaraq ki, son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə davam edir. Ötən altı ayda Azərbaycanda 35 min yeni yeri açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır".

Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açilmasına imkan vermişdir. İqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində sahibkarlığın güclənməsi üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən isgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdir. Kiçik və orta sahibkarlığın güzəstli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın inkişafına verdiyi dəstək də ildən-ilə artır. Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondundan bütövlükdə, bu il 130 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Dövlət başçısı cənab İlham Əliyev inhisarçılığı, sahibkarlara süni maneələrin yaradılması hallarının yolverilməz oldugunu dəfələrlə bəyan etmiş, bu cür neqativ təzahürlərin dərhal aradan qaldırılması üçün qətiyyətli addımlar atmışdır. Ötən dövr ərzində antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı, lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə qərarı da mühüm əhəmiyyət kəsb etmişdir. Şirkət yarandığı gündən ölkə iqtisadiyyatına investisiyaların təşviqinin təmin edilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atmışdır.

Bütövlükdə, cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları göstərdi ki, Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf yolundadır və əldə olunan nəticələr qarşıda daha böyük perspektivlərin açılacağını deməyə əsas verir. Cənubi Qafqazın lokomotiv dövləti olan Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri etibarlı tərəfdaş kimi qəbul edərək bütün sahələrdə ölkəmizlə əməkdaşlığa böyük maraq göstərirlər.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 29 iyul.- S. 1.